Rusiya Suriyanı belə azad etməyi düşünür... - TƏHLİL
8-02-2016, 20:44
Rusiya Türkiyə və İordaniya sərhədlərini nəzarətə götürməklə, Əsədin Suriya üzərindəki hərbi-siyasi legitimliyini təmin etmək, rəqiblərinin xariclə əlaqələrini qırmağa çalışır.
Yanvarın sonlarından başlayaraq Suriya ordusu ölkənin şimalında Türkiyə ilə və cənubda İordaniya ilə sərhəd bölgələrdə hücum əməliyyatları həyata keçirir. Xüsusən də ölkənin şimalında, Laziqiyyə bölgəsində ordu hissələri Rusiya hərbi aviasiyasının dəstəyi ilə sürətlə irəliləyir.
Suriyanın şimalı ordunun nəzarətinə keçir
Suriya ordusu Laziqiyyənin şimal-şərqində yerləşən strateji əhəmiyyətli Navara qəsəbəsini ötən həftə silahlı müxaliflərdən təmizləyib. Bu qəsəbə xüsusən də Laziqiyyə üçün önəmli bir məntəqə idi və 2012-ci ildən yerli silahlı müxaliflərin nəzarətində idi. Bundan başqa, irəliləyən ordu qüvvələri Hələb ətrafında yerləşən və 4 ilə yaxındır mühasirədə olan Zəhra və Nubul qəsəbələrini azad edib. Bununla da Hələbdəki müxalif qüvvələrin Türkiyə ilə olan quru yolu faktiki olaraq bağlanıb. Eyni zamanda, ordu qüvvələri Hələbin müxaliflərin əlində olan hissəsinə yönəlik əməliyyatları artırıb. Gözlənilir ki, yaxın zamanlarda Hələb tamamilə hökumət qüvvələrinin nəzarətinə keçsin. Bazar günü ordu qüvvələri Hələbdə İŞİD-ə məxsus komanda mərkəzini məhv edib.
Hazırda Suriya ordusunun hissələri Hələb və qərbdən Laziqiyyə bölgəsindən Suriya-Türkiyə sərhədlərinə doğru irəliləyir. Eyni zamanda Səudiyyə Ərəbistanı mediasının məlumatına görə, şərq tərəfdən kürdlərin YPG silahlı birləşmələri Hələbə doğru hücuma keçib. Artıq kürd qüvvələri Hələb ətrafında bir sıra bölgələri radikal islamçı qruplardan təmizləyərək nəzarətə götürüb. Gələn bilgilərə görə, Hələb ətrafında kürdlər və hökumət qüvvələri koordinasiyalı fəaliyyət göstərir.
Son məlumatlara görə, hazırda Suriya ordusu birlikləri Türkiyə sərhədlərinin 23 kilomterliyindədir. Ancaq ordu qüvvələri sürətlə irəlilədiyi üçün məsafə azalır. Son məlumatlarda ordunun sərhədin 20 kilometr məsafəsində yerləşən Tel Rıfat qəsəbəsinə yaxınlaşdığı bildirilirdi. Tel-Rıfat müxaliflərin Hələb-Türkiyə sərhədi xəttində ən əsas hərbi məntəqələrdən biri hesab olunur. Eyni zamanda Hələbdən qaçan minlərlə insanın da bu qəsəbəyə yerləşdiyi bildirilir. Suriya mətbuatının yazdığına görə, ordu qüvvələri Tel Rıfat qəsəbəsini ələ keçirdikdən sonra bölgə tamamilə hökumət qüvvələrinin nəzarətində olacaq.
Kürdlər necə oldu fəallaşdı?
Kürd silahlıları isə Hələb yaxınlığında Ziyarə qəsəbəsində, eləcə də Əhrar əş-Şam və Şam Cəbhəsi qruplaşmaları ilə savaşır. Artıq kürdlərin irəliləyərək əl-Əlkamiyə bölgəsi, eləcə də Mənna hərbi aerodromunun bir hissəsini nəzarətə götürdüyü bildirilir. O da məlum olub ki, Suriya ordusu Hələbin şərq hissəsindəki ərazilərdən çəkilərək kürdlərin irəliləməsi üçün şərait yaradıb. Hökumət qüvvələrinin çəkilməsi ilə kürdlər Deyr Camal qəsəbəsini ələ keçiriblər. Bu isə Suriyanın şimalında kürdlərlə Bəşər Əsəd qüvvələri arasında koordinasiya olması ilə bağlı iddiaları təsdiqləyir.
Ehtimal olunur ki, kürdlər bu bölgədə mövqelərini möhkəmləndirmək, Fərat çayının qərb sahilində yerləşmək üçün hökumətlə anlaşıb. Hazırda əsas hədəfi Türkiyə ilə sərhədi bağlamaq olan Bəşər Əsədin bu məsələdə kürdlərlə dil tapması mümkün görünür. Çünki nəticə etibarı ilə islamçı müxaliflərə qarşı Əsəd və kürdlərin mövqeləri üst-üstə düşür. Son məlumatlara görə Dəməşq kürd silahlılarına silah və sursat yardımı edib.
Əsas hədəf – sərhədlərin qapadılması
Suriya ordusunun şimal və cənubdakı fəallığının səbəbi aydındır. Bəşər Əsəd ölkə içərisindəki savaşan qüvvələri xarici dəstəkdən məhrum etmək niyyətindədir. Plan Rusiya ordusuna məxsusdur: xarici ölkələrdən Suriya ərazisinə silah, qida, pul və ən mühüm silahlı savaşçıların daxil olmasının qarşısını kəsmək, silahlı qrupları küncə sıxıb məhv etmək. Bu istiqamətdə əsas hədəf Türkiyə sərhədləridir. Türkiyə-Suriya sərhədinin qapadılması Türkiyə hökuməti başda olmaqla, xarici dövlətlərin Suriya savaşına real təsirini sıfıra endirəcək. Bununla da əslində Əsəd ölkə üzərində zəif də olsa, 4 ildən sonra ilk dəfə suverenliyini yaratmış olacaq. Çünki kənardan dəstək olmayan müxaliflər zəifləyəcək və faktiki olaraq mühasirəyə düşəcəklər.
Suriya ordusu Türkiyə sərhədlərini qismən 2012-ci ildə tərk edib, 1 il sonra isə bütövlükdə Türkiyə sərhədlərindən çəkilib və bölgəni İŞİD də daxil olmaqla, fərqli müxalif qüvvələrə buraxıb. Suriyada hazırda bütün savaşan silahlı qrupların, kürdlər də daxil olmaqla, böyük bir qismi üçün Türkiyə “nəfəslik” rolunu oynayır. Türkiyə sərhədlərinin bağlanması Suriyadakı savaşın taleyinin dəyişməsi anlamına gəlir. Bu səbəbdən də Qərb mətbuatı Bəşər Əsədin son həftələrdəki hücumlarının nəticələrini “3 ildə itirdiklərini 72 saatda qaytardı” kimi xarakterizə ediblər.
Rus planı
Suriyanın sərhədlərinin nəzarətə götürülməsi birbaşa ruslar tərəfindən hazırlanmış və icra olunan plandır. Yeri gəlmişkən, ötən həftə Rusiyanın 4 generalının Türkiyə sərhədləri yaxınlığında öldürüldüyü xəbəri yayılsa da, Rusiya tərəfi yalnız bir hərbi məsləhətçinin öldürüldüyünü yazdı.
Çünki hazırda irəliləyən Suriya ordusu əldə etdiyi uğurlarına görə, Rusiya hərbi aviasiyasına borcludur. Putin Suriyaya ən son model, hətta Amerika analoqları ilə rəqabətdə üstünlüyü olan SU-35 qırıcı-bombardmançıları göndərib. Bu qırıcılar ilk “sınaqlarını” Suriyada keçirəcəklər. Ruslar Əfqanıstandakı uğursuzluğu bir daha yaşamamaq üçün sərhədləri bağlamağa çalışırlar. Bu həm də Rusiyanın Türkiyəyə qarşı cavab zərbəsi, Ankaranı Suriyada proseslərdən kənarlaşdırmaq planıdır. Görünən odur ki, ruslar sürətlə nəticəyə yaxınlaşırlar.
Kənan Rövşənoğlu
Musavat.com