Güclü və zəngin Ermənistan İranın nəyinə lazımdır? - ACI HƏQİQƏTLƏR
11-02-2021, 09:44
Atalarımız deyib ki, “Qonşum qonşu olsa, kor qızım da ərə gedər”. Amma nədənsə qonşu sarıdan bizim heç bəxtimiz gətirməyib. Tarix boyu qonşularımızdan ancaq xəyanət, pislik görmüşük. Baxmayaraq ki, “həmişə özümüzə bir, qonşuya isə iki inək istəmişik”. Bəlkə də elə bu humanizmimiz, insanlığımız qonşularda bizə qarşı kin-küdurət yaradıb. Çünki, “yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir”, – deyib babalarımız. Amma neyləyək ki, qonşularımızdan nər kişilik bir yana, heç adi yaxşılıq görməmişik. Yerindən duran qonşumuz üstümüzə torpaq iddiası ilə gəlib. Dörd bir tərəfimizdəki qonşular nədənsə bizi qeyri-aborigen xalq hesab edib. Və hər fürsətdə dövlətimizin əsaslarını sarsıtmağa çalışırlar. Bir çox hallarda isə kimlərinsə acığını bizdən çıxardırlar. Eynən İran kimi…
Deməli, bu günlərdə ölkəmizdəki diplomatik korpusun nümayəndələri işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarında olublar. Səfər zamanı Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp səfər barədə öz “Twitter” hesabında məlumat verib. “Bu gün işğaldan azad olunmuş ərazilərdəyəm. Bu Cəbrayıldır. Salam İran” – deyə Şarp qeyd edib.
İranın Azərbaycandakı səfiri Abbas Musəvinin özünün Twitter hesabında İngiltərə səfirinə “İrandan salam” cavabı qonşu ölkədə müxtəlif reaksiyalara səbəb olub. Sosial şəbəkənin İran seqmentinin istifadəçiləri ingilis diplomatın paylaşımını ölkələrinin “ərazi bütövlüyünə yönəlmiş üstüörtülü mesaj” kimi qəbul ediblər. Buna görə də bir sıra iranlı sosial şəbəkə istifadəçiləri “yumşaq” cavabına görə İranın Azərbaycandakı səfirini qınayıblar. Onlar səfirin İran Xarici İşlər nazirinin müavini olduğu dövrdəki mövqeyindən fərqli mövqe sərgilədiyini, danışıq və davranışlarının dəyişildiyini yazıblar. Bundan qeyzə gələn səfir bu reaksiyalara ikinci tvitlə cavab verib: “Narahat olmayın. Bütöv və güclü İranın parçalanmasını heç vaxt, heç yuxularında da görə bilməyəcəklər”.
Düzü, sıradan bir paylaşıma İran rəsmilərinin bu cür təpki göstərməsi heç cür anlaşılmır. Xatırladaq ki, son iki ayda bu cür hadisə artıq ikinci dəfədir ki, baş verir. Ötən ilin dekabrın 10-da Bakı şəhərində təşkil olunan “Dəmir yumruq” hərbi paradında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan demişdi ki:, Şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycan ərazi bütövlüyünü, şükür olsun, yenidən təmin etmişdir. Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır.
Arazı ayırdılar,
Lil ilə doyurdular.
Mən səndən ayrılmazdım
Zülm ilə ayırdılar.
Ay Laçın, can Laçın,
Mən sənə qurban, Laçın.
Gözəlliyinə qurban olduğumuz Laçın artıq azaddır. Laçın kimi, Şuşa kimi Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər də artıq azaddır”.
Çox hörmətli Ərdoğanın səmimi və ürəkdən gələn fikirləri də o zaman İranın ciddi narazılığına səbəb olmuşdu. Daha doğrusu, diplomatik bohrana yol açmışdı. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əleyhinə İranda böyük kampaniya başlanılmışdı. 11 dekabrda Türkiyənin Tehrandakı səfiri XİN-ə çağırılaraq bu barədə ondan izahat tələb olundu. Bunun ardınca isə İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Türkiyə XİN-ə çağırılıraq bunun yanlış anlaşılma olduğu bildirildi.
Lakin İran mətbuatı bu məsələni kifayət qədər “çeynədi”. Farsdilli mətbuatda Türkiyə Prezidentinin əleyhinə ifadələr yer alan çoxsaylı yazılar dərc olundu, eləcə də Türkiyənin Təbrizdəki konsulluğu qarşısında Ərdoğan əleyhinə şüarlar səsləndirildi. Farsların qırmızı cizgini keçdiyini görən Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu İran XİN başçısı Cavad Zərifə telefon açaraq yanlış anlaşılmanı siyasiləşdirməyə və Rəcəb Tayyib Ərdoğana qarşı edilən yolverilməz davranışlara ciddi etirazını bildiridi. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əleyhinə İranda aparılan kampaniyaya qarşı öz etirazını bildirərək özünün “Twitter” səhifəsində yazdı ki, “Bəzi iranlı səlahiyyət sahibləri tərəfindən Cənab Prezidentimizə qarşı nümayiş etdirilən nalayiq davranışlar əsla qəbuledilməzdir”. Nəhayət, uzun danışıqlardan sonra İrandakı biabırçı kampaniya dayandırıldı.
Bu günsə buna bənzər kampaniya Böyük Britaniyanın ölkəmizdəki səfirinə qarşı başlayıb. İlk baxışdan belə görünə bilər ki, bu diplomatik skandalların Azərbaycana heç bir dəxli yoxdur. Amma, əslində bu skandalların ən çox dəxli Azərbaycana var. Yəni “qızım sənə deyirəm, gəlinim sən eşit”. Azərbaycanın istənilən təşəbbüsləri nə yazıq ki, hər zaman İran tərəfindən qısqanclıqla qarşılanıb. Halbuki Azərbaycan Ermənistan istisna olmaqla bütün qonşulara dostluq əlini uzadıb. Onlarla mehriban qonşuluq şəraitində yaşamaq istəyib. Amma, nə yazıq ki, bizim dostluq istəklərimiz çox zaman xəyanətlə qarşılanıb.
Ermənistan, Gürcüstan, Rusiya və İran fürsət yarandıqca Azərbaycana qarşı torpaq iddiası irəli sürüb, məkrli oyunlar oynayıb. Hansı ki, bütün dünya bilir ki, Azərbaycan əraziləri zaman-zaman qonşularımız tərəfindən zəbt olunub, ələ keçirilib. Və bu gün İranda rəsmi olaraq iki Azərbaycan ostanlığı var. Hazırda İranda 35 milyona yaxın azərbaycanlı yaşayır. Bu isə ölkə əhalisinin yarısına bərabərdir. Hələ onu demirəm ki, İran vaxtilə azərbaycanlıların qurduğu Səfəvilər dövlətinin bir əyaləti olub. 300 il bu ərazilərdə rəsmi dövlət dili Azərbaycan türkcəsi olub. Lakin Azərbaycan ərazisində farsların kompakt yaşadığı bir dənə də olsun kənd yoxdur. Bəs elə isə İran bizdən nə istəyir?
İran özünü İslam dövləti elan edib və özünü dünyaya islamın xilaskarı və müdafiəçisi kimi göstəririr. Dünyanın şiələr yaşayan bir çox ölkələrinə, o cümlədən Omana, Suriyaya, İraqa və digər müsəlman ölkələrinə açıq şəkildə iqtisadi və hərbi yardım göstərib. Lakin əhalisinin 70 faizə yaxın şiə təriqətinin üzvü olan Azərbaycan İrandan “bir qara qəpik” görməyib. Əksinə, İran dövləti rəsmi qaydada son 30 ildə Ermənistanın yanında dayanıb.
30 ildir Qarabağ probleminə görə Türkiyə Ermənistanla sərhədlərini bağlı saxlayıb. 44 günlük müharibə vaxtı Gürcüstan Ermənistanla yerüstü və hava yollarını bağladı. Amma İran gecə-gündüz Ermənistana yardımlar göndərdi.
Hətta Rusiyadan Xəzər dənizi üzərindən Ənzəli limanına göndərilən hərbi texnika və silahları qısa zamanda Ermənistana çatdırılması üçün Tehran dəridən-qabıqdan çıxdı. Hələ onu demirəm ki, İran höküməti bütün beynəlxalq konvensiyaları ayaq altına ataraq Azərbaycanın işğal olunmuş Cəbrayıl və Zəngilan rayonları ərazisində, Araz çayı üzərində Ermənistanla iki su elektrik stansiyası və bir neçə su anbarı tikdi. Yenə deyirəm, bu nə beynəlxalq qanunlara, nə də ki, müsəlmançılığa sığırdı. Bütün bunlardan sonra da Tehranda oturanlar Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini deyirdilər. Sözü ilə əməli düz gəlməyən qonşuya indi durub nəyi izah edəsən ki?! Axı, onlar hər şeyi çox gözəl bilirlər.
İranın Ermənistandakı səfiri Abbas Bədəxşən Zoquri özünü Nikol Paşinyanın müşaviri kimi aparır. Ötən ay Ermənistanın səhiyyə naziri ilə görüşən Zoquri fəxrlə söyləmişdi ki” “Güclü və zəngin Ermənistan İranın qürurudur”. Ən nəhayət, bu yaxınlarda İran hökuməti Azərbaycan və Türkiyə dövlət başçılarının təklif etdiyi “6-lıq platforması”na qarşı çıxış etdi. Özünün “3+1” variantını təklif etdi. Bu variantda isə Türkiyə və Gürcüstan bağlı qapı arxasında saxlanılır. İndi gəlin görək, təkcə bu təklifdə Azərbaycan ədalətlidir, yoxsa İran?!
Hələ onu demirəm ki, Azərbaycan dövləti İrana qarşı hər zaman ədalətli və mehriban qonşuluq mövqeyi tutub. ABŞ-la, İsarillə, Avropa dövlətləri ilə İrana görə yerli-yersiz Bakının “başı ağrıyıb”. Amma rəsmi Bakı bunu heç zaman dilə gətirməyib. Bunu sadəcə qonşuluq borcu kimi dəyərləndirib. Lakin Tehrandan heç vaxt bu cür comərd hərəkətlər görməmişik. Niyə?konkret.az