Sosial şəbəkələrdə aqressiv davranan insanlar - səbəb nədir?

4-03-2021, 08:31           
Sosial şəbəkələrdə aqressiv davranan insanlar - səbəb nədir?
Son zamanlar sosial şəbəkələrdə, xüsusən də facebookda azərbaycanlı istfadəçilərin əksəriyyətinin çox aqressiv reaksiya nümayiş etdirdiyinin şahidi oluruq. Bəzən hətta siyasi olmayan, əyləncəli, gülməli videoların belə altından tərbiyəsiz, söyüşlü şərhlər yazılır.
Məsələn, bugünlərdə hansısa kişi öz rəqsini telefonla çəkmişdi. Bir nəfər isə həmin videonu paylaşmışdı. Videoya çoxlu sayda təhqir, söyüş şərhləri yazılmışdı. Halbuki video çox pozitiv əhval-ruhiyyədə idi. Bəs bu aqressiya nədən qaynaqlanır?

Mövzu ilə bağlı əməkdar jurnalist, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb:

“Cəmiyyətdə aqressiyanın olması təkzibolunmaz bir şeydir. Bu bir çox məsələlərdən - insanın şəxsi həyatından, özünün xarakterindən, ətraf mühitindən, həmin anda keçirdiyi hisslərdən, sosial məsələlərdən, ailəsindən və digər amillərdən qaynaqlanır. Əslində bu, ümumi sosial psixologiyanın bir istiqamətidir və öyrənilir.

Niyə insanlar belə olur, sosial şəbəkədə aqressiv davranışlar çoxdur? İlk növbədə səbəblərdən biri budur ki, müharibədən yeni çıxmış bir cəmiyyətik. Adətən müharibədən sonra cəmiyyətin ovqatı bir qədər də yenilənir, ütülənir, insanlar hər şeyə həssas yanaşır.

İkincisi odur ki, camaatımızın yumor hissi azalıb, həssaslıq isə artıb. İnsan psixologiyası çox mürəkkəbdir. Çox şey insanın xarakterindən, onun psixoloji durumundan irəli gəlir. Məncə, aqressiyanın indiki şəraitdə artması cəmiyyətdə müəyyən bir ədalətsizliyin olması ilə bağlıdır. İnsanların müəyyən sosial, şəxsi problemləri var, onların həlli mürəkkəbləşəndə arzuolunmaz bir aqressiya yaranır və insanlar bunun acığını sosial şəbəkələrdən, ünsiyyətdə olduğu adamlardan çıxır. Bu təkcə adi fərdlərə deyil, həm də ictimai fiqurlara da aiddir. Bir də görürsən ki, onların barəsində nəsə yazanda dərhal söyüşə keçir, insanları ittiham edir. Bu əlbəttə ki, qeyri-normal haldır. Məncə, cəmiyyətdə çatışmayan ən ciddi məsələ daxili təmkinin, tarazlığın, harmoniyanın pozulmasıdır. Bunun üçün hamımızın sosial terapiyaya ehtiyacı var. Davranışımıza, nitqimizə, yazdıqlarımıza diqqətli olmalıyıq ki, başqasını qıcıqlandırmayaq.

O ki qaldı sosial şəbəkələrə, əlbəttə ki, hər kəsin daxilində bir senzura var. Hər halda, hansısa materialı paylaşanda onun necə reaksiya doğura biləcəyini düşünmək olar. Yalnız sağlam qərar qəbul edəndə onu yaymaq olar. Məsələn, bu gün gərgin və yaxud hansısa hadisənin xatırlandığı, ovqat baxımından o qədər əlverişli olmayan bir gündür. Həmin gün sosial şəbəkədə zarafat, yumor əksi qoysam, təbii ki, sərt reaksiyalarla qarşılaşacam.

Qulu Məhərrəmli: “Bəzən ictimai fiqurlar da gözlənilməz aqressiya nümayiş etdirir”

Beləliklə, hamını bir çətir altına yığmaq, eyni xarakterdə görmək çox çətindir. Ona görə də mediada, sosial şəbəkədə bunu nəzərə almalıyıq".

Qulu Məhərrəmli qeyd etdi ki, bəzən özü də sosial şəbəkələrdə bu cür aqressiv davranışla qarşılaşır: “Bəzən görürsən ki, sənin iştirak etdiyin hadisədir, amma özü orada olmayan şəxs bunu tamamilə aqressiv qarşılayır və ittihamlar irəli sürür. Bu yaxınlarda dostlardan biri çox yaxın çevrəmizdən olan insanları əsassız şəkildə itiham etmişdi. Mən heyrət etmişdim ki, bir insanın içində nə qədər kin-küdrət, nifrət, qəzəb ola bilər, insan bununla necə yaşaya bilər. Əlbəttə ki, belə hallar olur və adam buna çox təəssüflənir.

Bu zaman iki variant olur, ya onunla eyni havaya qalxasan, ya da onun psixoloji durumunu anlamalısan. Başa düşməlisən ki, onun xasiyyəti, xisləti çılğındır, reaksiyası bu cürdür. Əgər ağıllı adamdırsa və təbii ki, ən əsası, səmimidirsə, 3-5 gündən sonra öz səhvlərini etiraf edə bilir. Yox, əgər daxili gücü yoxdursa, vərəqi çevirirsən və bir də o məsələyə qayıtmırsan. Hər çılğın şərhə reaksiya versək, onun üzərinə getsək, təsəvvür edin buna nə qədər gücümüz, enerjimiz gedir. Ona görə də belə şeylərin üstündən keçməyi bacarmalıyıq. Böyük problemlərlə üzləşməmək üçün kiçik güzəştlərə getməliyik".
Ayaz Salayev: “Sosial şəbəkədəki fikirlərimə görə dəhşətli dərəcədə üzərimə gəlmişdilər”

Tanınmış kinoşünas Ayaz Salayev də mövzu ilə bağlı öz rəyini bildirib:

“Bu cür hallar daha çox rus izləyiciləri arasında olur. Onların sosial şəbəkədə göstərdikləri aqressiv davranış azərbaycanlılardan qat-qat çoxdur. Bəzən görürsən ki, onlar adi məsələyə belə kobud, aqressiv davranır”.

Ayaz Salayev də qeyd etdi ki, sosial şəbəkələrdə özü də aqressiv davranışla qarşılaşır:

“Şəxsən mən də sosial şəbəkədə aqressiv davranışla qarşılaşmışam. Yenə də bu cür davranış sərgiləyən rus izləyiciləri olub. Xüsusən də sovet dövrü ilə bağlı hansısa tənqidi fikirlər olanda kəskin reaksiya verirlər. Sonuncu dəfə Rusiyada hələ də movzeleylərin, bütlərin saxlanıldığı haqda fikirlərimi yazmışdım. Bu məsələ ilə bağlı sosial şəbəkədə hətta deyərdim ki, dəhşətli dərəcədə üzərimə gəldilər, çox kəskin, aqressiv şərhlər yazdılar. Əvvəllər bu cür məsələlərə reaksiya verməsəm də, indi düşünürəm ki, belə halla rastlaşanda cavab vermək lazımdır”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.