Savadsız alimlər Novruzu belə farslaşdırdı - Professor

9-03-2021, 08:59           
Savadsız alimlər Novruzu belə farslaşdırdı - Professor
Elmi mahiyyəti etibarilə Novruz təbiət təqviminə (astronomik Günəş təqviminə) əsaslanan Yeni il bayramıdır. Başqa sözlə, Novruz Yer planetinin Şimal yarımkürəsində məskunlaşmış canlı varlıqlara təbiətin özünün bəxş etdiyi təqvim bayramıdır.

Şaxtalı qış fəslindən sonra tədricən istiləşən hava, mülayim Günəş şüaları donmuş təbiətdəki bütün canlı varlıqları sanki yenidən canlandırır. Təbiətin yenilənməsi, suların şırıltısı, gül-çiçəklərin ətri, quşların nəğməsi insanlara xoş ovqat, yeni ruh, təravət bəxş edir, onlarda yeni həyat eşqi, yeni ümid və arzular doğurur. Görünür, elə bu səbəbdən də BMT-nin keçmiş baş katibi Pan Gi Mun Novruz haqqında belə demişdir: “Mən inanıram ki, gələcəkdə bizim planetin bütün sakinləri fikir ayrılıqlarını, inciklikləri kənara qoyub, stereotiplərdən azad olacaqlar və işıqlı Novruz hamının bayramı olacaqdır”.

Novruz elə indi də bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda, İranda, Əfqanıstanda, Pakistanda, Özbəkistanda, Tacikistanda, Qırğızıstanda, Qazaxıstanda və Türkmənistanda dövlət səviyyəsində keçirilir. Bu ölkələrdə Novruzun milli bayram kimi keçirilməsi isə vaxtilə bu ərazilərdə zərdüştilik dininin yayılması ilə bağlıdır. Novruz həqiqətən də öz fəlsəfəsi və ideologiyası ilə insanlar arasında dostluq, sülh və əmin-amanlıq yaradır.

Hər bir bayram kimi, Novruzun da özünəməxsus tarixi və ənənələri olmuşdur. Bu ənənələrin çoxunu biz indi də formal olaraq qeyd edirik, ancaq qədim əcdadlarımızın onlara verdikləri mənaları isə artıq unutmuşuq. Ona görə də burada biz əsasən Novruzun tarixi və onun mərasimlərinin qədim mənaları üzərində dayanacağıq.

Novruz ənənələri ilkin olaraq qədim sak tayfaları arasında yaranıbdır. Mənşəcə sak olan Zərdüşt də öz həmtayfalarının dini inanclarında islahatlar aparmaq məqsədilə onlara yeni mənalar verərək, öz təliminə daxil etmişdir. Həmyerliləri Zərdüştü əcdadların etiqadına müxalif çıxmış bir adam kimi Baykalyanı ərazilərdən qovduqdan sonra o, indiki Əfqanıstan ərazisinə gəlir və Həxamənişi dövlətinin buradakı canişini Viştaspa (I Daranın atası) onun təlimini qəbul edir. Elə həmin zaman (e.ə. 6-cı əsrdə) Zərdüştün yaxın köməkçilərindən olan Cəmaspa (sonrakı rəvayətlərdə - Cəmşid) zərdüştliyi təbliğ etmək məqsədilə Midiyaya gəlir və əvvəlki dinləri I Dara tərəfindən qadağan edilmiş Azərbaycan muğları Zərdüştün təlimini qəbul edirlər. Farslar isə, Daranın bütün səylərinə baxmayaraq, özlərinin qədim Mitra dininə sadiq qalaraq, Zərdüştün təlimini qəbul etmirlər.

Zərdüştilik dini İranda təqribən 1000 il sonra – Sasanilər dövründə yayılmaqda olan xristian dininə qarşı mübarizə vasitəsi kimi qəbul edilir və bu zaman Mitra dininin ayinləri də Zərdüştün dininə qarışdırılaraq, “Avesta” adlanan kitab halına salınır (çünki xristian dininin kitabı var idi). Bunu da təəssüflə qeyd etmək lazımdır ki, indi bizim qeyd etdiyimiz dörd çərşənbə ünsürü də Novruzun yox, həmin Mitra bayramının ünsürləridir. Halbuki 1970-ci illərədək farslardan fərqli olaraq, bizdə Novruzdan əvvəl altı çərşənbə mərasimi və ya ünsürü qeyd edilirdi. O zaman bir neçə il Novruz bizdə rəsmi səviyyədə qeyd edilməyə başlandı. Çərşənbə günləri isə xalq yaddaşında müxtəlif bölgələrdə fərqli adlar daşıyırdı. Əsasən isə “yalançı çərşənbə”, “əzəl çərşənbə”, “müjdəçi çərşənbə”, “gül çərşənbə”, “kül çərşənbə” və “ilaxır çərşənbə” adlarından istifadə edilirdi. Buna görə də bizim folklorşünaslara bu adları sistemləşdirmək barədə göstəriş verildi. Onlar isə Novruzun tarixini və sistemini bilmədiklərinə görə mexaniki surətdə fars çərşənbə günlərini və ünsürlərini (su, od, yel və torpaq) götürdülər. Bu ünsürlər Mitra dininin yaranış ünsürləridir. Zərdüştiliyin yaranış əfsanəsinə əsasən isə Ahura Məzda dünyanı yeddi ünsürdən ibarət yaratmışdır: əvvəlcə bütün digər ünsürləri öz əhatəsinə alan və yumurta qabığı formasında olan səmanı, sonra qabığıın aşağı hissəsini dolduran suyu, sonra suyun üzərindəki yastı yeri, yerin üzərində isə bir bitkini, bir buğanı və Kiya Mərtan adlı bir insanı, nəhayət, Günəşin simasında görünən odu (atəşi). Bu ünsürlərdən ibarət olan dünya əvvəllər sabit halda səmanın ortasında dayanırdı. Ancaq sonra qaranlıqda yatmış şər tanrısı Əhrimən Günəş işığından oyanıb qəzəblənir və Ahura Məzdanın yaratdığı dünya üzərinə hücuma keçir. O, səmanı yarır, suyu bulandırır, yerin hamar səthini kələ-kötür edir, bitkini susuz qoyaraq qurudur, buğanı və insanı öldürür, odu tüstüyə yoluxdurur. Bunu görən Ahura Məzda dünyanı hərəkətə gətirir: Günəş dövr etməyə, gecə ilə gündüz əvəzlənməyə, sular axmağa, bitki, buğa və insan da canlanmağa başlayırlar. Öz yaratdıqlarını Əhrimənin gələcək hücumlarından qorumaq üçün Ahura Məzda yeddi “ölməz mələk” (“ameşa spentə”) yaradır ki, onlardan hər biri bir ünsürün qoruyucusu olsun.

Məlumdur ki, zərdüştilik təliminin əsasında xeyirlə şərin əbədi mübarizəsi dayanır. Bu mübarizə sonda xeyir qüvvələrin qələbəsi ilə nəticələnməlidir. Ancaq hələlik gah xeyir qüvvələri, gah də şər qüvvələri üstün gəlirlər. Bu təlimdə il iki fəslə bölünür və belə hesab edilir ki, yayda xeyir, qışda isə şər qüvvələri üstünlük təşkil edirlər. Məhz bu səbəbdən də qışda insanlar, heyvanlar və bütün təbiət soyuq, xəstəlik və aclıqdan əziyyət çəkirlər. Qışın ortalarında şər qüvvələri o qədər güclənirlər ki, insanlar qoruyucu mələkləri köməyə çağırmağa məcbur olurlar. Hər çərşənbə günü onlar mərasimlər keçirərək, qoruyucu mələklərdən birinə müraciət etməyə başlayırlar. Nəhayət, axır çərşənbə axşamı qoruyucu mələklər və insanların ölmüş qohumlarının ruhları yerə yaxınlaşmağa başlayırlar. Novruz ərəfəsində evlərin, həyət-bacaların təmizlənməsi, yeni paltarlar alınması və s. də məhz bu “qonaqların” qarşılanması üçündür. Axır çərşənbə axşamı isə hətta kasıb adamlar belə öz qohumlarınınn ruhları və mələklərin şərəfinə bacardıqları səviyyədə bol süfrə açmalıdırlar. Həmçinin bu günü küsənlər barışmalı, hamı yaxşı sözlər danışmalı, mehriban olmalıdırlar ki, ruhlar və mələklər onlardan razı qalsınlar. Eləcə də ölmüş qohumların qəbri ziyarət edilməli, onların ruhuna ehsan verilməlidir. Bu səbəbdən də Cənubi Azərbaycanda axır çərşənbəyə “Ölülər bayramı” da deyilir. Axşam qaranlıq düşəndən sonra ruhlar öz evlərini və qohumlarını işıqda tanıyıb, evə tez çatsınlar deyə damların üstündə və digər hündür yerlərdə tonqal qalayıb, onun üstündən tullanırlar. Ancaq Novruz mərasimlərinin qədim mənaları unudulduğuna görə indi insanlar elə bilirlər ki, xəstəlik və azarlardan təmizlənmək üçün tonqalın üzərindən tullanırlar, halbuki zərdüştilikdə od çox müqəddəs sayılır və onu çirkləndirmək günah hesab edilir.

Ruhlar və mələklər “gəlib çıxandan” sonra onların şərəfinə qonaqlıq başlayır. Ruhlar öz paylarını almaq üçün qapı və bacalardan torba sallayırlar. Ev sahibləri isə bu torbalara ən yaxşı yeməklərdən qoymalıdırlar.

Axır çərşənbə axşamının səhəri isə insanlar onlara köməyə gəlmiş ruhlar və mələklərin yardımı ilə şər qüvvələrlə mübarizəyə başlayırlar, yəni bu mübarizəni təcəssüm etdirən mərasimlər keçirirlər. Bizdə bu mərasimlərdən ən çox tanınanı keçəllə kosa arasındakı tamaşadır. Burada keçəl təbiəti keçəlləşdirmiş qışın, kosa isə xeyir-bərəkət rəmzi olan keçinin və baharın simvollarıdır. Bu mübarizədə kosa keçələ, yəni bahar qışa qalib gəlir. Bəzi rayonlarda (məsələn, Ordubadda) qışda ağalıq edən Əhrimən “xan” kimi geyindirilir və sonda onu götürüb suya atırlar. Gürcüstanın Muğanlı kəndində isə son zamanlara qədər şər qüvvələr rolunu “keçəpapaqlar” adlanan insanlar oynayırmışlar. Onlar adamlara əziyyət verir, onları “döyüb, pullarını alırmışlar”. Sakinlər isə onları yumurta ilə vururmuşlar (S.Rzasoy. Muğanlıda Novruz karnavalı. Tbilisi. 2014. s. 35).

Beləliklə, bu mübarizə Novruz gününə qədər davam edirmiş, Novruz günü isə (20 və ya 21 mart) xeyir qüvvələri şər qüvvələrə qalib gələrək, öz qələbələrini bayram etməyə başlayırmışlar.

Zərdüştilikdə od ünsürü də məhz bu gün qeyd edilirdi. Bu isə mahiyyətcə qışın yola salınıb, baharın qarşılanması anlamına gəlir, çünki həmin gün Günəşin ekvator xəttinin cənubundan Şimal yarımkürəsinə keçməsi nəticəsində gecə ilə gündüz bərabərləşir və onun səhəri günündən etibarən isə gündüzlər uzanmağa başlayır. Təbiidir ki, daha qədim dövrlərdə insanlar gecə ilə gündüzün bərabərləşdiyi günü dəqiq surətdə müəyyənləşdirə bilməzdilər və ona görə də Novruz bayramı da baharın müxtəlif günlərində qeyd edilirdi. Novruzun dəqiq günü yalnız XI əsrdə Səlcuq sultanı Məlikşahın göstərişi ilə məşhur astronom və şair Ömər Xəyyamın başçılıq etdiyi alimlər qrupu tərəfindən hazırlanmış yeni Günəş təqvimində təsbit edildi.

Sonda Novruzda “həft sin (7 “se”) süfrəsi” adlanan anlayış haqqında da qısa məlumat verməyi lazım bilirik. Bu ifadə əsasən fars Novruzunda geniş yayılmışdır və buna görə də çoxları elə bilir ki, bu ənənə bizdə yoxdur. Ancaq bu doğru deyil, sadəcə biz bu ifadəni işlətmirik. Əvvəlcə bu anlayışın mənşəyinə və mahiyyətinə nəzər salaq.

Zərdüştün dövründə Novruz bayramına “Ahura Məzda bayramı” deyilirdi, ancaq Sasanilər dövründə bu addakı iki söz artıq birləşərək, “Hörmüzd” forması almışdı. Yuxarıda deyildiyi kimi, zərdüştilik təliminə əsasən, Ahura Məzdanın yaratdığı dünya yeddi ünsürdən ibarət idi və onlardan hər biri bir “ölməz mələk” (ameşa spentə) tərəfindən qorunurdu. Ərəb işğalından və islamın qəbulundan sonra isə zərdüştilik dini ilə birlikdə onun bayramları və mələkləri də (spentələr) qadağan edilmişdi. Xəlifə Müaviyyə hər il ona “hədiyyə” adı altında verilən böyük bac müqabilində “Hörmüzd” bayramının keçirilməsinə icazə verdi, ancaq bu şərtlə ki, bayram dini yox, yalnız təqvim bayramı səciyyəsi daşımalı və Hörmüzd yox, Novruz (Yeni gün) adı altında keçirilməli idi.

Ahura Məzda bayramının ənənələrindən biri də bu idi ki, bayram süfrəsində həmin 7 spentəni (mələyi) və onların himayəsi altında olan 7 ünsürü simvolizə edən 7 məmulat olmalı idi. Farslar “həft spentə” (7 mələk) ifadəsini müsəlman ruhanilərinin nəzərindən yayındırmaq üçün bu ənənəyə “həft sin” adı verdilər. Bu ənənənin mənası unudulduqdan sonra isə sonrakı nəsillər həmin ifadəni “se” hərfi ilə başlayan 7 nemət mənasında başa düşərək, süfrəyə səbzə (bizim səməniyə deyilir), səmənu (cücərmiş buğda dənindən hazırlanan xörək), senced (iydə), sir (sarımsaq), sib (alma), sumaq və sirkə qoymağa başladılar. Halbuki bu məlumatlar spentələrin qoruduqları ünsürlərin heç də hamısını əhatə etmirlər və onlardan bəziləri heç bayram süfrəsi üçün münasib də sayıla bilməz. Həm də başqa dillərdə onların adları başqa hərflərlə başlayır.

Bizim Novruz süfrəsində isə bu adətə xüsusi bir ad verilməsə də, süfrəyə qeyd edilən qədim ənənənin mahiyyətinə daha çox uyğun olan məmulatlar qoyulur: səmanın (göy qübbəsinin) şərəfinə boyanmış yumurta, su ünsürünü simvolizə edən şərab (islamdan sonra – şərbət), Yeri (torpağı) simvolizə edən külçələr, bitkiləri bildirən səməni, heyvan ünsürünü bildirən ət və süd məhsulları, insanları təmsil edən iştirakçılar, odun (atəşin) təcəssümü kimi isə şam və ya çıraq. Bu deyilənlər elə indi də bizim Novruz süfrəmizin ayrılmaz atributlarıdır. Orta əsr müəlliflərinin də qeyd etdikləri kimi, hələ qədim zamanlardan Novruz ənənələri ən dolğun və düzgün şəkildə məhz Azərbaycanda saxlanılmışdır.

Nəhayət, bunu da demək yerinə düşər ki, “həft sin” ənənəsinin özü də bir daha təsdiq edir ki, Novruzun yaranış sistemində dünya 4 yox, 7 ünsürdən ibarətdir. Hələ ki, Novruz çərşənbələrinin qədim adları xalqımızın yaddaşından silinməyibdir, onları yenidən sistemləşdirərək bərpa etmək, fikrimizcə, düzgün addım olardı.

Kamil Hüseynoğlu,

Filologiya elmləri doktoru, professor
axar.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.