AŞ PA Bakıya qarşı müzakirəyə hazırlaşır - NƏ ETMƏLİ?

21-04-2021, 11:02           
AŞ PA Bakıya qarşı müzakirəyə hazırlaşır
“AŞ PA-da Azərbaycanla Ermənistan arasında sülhün yaranmasına zərər vurmağa çalışanlar var”. Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun başlayan yaz sessiyasında çıxışı zamanı bildirib. “Biz AŞ PA səviyyəsində ölkələrlə dialoq qurmalıyıq. Yəni ölkələrdən yox, ölkələrlə danışmalıyıq. AŞ PA-da bəzi mövzuları müzakirə etməklə səhv yola istiqamət vermək cəhdləri var. Erməni ”hərbi əsirlər"lə bağlı məsələni, bu mövzunun detallarını bilmədən AŞ PA-da müzakirəyə çıxarmaq cəhdi yalnız iki ölkə arasındakı sülh prosesinə zərər gətirə bilər".

Qeyd edək ki, məsələnin plenar iclasda müzakirə edilməsinin lehinə 93 səs, əleyhinə 23 səs, bitərəf isə 18 səs verilib.

Erməni əsirləri ilə bağlı məsələ paket şəklində olan təkliflər arasında yer alıb. AŞ PA-da səsvermə üçün iki paket müzakirəyə çıxarılıb. Paketlərin birinə Avropada COVİD pasportları, Rusiyanın Avropada sülhə təhdidi və erməni əsirləri məsələsi daxil edilib.

Azərbaycanın mövqeyini 23 deputat dəstəkləyib. Onlar Türkiyə, Rusiya, Macarıstan və Serbiyadır. Onlardan 8 Türkiyə, 5 Rusiya, 1 Macarıstandan və 1 Serbiyadan olan deputatdır.

Rusiyadan 7, Ukraynadan 2, Serbiyadan 2, Sloveniyadan, Almaniyadan, İtaliyadan, Çernoqoriyadan, Litvadan, Ruminiyadan 1 deputat bitərəf qalıb.

Xatırladaq ki, Azərbaycan noyabrda imzalanmış Üçtərəfli Bəyanatdan sonra Qarabağda ələ keçirilən könüllü erməni qrupunu terrorçu dəstə saydığını bildirib.

Görünən budur ki, erməni lobbisinin “yemlədiyi” Avropa parlamentlərinin (məsələn, Lüksemburq, Belçika, Niderland) deputatları “erməni əsirlər” kimi təqdim edilən terrorçular mövzusunu bu dəfə AŞ PA-da müzakirə etməyi hədəfləyiblər. Ola bilsin, müzakirə baş tutarsa, Bakının əleyhinə hansısa qətnamə qəbul edilsin.

Bu cür cəhdlər yeni deyil, amma müharibədən sonra dəyişən reallıqlar var ki, bunu AŞ PA deputatları ya bilmirlər, ya da qəsdən görməzdən gəlirlər. Bunun üçün nələr edilməli, belə bir müzakirəyə necə əngəl olmalı və sairə kimi bir sıra suallar meydana çıxıb.

Ötən gün AŞ PA-nın yaz sessiyasında baş tutan “erməni hərbi əsirlərin, başqa əsirlərin və deportasiya edilmişlərin” məsələsinin müzakirəsi zamanı maraqlı hal qeydə alınıb.

Bu barədə “Qafqazinfo”ya Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Kamal Cəfərov məlumat verib. O bildirib ki, sözügedən məsələnin müzakirəsindən sonra Rusiya Ermənistanın əleyhinə səs verib. “Azərbaycan, Türkiyə, o cümlədən Rusiya Federasiyasının 5 deputatı Ermənistanın təklifinin əleyhinə səs verib. Erməni deputatlar əsirlər məsələsinin gündəliyə daxil edilməsini istəyirdilər. Buna baxmayaraq, səsvermə nəticəsində qeyd edilən məsələ 20 apreldə axşam müzakirə ediləcək. Bu cür müzakirələr çox olub, ermənilərin və ermənipərəst deputatların cavablarını yerindəcə verəcəyik. Müşahidəmiz ondan ibarətdir ki, ermənilər və bəzi deputatlar cənab Prezidentin regionda yaratdığı yeni reallığı qəbul etməkdə çətinlik çəkirlər, Qarabağın işğaldan azad olunmasına hələ də inana bilmirlər”, - deyə deputat vurğulayıb.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Azərbaycanı sona qədər qətiyyətli olmağa çağırdı: “Bizdə olan erməni terrorçulara ailələri ilə danışmağa icazə verilib və artıq onlar danışıblar. Qırmızı Xaç Komitəsi daim bunların yanında olub. Bunlarla normal davranılır. Bir də onlar əsir deyillər. 10 noyabr razılaşması əldə olunub və ondan sonra həmin şəxslər yenə də torpaqlarımızda qalıblar. Dünyaya bunu izah etmək lazımdır. Terroristlərlə mübarizə demirsiniz? Dünya terrorizmə yox deyir və onlarla mübarizəyə çağırır. Amma necə olur ki, bizə çatanda bunlar əsir kimi qəbul edilir, siz bu tipli şəxsləri ələ keçirəndə terrorist sayırsınız? Əlimizdə sübutlar var ki, bunlar ərazimizdə nə üçün qalıblar. İndinin özündə də meşələrdə hələ də erməni terroristlər qalırlar. Niyə rədd olub getmirlər? Rus sülhməramlılarının orada olması belə heç nəyi dəyişməyib. Biz deyirik ki, mina basdırdıqları ərazilərin xəritəsini versinlər, bunları azad edək. Bundan artıq Azərbaycan nə edə bilər? AŞ PA-nın bizə olan münasibəti ortadadır. Ermənistan ərazilərimizi azad edəndə, işğal altında saxlayanda bir dəfə AŞ PA durub dedi ki, siz təcavüzkarsınız? Bu gün də həmin qurum eyni mövqeni sərgiləyir. Bir milyon məcburi köçkünümüzlə bağlı, AŞ PA, nə etmisən? Biz sona qədər tələb etməliyik ki, mina xəritələrini verin, terrorçuları buraxaq. Əks halda, qətiyyən onları azad etmək olmaz. 62 terrorçunun hər biri ilə danışılıb və onların nə üçün həmin əraziləri tərk etmədikləri məlumdur. İstintaq nəticəsində ortada olan faktın hər biri AŞ PA-ya göstərilməlidir”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.