Valerianın ölkəyə gətirilməsi niyə dayandırılıb? – REPORTAJ
21-04-2021, 17:26
Təxminən bir ay əvvəl pişikotu tərkibli Valerian preparatının aptek şəbəkələrindən tapılmadığını xəbər vermişdik. Saytımıza bununla bağlı hələ də çoxsaylı şikayətlər daxil olur.
Mövzunun aktuallığını nəzərə alaraq paytaxt apteklərində yenidən müşahidə apardıq. Hər kəsin evində olması vacib sayılan preparatı gəzdiyimiz ən azı 10 aptekdən tapa bilmədik. Nizami, Xətai və Suraxanı rayonlarında baş çəkdiyimiz bir neçə aptekdə valerianın yalnız sulu məhlulu təklif edildi. Tablet formasının isə bir aydan çoxdur olmadığı bildirildi. Elə maraq və təəccüb doğuran da bu oldu.
Qəhətə çəkilən dərmanın hansı səbəbdən aptek şəbəkələrinə verilməməsi səbəbi hələ də müəmmalı olaraq qalır. Əczaçılar isə səbəbi belə əlaqələndirir:
“Depoda yoxdur. Bu dərmanın ölkəyə gətirilməsi dayandırılıb. Biz də bilmirik niyə...Amma eşitdiyimiz budur. Müştərilərdən də narazılıq var”.
Maraqlıdır, xəstələrə rahatladıcı və sakitləşdirici təsir bağışlayan bu preparatın ölkəyə gətirilməsinə kimlər və niyə mane olur?
Məsələ ilə bağlı üz tutduğumuz Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) cavab ala bilmədik. Bir neçə gün əvvəl aptek şəbəkələri ilə bağlı səlahiyyətin Səhiyyə Nazirliyindən alınıb TƏBİB-ə verilməsini nəzərə alaraq müraciət etdiyimiz qurumun məsələyə cavabı bu oldu:
“Sorğularınız olduqda press@tabib.gov.az ünvanına göndərin. Bu məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edin. Apteklər TƏBİB-in səlahiyyətində deyil”.
Göründüyü kimi, TƏBİB həm sorğunu cavablandırmaq üçün rəsmi email ünvanını təqdim edir, həm də məsələni Səhiyyə Nazirliyinə yönləndirir.
Demək ki, səlahiyyətlərin hansı qurumda olması əhəmiyyətli deyil.
Görünən odur ki, ürəyində narahatlığı olan, stress və həyəcandan əziyyət çəkənənlərin səhhəti nəzərə alınmır və valerianın yoxa çıxmasına bilərəkdən şərait yaradılır. Pandemiya və epidemioloji durumun gərgin olduğu bir dövrdə sakitləşdirici preparatı yoxa çıxarıb, insanların qəsdinə duranların kim olduğunu isə bilmirik.
Hər halda aidiyyəti dövlət qurumları məsələni nəzarətə götürəcəklər.
Xatırladaq ki, ötən ilin fevralında Azərbaycanda pandemiya mövcud olan dövrdə də valerian preparatı bir müddət apteklərdə tapılmadı.
İnsanların çoxsaylı şikayət və gileyindən sonra sözügedən dərman aptek şəbəkələrinə gətirilməyə başlandı. Yenidən eyni ssenarinin yaşanması maraq doğurur.
Məlumat üçün bildirək ki, valerian psixoleptik qrupuna aiddir və mərkəzi sinir sistemi üzərində orta sedativ təsir göstərir. Dərmanın əsas fəal tərkib hissəsi valerian dərman iltihabı və köküdür.
Valerian tabletləri bitki mənşəli bir dərmandır. Hər bir tabletdə 200 mq aktiv tərkib var. 30 dəqiqə sonra orta sinir sistemində sedativ təsir içərisində həb qəbul edildikdən sonra müşahidə edilir.
Kiçik bir həyəcan, ürək döyüntüsü və qan təzyiqi yüksələn zaman əl daha tez valeriana uzanır. Sakitləşdirir, ürəkdəki ağrıları və narahatlıqları aradan qaldırır.
Azərbaycanda bu preparatın tablet forması 32 , sulu məhlulu isə 55 qəpiyə təklif olunur.
Alçina Amilqızı