İkinci Qarabağ müharibəsinin Ermənistan üçün iqtisadi nəticələri

22-04-2021, 07:58           
İkinci Qarabağ müharibəsinin Ermənistan üçün iqtisadi nəticələri
Eurasia Review, ABŞ

Müəllif: Orxan Bağırov

Ötən il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsi təxminən 30 illik Ermənistan-Azərbaycan münaqişəsinə son qoyub. Nəticədə Azərbaycan ərazi bütövlüyünü bərpa edib, Ermənistan silahlı qüvvələri Azərbaycanın tarixi ərazisi olan Qarabağdan çıxmaq məcburiyyətində qalıb.

İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğramış Ermənistanın çox sayda hərbçi itirməsi ölkədə ciddi siyasi-iqtisadi böhrana səbəb olub. Müharibədən dərhal sonra Ermənistan vətəndaşları kütləvi etiraz aksiyaları keçirərək, baş nazir Nikol Paşinyanın istefasını tələb etməyə başlayıb. Doğrudur, son aylarda ölkənin siyasi həyatında sabitliyə doğru müəyyən irəliləyiş var, amma ümumilikdə müharibə nəticəsində yaranmış qeyri-sabitlik davam edir. Ermənistan şəhərlərində bu gün də ayrı-ayrı etiraz aksiyaları keçirilir.

Lakin İkinci Qarabağ müharibəsi Ermənistan üçün təkcə siyasi deyil, həm də iqtisadi problemlər yaradıb. Əslində, onun iqtisadiyyatı müharibədən əvvəl də kövrək və xarici yardımlardan asılı vəziyyətdə idi. İkinci Qarabağ müharibəsi nəticəsində ortaya çıxmış maliyyə problemləri isə ölkədə vəziyyəti daha da çətinləşdirib.

Müharibə Ermənistan iqtisadiyyatının müxtəlif sahələrinə öz mənfi təsirini göstərib. İlk növbədə, ölkədə hərbi sahə ciddi itkilərlə üzləşib. İlkin hesablamalara görə, Ermənistanın Azərbaycan Ordusunun məhv etdiyi və ya hərbi qənimət kimi götürdüyü hərbi avadanlıqların dəyəri ən azı 3,8 milyard dollardır. Son 10 ildə Ermənistanın hərbi büdcəsi hər il iki dəfə artırılaraq 716 milyon dollara çatdırılmışdı. Bu, belə kimi kiçik ölkə üçün böyük rəqəmdir. Hər halda, ümumdaxili məhsulun həcmi ilə müqayisədə hərbi sahəyə sərf edilən vəsaitə görə Ermənistan ən yüksək göstəricilərdən birinə malikdir. 2019-cu ildə bu göstərici təxminən daha 5% artırılmışdı. Bu, Rusiya və ABŞ-ın göstəricisindən belə, yüksəkdir. Amma Ermənistan belə böyük hərbi xərclərə rəğmən, son müharibədə ciddi məğlubiyyətlə üzləşib. Bu, təbii ki, onun üçün böyük maliyyə itkisi deməkdir.

Ermənistanın İkinci Qarabağ müharibəsində itirdiyi hərbi texnikanın dəyəri bu ölkənin son ildə hərbi sahəyə xərclədiyi vəsaitin 77%-ni təşkil edir. Başqa sözlə, son savaş nəticəsində Ermənistan ordusu döyüş qabiliyyətini itirib. İndi onun bərpasına uzun zaman lazımdır.

Bundan başqa, Ermənistan İkinci Qarabağ müharibəsi nəticəsində hərbi itkiləri ilə yanaşı, enerji, kənd təsərrüfatı və maliyyə sahələrində də problemlərlə üzləşib. O, təxminən 30 il idi Azərbaycan ərazilərini işğal altında saxlayır, bu ərazilərin təbii resurslarını qeyri-qanuni istimar edirdi. Bu, əlbəttə ki, Ermənistan iqtisadiyyatının inkişafında mühüm rol oynayırdı.

Azərbaycanın bir zamanlar işğal altında olmuş ərazilərinin böyük enerji potensialı da var. Oradakı su elektrik stansiyaları bölgədə qeyri-qanuni məskunlaşdırılmış erməni əhalinin enerjiyə təlabatının ödənilməsində mühüm rol oynayırdı. 2018-ci ildən etibarən isə bu ərazilərdə istehsal edilən enerjinin bir hissəsi Ermənistana da ötürülürdü. Bu, Ermənistanın enerjiyə təlabatının 7%-ni təşkil edirdi. İkinci Qarabağ müharibəsi nəticəsində Yerevan bu ərazilərdəki 36 su elektrik stansiyasından 30-na nəzarəti itirib. Bir vaxtlar işğal altındakı ərazilərin enerjiyə olan təlabatının 53%-ni məhz bu su elektrik stansiyaları ödəyib.

Bu gün məlumdur ki, Ermənistan 2020-ci ildə Qarabağdan 330 milyon kilovat-saat elektrik enerjisi tədarük etməyi planlaşdırırmış. Lakin müharibə buna imkan verməyib. Beləliklə, Ermənistan elektrik enerjisi çatışmazlığı ilə də üz-üzə qalıb. Bu gün o, həm yerli əhalinin enerjiyə təlabatını ödəmək üçün elektrik enerjisi idxal etməli, həm də Qarabağda qalan ermənilərə elektrik enerjisi verməlidir. Nəticədə Yerevan enerji defisitini aradan qaldırmaq üçün qazla işləyən istilik elektrik stansiyalarının payını artırmalı, yaxud xaricdən daha çox elektrik enerjisi almalıdır. Hər iki halda Ermənistanda elektrik enerjisinin qiyməti artacaq. Halbuki, ölkədə bu il fevralın 1-dən elektrik enerjisinin qiyməti onsuz da 7% artırılıb. Yaxın gələcəkdə növbəti artım gözlənilir.

Artıq qeyd etdiyimiz kimi, müharibə Ermənistanın kənd təsərrüfatı sahəsinə də ciddi ziyan vurub. Bir zamanlar işğal altında olan ərazilərdən enerji kimi, kənd təsərrüfatı resursları da Ermənistana tədarük olunurdu. Bu bölgə həm şumluq torpaq, həm də otlaq ərazilərlə zəngindir. Başqa sözlə, bölgə bitkiçilik və heyvandarlığın inkişafı üçün böyük imkanlar yaradır. Demək, Qarabağdan Ermənistana tədarük edilən kənd təsərrüfatı məhsulları ölkənin ərzaq təhlükəsizliyinin təminində mühüm rol oynayırdı. Lakin müharibə nəticəsində həmin ərazilərdəki şumluq torpaqların 90%-i və ya 90 min hektarı Azərbaycanın nəzarətinə keçib. Son illər ərzində ermənilər bu ərazilərdən hər il 150 min ton müxtəlif növ taxıl götürürmüş, onun 66%-i isə Ermənistana tədarük olunurmuş. Bu, Ermənistanın taxıla olan təlabatının 25%-ni ödəyirdi. Demək, indi Yerevan potensial ərzaq böhranının qarşısını almaq üçün digər ölkələrdən taxın idxalını xeyli artırmalıdır. Taxıl idxalının artırılması isə öz növbəsində, inflyasiyanı yüksəldəcək və ölkədəki sosial vəziyyəti daha da ağırlaşdıracaq.

Müharibə Ermənistanda maliyyə sahəsinə də ciddi təsir göstərib. Onsuz da məhdud maliyyə resurslarına malik Yerevan müharibə dövründə artan hərbi xərclərini qarşılamaq üçün büdcə xərclərini artırmışdı. Məsələn, 2020-ci ilin oktyabrında bir il əvvəlin büdcəsinə düzəliş edilmiş, nəticədə dövlət büdcəsinin xərcləri təxminən 85 milyon dollar artmışdı. 2020-ci ildəki düzəliş nəticəsində büdcə xərclərinin ümumdaxili məhsulda payı 27%-ə çatıb. Üstəlik, büdcə kəsri ilkin proqnozlarla müqayisədə 3 dəfə artıb və onun ümumdaxili məhsuldakı payı 7,6%-ə yüksəlib.

Bütün bu dəyişikliklər ciddi iqtisadi risklər yaradıb. Bu, dövlət borcunun ümumdaxili məhsuldakı payında da əks olunur. Məlum olduğu kimi, dövlət borcunun ümumdaxili məhsula nisbəti ölkənin maliyyə təhlükəsizliyinin əsas göstəricilərindəndir. 2020-ci ildə Ermənistanda dövlət borcu ümumdaxili məhsulun 60%-ni aşaraq, ən azı 66,5%-dək yüksəlib.

Bütün sadalananlar Ermənistanda maliyyə böhranını daha da dərinləşdirib. Nəticədə hökumət büdcə layihələrini icra etməkdə çətinlik çəkir. Odur ki, dövlət orqanlarının saxlanılması xərclərinin (10%), həmçinin hərbi xərclərin azaldılması nəzərdə tutulur.

Ölkədə yaranmış maliyyə problemləri öz növbəsində, makroiqtisadi göstəricilərə də mənfi təsir göstərib. Ermənistan hökuməti müharibə nəticəsində 2020-ci ildə ümumdaxili məhsulun 5% azalacağını proqnozlaşdırırdı. Amma azalma 8,5% təşkil edib. Bu, region ölkələri ilə müqayisədə ən pis göstəricidir.

Müharibə Ermənistanın milli valyutasına – drama da birbaşa təsir göstərib. Müharibənin başladığı vaxtdan 2021-ci il martına qədər o, dəyərini 8,6% itirib. Nəticədə ölkədə inflasiya artıb. Ermənistan Mərkəzi Bankı milli valyutanın dəyərdən düşməsinin və inflasiya risklərinin qarşısını almaq məqsədilə som 2 ayda uçot dərəcəsini təxminən 2 dəfə artırıb. 2020-ci ilin dekabrında uçot dərəcəsi 1% artırılaraq 5,25% təşkil edirdisə, bu ilin fevralında o, 5,5%-ə çatdırılıb.

Bütün sadalanan iqtisadi-maliyyə problemləri göstərir ki, İkinci Qarabağ müharibəsi Ermənistan iqtisadiyyatına ciddi təsir göstərib. Müharibədən sonra Ermənistan iqtisadiyyatının xarici borcdan asılılığı da artıb. Bu isə əsas iqtisadi problemlərdən biridir. Bundan başqa, Ermənistan bir zamanlar işğalda saxladığı əraziləri itirdiyinə görə, enerji və ərzaq çatışmazlığı ilə üzləşib. Bu, qiymətlərin artmasına, nəticədə sosial narazılığın daha da güclənməsinə səbəb olacaq. Digər tərəfdən, maliyyə resurslarının azalması və makroiqtisadi göstəricilərin pisləşməsi ölkənin iqtisadi inkişaf perspektivlərinə də zərbə vurur.

Beləliklə, müharibənin Ermənistana vurduğu iqtisadi zərərin ciddi fəsadları olacaq. Bu isə onun maliyyə təhlükəsizliyini sarsıdacaq. Bütün bu problemlər göstərir ki, qonşuya qarşı təcavüzkar və işğalçı siyasət heç vaxt tərəqiyyə aparmır. Belə bir vəziyyətdə iqtisadiyyatın tezliklə bərpasının yeganə yolu regional əməkdaşlığa qoşulmasıdır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.