TƏBİB RƏHBƏRLİYİNDƏ GECƏ HƏBSLƏRİ! - Korrupsiya İdarəsi baş həkimləri saxladı (Yeniləndi)

22-04-2021, 12:01           
TƏBİB RƏHBƏRLİYİNDƏ GECƏ HƏBSLƏRİ! -
Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu gecə TƏBİB-də əməliyyat keçirib, həbslər var.

Bu barədə "AzPolitika.info"-ya mötəbər mənbədən məlumat daxil olub.

Məlumatda bildirilir ki, əməliyyat nəticəsində TƏBİB rəhbərliyinə daxil olanlar, o cümlədən koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanaların baş həkimləri saxlanılıb. Saxlanılanlar arasında “Yeni klinika” tibb müəssisəsinin direktoru Pərviz Abbasov və FHN-in Zığda yerləşən modul tipli xəstəxanasının baş həkimi İmran Ağayevin də olduğu bildirilir.


Məlumata görə, onlar gecəni Nərimanov Polis İdarəsinin müvəqqəti saxlanma məntəqəsində keçiriblər, bu gün məhkəmə önünə çıxarılacaqları gözlənilir.

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış "AzPolitika"nın həbslərlə bağlı sorğusuna cavab olaraq bildirib: "Bununla bağlı bizdə hər hansı məlumat yoxdur".

***

Baş Prokurorluq isə bu dəqiqələrdə yaydığı açıqlama ilə TƏBİB-də əməliyyat keçirildiyini təsdiq edib. Açıqlamada bildirilir: "Koronavirus pandemiyasının qlobal problem olaraq davam etdiyi hazırki dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən çevik və sistemli tədbirlər nəticəsində əhalinin bu infeksiyanın törətdiyi fəsadlardan qorunması ən üst səviyyədə təmin olunmaqla, qısa zaman kəsiyində çoxsaylı ixtisaslaşmış səhiyyə ocaqları, laboratoriya və tibbi istehsal müəssisələri istifadəyə verilmiş, əksər dünya ölkələrindən fərqli olaraq müxtəlif növ effektiv vaksinasiya vasitələri idxal edilərək əhalinin vaksinasiya prosesininin uğurla tətbiqinə başlanılmış, habelə digər bu kimi insan sağlamlığının qorunmasına xidmət edən proqram xarakterli addımlar atılmışdır. Eyni zamanda, yoluxucu xəstəliyin geniş yayıldığı dövrdə yaranmış təbii narahatlıq və çaşqınlıqdan sui-istifadə edərək vətəndaşların haqlı narazılığına səbəb olan, bununla da dövlətin pandemiyaya qarşı geniş mübarizə siyasətinə kölgə salan bəzi vəzifəli şəxslərə, habelə onların yaratdıqları korrupsiya şəbəkələrinə də rast gəlinir ki, bu cür neqativ hallara qarşı da prokurorluq orqanları tərəfindən kompleks mübarizə tədbirləri görülməkdədir.


Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Yeni klinika Publik Hüquqi Şəxsin direktoru Abbasov Pərviz Akif oğlunun qurumun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin özünün rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən ümumi razılaşma əldə etməsinə, həmin razılaşmaya uyğun olaraq öz tanışları olan Hüseynov Əvəz Ənvər oğlu, Mirzəyev Samir Qənaət oğlu və Əliyeva Vüsalə Firidun qızı vasitəsi ilə ayrı-ayrı koronavirus xəstələrinin “Yeni klinika” tibb müəssisəsində stasionar müalicə alması üçün yerləşdirilməsi müqabilində onların yaxınlarından hər xəstənin yerləşdirilməsi üçün 3000-3500 manat məbləğində pul vəsaitini alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, pul vəsaitlərini aldıqdan sonra verdiyi göstərişlə xəstələrin sözügedən tibb müəssisəsinə qəbul edilməsini təmin etməsinə əsaslı şübhələr müəyyən olunmuşdur.

Cinayət işi üzrə toplanmış sübutlarla Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Habelə, qeyd edilən qanunsuz əməllərin törədilməsində Pərviz Abbasova köməkçilik etmələrinə əsaslı şübhələr müəyyən olunmuş Əvəz Hüseynov və Vüsalə Əliyeva həmin məcəllənin 32.5,311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almada köməkçilik) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilmiş, Samir Mirzəyev isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulmuşdur. Hazırda cinayət işi üzrə qeyd olunan eyni xarakterli digər qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan pozuntularla üzləşən vətəndaşlara Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini tövsiyə edir".

* * *

Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin qanunsuz əməlləri ifşa edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dünyada və ölkəmizdə koronavirus xəstəliyinin geniş yayıldığı dövrdə əhalinin pandemiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən müfəssəl dövlət siyasətinə və bu sahədə mövcud olan qanunvericiliyə zidd olaraq öz qanunsuz əməlləri ilə əhalinin sağlamlığını təhdid altına alan vəzifəli şəxslərə, habelə onların yaratdıqları korrupsiya şəbəkələrinə qarşı prokurorluq orqanları tərəfindən təxirəsalınmaz hüquqi tədbirlərin görülməsi davam etdirilir.

Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlunun qeyri-rəsmi olaraq köməkçiləri olan həmin müəssisənin qeydiyyatçıları Orucov Qulu İlqar oğlu və İmanlı Taleh Mövlamerdi oğlu ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi, eləcə də, müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən qarşılıqlı şəkildə ümumi razılıq əldə etməsinə, həmin razılaşmaya uyğun olaraq xəstələrin həmin hospitala salınması, hospitalın “VİP korpus”u hesab edilən 15-ci korpusunda qəbul edilməklə yerləşdirilməsi və digər bu kimi üstünlüklər əldə etmələrinə görə hər xəstədən sonuncular vasitəsilə müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində alıb aralarında bölməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Həmin faktlarla əlaqədar başlanmış cinayət işi üzrə toplanmış sübutlarla İmran Ağayev və Taleh İmanlıya Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Qulu Orucov isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulmuşdur.

Hazırda cinayət işi üzrə qeyd olunan eyni xarakterli digər qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu pandemiyanın davam etdiyi bu mürəkkəb şəraitdə yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin gərgin və fədakar əməyini yüksək qiymətləndirməklə, xidməti səlahiyyətlərinin icrası zamanı ölkə rəhbərliyi və aidiyyəti qurumlar tərəfindən bu sahədə həyata keçirilən tədbirlərə kölgə salmamağa və qanunsuz əməllərə yol verməməyə çağırır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.