“Həkimlərin işi” - Dövlət müalicə və tibb müəssisələrinin rəhbərləri niyə hədəfə alındı?

23-04-2021, 06:23           
“Həkimlərin işi” -
Aprelin 21-də Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları koronaviruslu xəstələrin müalicəsində qanunsuz əməllərə yol verilməsi faktları ilə əlaqədar əməliyyatlar keçirib. Nəticədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan “Yeni Klinika”nın direktoru Pərviz Abbasov, Fövqəladə Hallar Nazirliyinin (FHN) Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri Oruc Məmmədov həbs olunub. Onlar koronavirusa yoluxmuş şəxslərin yaxınlarından rüşvət almaqda ittiham edilir.

Hər iki tibb müəssisəsinin rəhbərləri haqqında istintaq Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılsa da, onlar ayrı-ayrı cinayət işləri üzrə təqsirləndirilirlər.

Pərviz Abbasov ilə bağlı cinayət işinin materiallarında bildirilir ki, onun rəhbərlik etdiyi klinikada hər bir koronaviruslu xəstənin yerləşdirilməsi üçün onların yaxınlarından 3000-5000 manat rüşvət alınıb. “Yeni Klinika”da baş verənlərə görə Pərviz Abbasovla yanaşı, Əvəz Hüseynov, Samir Mirzəyev, Vüsalə Əliyeva da cinayət məsuliyyətinə cəlb edilib. İttihama görə, xəstələrin yaxınlarından bu şəxslərin vasitəsilə rüşvət alınıb. Sonradan pullar onların arasında bölüşdürülüb.

Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2 (bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Digərlərinə isə 32.5, 311 (rüşvət almaqda kömək etmə) maddəsi əsasında ittiham verilib. Direktordan fərqli olaraq, onların barəsində ilkin istintaq dövrü üçün həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

FHN-in Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin həbsinə gəlincə, o da koronavirus xəstələrinin tibb müəssisəsinə yerləşdirilməsi, daha yaxşı şərait və müalicə ilə təmin olunması müqabilində rüşvət almaqda təqsirləndirilir. İttihama əsasən, baş həkimə bu işdə hospitalın qeydiyyatçıları Qulu Orucov və Taleh İmanlı yardım edib. Onlar baş həkimin qeyri-rəsmi köməkçiləri olub.

“Razılaşmaya uyğun olaraq, xəstələrin hospitalın “VİP korpus”u hesab edilən 15-ci korpusuna yerləşdirilməsi və başqa üstünlüklər əldə etmələri müqabilində hər xəstədən müxtəlif məbləğlərdə rüşvət alıb, aralarında bölmələrinə əsaslı şübhələr müəyyən edilib”, – deyə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri Oruc Məmmədov haqqında isə qanunsuz olaraq əlillik dərəcəsinin təyin edilməsi üçün vətəndaşdan 2 min 500 manat məbləğdə pul vəsaitini rüşvət qismində alması faktı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, cinayət işi üzrə aparılmış intensiv istintaq-əməliyyat tədbirləri ilə O. Məmmədovun digər qanunsuz hərəkətlərə yol verməsi faktları da müəyyən edilib. Belə ki, O. Məmmədovun öz həqiqi təsir imkanlarından istifadə edərək koronavirus infeksiyasına (COVİD-19) yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan şəxsin Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalına yerləşdirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan 4 min manat məbləğində pul vəsaitini almasına əsaslı şübhələr yaranıb. Qeyd olunanlarla bağlı O. Məmmədova Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Azərbaycan cinayət qanunvericiliyində bir qrup şəxs tərəfindən rüşvət almağa görə 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirilib.

Bakıda fəaliyyət göstərən özəl klinikalardan birinin sahibi, iqtisadçı Nazim Bəydəmirli deyir ki, koronaviruslu xəstələrin xəstəxanaya yerləşdirilməsi və müalicəsindəki çətinliklərdən hamı xəbərdar idi. Keçmiş deputat “Press Klub”a bildirdi ki, koronavirusa yoluxanların xəstəxanaya yerləşdirilməsi və müalicəsi üçün təkcə bu iki tibb müəssisəsində yox, başqa dövlət xəstəxanalarında da rüşvət alınması barədə yetərincə şikayətlər vardı:

“Hamı da bunu yaxşı bilirdi. Görünür, “yuxarıda” bu sahəyə nəzarət edən kimlərinsə “qələmi qırılıb”, yaxud kimisə “vurmaq” lazımdır. Azərbaycanda adətən rəhbər vəzifələrə insanları şəxsi bilik və qabiliyyətinə, təcrübəsinə görə təyin etmirlər. Dövlət xəstəxanaları uzun illərdir ki, özəl şirkət kimi idarə olunur. Avadanlıqları, təmir-tikintisi, işçilərin maaşı dövlət büdcəsi hesabına təmin olunsa da, faktiki, özəl fəaliyyət göstərirlər. Dövlət başçısı da çıxışlarında bir neçə dəfə qeyd edib ki, səhiyyə xərclərini dövlət qarşılayır, bu sahəyə yetərincə vəsait ayrılır. Amma reallıqda dövlət xəstəxanaları sanki özəl şirkət kimi idarə olunur. Xəstələri, onların yaxınlarını “soyurlar”. Onlardan alınan pulları bölüşdürürlər. Bu bölüşdürmə baş həkimlə məhdudlaşmır, daha “yuxarı” ötürülür. Ona görə də, xəstəxanalarda baş verən biabırçılıqlara göz yumulur”.

Bəydəmirlinin sözlərinə görə, dövlət özü də səhiyyə sahəsində monopoliya yaradır. O, bir müddət əvvəl koronavirus testlərinin aparılmasında özəl klinikalara yaradılan maneələri xatırlatdı:

“Ola bilsin ki, yüksək çinli məmurların ya özü, ya qohumu xəstəxanada bu situasiya ilə üzləşib. Ona görə üstünə gediblər. İndiyədək baş verənləri nəzərə alaraq mən bu həbslərdə korrupsiyaya qarşı mübarizə niyyətinin səmimiliyinə inanmıram. Bu da bir müddət əvvəl bəzi nazirliklərdə, icra hakimiyyətlərində keçirilən əməliyyatlar, həbslər kimidir”.

Gülər
pressklub












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.