Banklar Assosiasiyasından vətəndaşların narazılığına səbəb olan məsələ ilə bağlı açıqlama
23-04-2021, 06:54
Bəzi hallarda bankın informasiya texnologiyaları infrastrukturunda aparılan təkmilləşmə işləri və digər səbəbdən fərdi qaydada və ya kütləvi olaraq bir çox kart istifadəçilərinin apardığı əməliyyatlar üzrə vergi dərəcələrinin hesablanması zamanında mümkün olmaya bilər
Rəqəmsal ödəniş ekosistemi inkişaf edərək əhatə dairəsi genişləndikcə müxtəlif ödəniş alətlərindən istifadə edilməsi, bank-müştəri münasibətlərində yarana biləcək ziddiyyətli hallar, aparılan ödəniş əməliyyatları üzrə vergilərin tutulması və digər sahələrdə mütəmadi əsasda cəmiyyətin məlumatlandırılması mühüm əhəmiyyət kəsb edir. Qlobal pandemiya dövründə elektron ticarət əməliyyatlarının dövriyyəsində müşahidə edilən sıçrayışlı artım bankları bu sahədə daha diqqətli və həssas olmağa sövq edir. Məlum olduğu kimi, Vergi Məcəlləsinə 2017-ci ildə edilmiş dəyişikliklər nəticəsində ödəniş kartları ilə aparılan bəzi əməliyyatlar üzrə vergi dərəcələri müəyyən edilib. Belə ki, Vergilər Məcəlləsinin 169-cu maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) Sputnik Azərbaycan-a bildirilib ki, elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycandakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. Ölkə daxilində POS-terminal şəbəkəsi və ya elektron ticarət üzərindən aparılan əməliyyatlarda, eləcə də internet şəbəkəsi üzərindən xarici internet saytlardan məhsul sifarişi edildikdə ƏDV tətbiq edilmir.
Vergilər Məcəlləsinin 101.5-ci maddəsinə əsasən idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən (Azərbaycan hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, yarışlardan və müsabiqələrdən əldə edilən nağd pul vəsaiti istisna olmaqla) 10 faiz dərəcə ilə vergi tutulur.
Ödəniş kartları ilə aparılan əməliyyatlarda vergi dərəcələrinin tətbiq edildiyi digər sahə isə elektron pul kisələri ilə bağlıdır. Vergilər Məcəlləsinin 125.1-1-ci maddəsinə əsasən isə Azərbaycan rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycandakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.
Yuxarıda qeyd edilən ödəniş əməliyyatları həyata keçirildiyi təqdirdə banklar tərəfindən hər bir ödəniş əməliyyat üzrə vergilər, o cümlədən ƏDV ödənişləri fərdi qaydada hesablanaraq kart istifadəçisinin hesabında olan vəsaitdən ödənilir. Lakin bir sıra hallarda bankın informasiya texnologiyaları infrastrukturunda aparılan təkmilləşmə işləri və digər səbəblərdən fərdi qaydada və ya kütləvi olaraq bir çox kart istifadəçilərinin apardığı ödəniş əməliyyatları üzrə vergi dərəcələrinin hesablanması zamanında mümkün olmaya bilər.
ABA son zamanlar bir sıra sosial şəbəkələrdə vətəndaşların narazılığına səbəb olan məsələ ilə əlaqədar bildirir ki, bu istisna hal məhz texniki səbəblərdən dolayı baş verib və texniki xətaların olması qaçılmazdır. Hər zaman olduğu kimi, kart istifadəçisi olan müştərilər kart hesablarından vəsaitlərin silinməsi, o cümlədən vergilərin ödənilməsi ilə bağlı banklara birbaşa müraciət edərək əsaslandırılmış formada cavab ala bilərlər.