Qarabağda paradın və Araikin Moskvaya qəfil səfərinin ŞOK SƏBƏBLƏRİ - GƏLİŞMƏ
23-04-2021, 09:03
Rusiya sülhməramlılarının 9 Mayda Qarabağda faşizm üzərində qələbə münasibətilə keçirəcəyi parad Azərbaycanda birmənalı qarşılanmayıb. Sərt etiraz edənlər də var, məsələyə səbirli yanaşanlar da...
“Yeni Müsavat” bildirir ki, bu ərəfədə Qarabağın baş separatçısı Araik Arutyunyanın təcili olaraq Moskvaya çağırılması haqda informasiyalar yayılıb. Ermənistanın “Hraparak” qəzeti yazıb ki, Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri Moskvada Arutyunyanla qeyri-rəsmi görüşlər keçirəcəklər. Qəzet “ Xankəndindəki separatçı erməni rejiminin mətbuat katibi Lusine Avanesyana bu haqda sual versə də, o, məlumatı şərh etmək istəməyərək ”Hazırda danışacaq bir sözüm yoxdur" deyib.
“Arutyunyanın Moskvaya getməsi faktını inkar edirsinizmi?” sualına isə Avanesyan belə cavab verib: “Şərhlərə ehtiyac yoxdur...”
Erməni nəşri hesab edir ki, Moskvada Araikə Ermənistanın baş naziri Nikol Paşinyanla münasibətləri Rusiyanın maraqlarına uyğun tənzimləməyi, onun arzularının çoxunun separatçı rejimin gələcəyinə zidd olduğunu anladacaqlar. Yəni Ermənistanın hökumət başçısı Kremllə dil tapmalıdır ki, Arutyunyanın da Qarabağdakı separatçı fəaliyyətinin ömrü uzun olsun. Digər tərəfdən, mətbuat xidmətinin təkzib etməməsi onun Moskvaya səfər etdiyini dolayısı ilə təsdiqləyir.
Bu isə Rusiyanın növbəti dəfə separatçılara jesti kimi qiymətləndirilməlidir və Moskva 10 noyabr bəyanatının mahiyyətinə zidd addımlar ataraq separatçı rejimlə təmasları intensivləşdirir. Bu, təbii ki, həm Arutyunyana sərf edir və “artsax”ın utopik varlığını davam etdirmək imkanları qazandırır, həm də sülhməramlıların bölgədə 5 il sonra da qala bilməsi üçün şərait yaradır. Rusiyadan da bu səfərlə bağlı hər hansı rəsmi açıqlama olmayıb. Bu da görüşün gizli və qeyri-rəsmi keçiriləcəyini göstərir. Amma sülhməramlı missiya yerinə yetirən Rusiyanın bu hərəkətləri anlaşılmazdır. Cənubi Osetiya və Abxaziyada olduğu kimi, Dağlıq Qarabağ ərazisində də separatçılara qol-qanad vermək, onlarla öpüşüb-qucaqlaşmaq, sülhməramlıların komandanı Rüstəm Muradovun Araiklə öz doğma adamı kimi görüşməsi təəssüf doğurur.
Bəs bununla Moskva Bakıya nə mesajlar vermək istəyir? Bakının cavabı necə olmalıdır? Ümumiyyətlə, İrəvandan daha çox, Rusiya Qarabağdakı separatçı rejim üçün sinov gedir. Bu yaxınlarda general Muradovun Qarabağda erməni milyonçularla görüşməsi göstərir ki, 2025-ci il üçün zəmin hazırlayırlar.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, sülhməramlıların bölgədə missiyası şou göstərmək, parad keçirmək deyil: “Onların vəzifəsi tam müəyyənləşib, bu da sülhyaratma olmalıdır. Sadəcə, parad keçirməklə bizə hansısa qıcıq vermək məqsədi güdürlər. Azərbaycan bu addıma öz etirazını bildirməlidir”. A.Mollazadə hesab edir ki, hər bir ölkənin silahlı qüvvələri öz ərazisində parad keçirə bilər, eləcə də bizim ərazidə Azərbaycanın paradı mümkündür: “O ki qaldı Araikin Moskvaya getməsinə, axı Arutyunyan kimdir? Belə adamlar fərdi şəxslərdir, harasa gedəcəklər, gəzəcəklər. Mənə elə gəlir ki, bu səfərlərə diqqət etməyə ehtiyac yoxdur. Onun mühakiməsi üçün gələcəkdə bəlkə hansısa razılaşma ola bilər. Onun beynəlxalq tribunala cavab verməsi üçün də biz fəal olmalıyıq. Ancaq harasa səfər etməsinə əhəmiyyət verməyə ehtiyac görmürəm”.
Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, baş verənlərə bir ümumi, bir də xüsusi kontekstdən baxmaq lazımdır. Onun fikrincə, ümumi səbəb regionun və postsovet məkanının yeni dünya nizamının quruculuğunda geopoitik qarşıdurmanın sınma mərhələsinə daxil olmasıdır: “Azərbaycan geopolitik sınma xəttinin üzərində yerləşir və bu münaqişə geopolitik savaş üzündən ortaya çıxıb. Ona görə münaqişə zonasında baş verənlərə geopolitik kontekstdə baxmaq lazımdır. Gərginliyin yaranma səbəbi də həmin mübarizənin postsovet məkanına daxil olmasıdır. Digər səbəb isə geopolitik güclərin öz tərəfdaşlarından strateji seçim etmək üçün basqılar göstərməsidir. Azərbaycana təzyiq olunur ki, öz geopolitik tərəfdaşını seçsin. Üçüncü bir faktor isə Azərbaycanla Türkiyənin sıx tərəfdaşlıq etməsidir. Rəsmiləşməsə də, iki ölkə müttəfiqlik yolunda ciddi addımlar atır. Eyni zamanda Türkiyənin güclənməsi, regionda təsirinin artması Rusiyanı narahat edir”.
S.Əkbər xüsusi səbəblərə gəlincə, bildirdi ki, 44 günlük müharibədən sonra yaranmış vəziyyət bunu diktə edir: “Bu reallıq Rusiyanı narahat edir. Türkiyənin regionda iştirakı fakta çevrilib, təsiri artır. Rusiya sülhməramlı adı ilə Azərbaycana soxulub və heç bir hüquqi qüvvəsi yoxdur, sadəcə, üçtərəfli bəyanata əsaslanır, yəni ortada siyasi sənəd yoxdur. Rusiya çox çalışdı ki, Azərbaycan sülhməramlıların statusu barədə sənədə imza atsın, amma imza atmadıq. Rusiyanın Azərbaycandan istəkləri Kollektiv Təhükəsizlik Müqaviləsi Təşkilatına və Avrasiya İqtsadi Birliyinə daxil olmasını, strateji seçim etməsini təmin etməkdir. Azərbaycan bu tələbləri yerinə yetirmədiyi üçün həm Ermənistana, həm Qarabağdakı separatçı rejimə yardım etməklə bizə təzyiq göstərir. Bu parada da həmin kontektsdə baxmaq lazımdır. Rusiya bilir ki, 9 may paradı Azərbaycan ictimaiyyətində necə qıcıq yaradacaq. Ona görə bu məsələyə kəskin etiraz bildirməliyik. Rusiya bununla Bakıda keçirilən Zəfər paradına və orada Türkiyə prezidenti Ərdoğanın çıxışına cavab verir”.
REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli isə bildirdi ki, Rusiyanın apardığı xətt kifayət qədər aydındır: “Bu da ondan ibarətdir ki, mümkün qədər rus qoşunlarının Xankəndi və ətraf bölgələrdə çox qalmasını təmin etsin. Onun üçün indidən konfiqurasiya qurmağa çalışır. Çünki 2025-ci ildə sülhməramlı kontingentin missiyası bitir və tərəflərdən biri etiraz etsə, getməlidirlər. Əgər hər iki tərəf etiraz etsə, Rusiyanın, ümumiyyətlə, prosesi uzatmaq imkanı qalmır. Moskva indi çalışır ki, Azərbaycan tələb irəli sürsə, Ermənistandan dəstək alsın İrəvandan dəstək olmasa separatçı qüvvələrə yardım etsin”.
N.Cəfərlinin sözlərinə görə, halbuki Azərbaycan rəhbərliyinin Rusiyaya ünvanladığı konkret suallar var: “Bunlara cavab vermək yerinə görk olsun deyə, bu addımları atırlar - həm hüquqi əsas olmadan hərbi parad keçirir, həm beynəxalq axtarışda olan Araikin səfərini təşkil edir. Bu səfər baş tutarsa, Azərbaycan rəsmi kanallarla onun həbsi və ekstradisiyası üçün müraciət etməlidir. İki ölkə arasında ekstradisiya müqaviləsi var. Düzdür, inanmıram ki, Moskva onu bizə verəcək, amma ən azı müraciət etməklə bu tipli səfərlərin qarşısını almaq mümkündür”.