Tolikdən Zauradək televiziyalar yalançı "tamaşaçı sevgisi"nə bürünüb - AKTUAL

23-04-2021, 14:04           
Tolikdən Zauradək televiziyalar yalançı "tamaşaçı sevgisi"nə bürünüb - AKTUAL
Hərdən kimsə çaşmalıdı ki, televiziyalarımıza etirazlar kütləviləşsin. Çox da inanmayın, teleaparıcıların “izləmə rekoru qırmışıq, tamaşaçı bizi sevir, hər gün yolumuzu gözləyir”, sözlərinə. Tamaşaçı çox zaman bekarçılıqdan, vacib bir işi olmadığından, vaxtı “öldürmək” üçün ekran qarşısında əyləşib televiziyalarımızın şit, əttökən, bayağı proqramlarına baxmaq məcburiyyətində qalır. Amma bəzən bir qığılcım bəs edir ki, tamaşaçı cana doyduğunu, bezdiyini ifadə etsin və əlini yelləyib “baxılası deyil”, söyləyib onlardan üz çevirsin. İllərdir ATV telekanalında yayımlanan “Bizimləsən” tok-şousuyla bağlı məhz bu mənzərə yaşanır.

Proqram yayım qaydalarını pozduğuna görə cərimə edilib. Yayımı bir günlük dayandırılıb. Proqram rəhbərlərinin dünənədək ağız dolusu danışdığı, hər fürsətdə önə çəkdiyi “tamaşaçı sevgisi” də sabun köpüyünə dönüb. Nələr yazmırlar, daha hansı təpkilər, etirazlar səslənmir proqram barədə?! Deməli, cəmiyyətə sırınan “tamaşaçı sevgisi” yalanmış. Zatən, bir çox tok-şou və “sıradan” şou proqramların aparıcıları özlərini xalqın sevimlisi hesab edir. Proqrama çağırdıqları (“dəvət edilən” ifadəsinə ehtiyac görmədik, çünki hansısa məbləğ qarşılığında ancaq çağırmaq mümkündü. Dəvət kəlməsi hörmətli qonaqlara aiddir - M.R.) müğənnilərlə apardıqları sövdələşmələr, etdikləri alış-veriş hesabına efird ə görüntü yaratmaqla dəyər qazandıqlarını sanırlar. Reallıq isə başqadır. Tamaşaçı proqrama hansı müğənninin, hansı aktyor və ya aktrisanın hansı məbləğə gəldiyini çox gözəl bilir. Elin ağzı torba deyil, büzəsiniz. Hamı hər haldan xəbərdardı. Sadəcə, efir bəzi üzdəniraq teleaparıcıların əlində oyuncağa çevrilib deyə, baş verənlərdən kimsənin xəbəri olmadığını zənn edirlər. Lakin zənnə qapılırlar. Həm də boş zənnə.

“Bizimlə” olmayanlar

“Bizimləsən” proqramında yayım qaydaları pozulub. Milli Televiziya və Radio Şurasının açıqlamasında bildirilir ki, “ATV” televiziya kanalı yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən proqramların onların baxa biləcəyi vaxtda göstərilməsinə görə “Bizimləsən” proqramının yayımının dayandırılması, “ATV” televiziya kanalı tərəfindən, ona tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatı yayımın dayandırılması müddəti ərzində özünün efirində yayımlanmasının təmin olunması haqqında qərar qəbul edib. Yəni “Bizimləsən” proqramı yayım saatı qaydasına əməl etməyib. Yetkinlik yaşına çatmayanlara zərər verə biləcək məlumatlar uyğunsuz zamanda yayımlanıb. Yaxşı, proqramın yayımının dayandırılması, kanalın cərimə edilməsi qanunauyğun olduğu halda, bəziləri niyə bundan narahatdır? Məsələn, “Tolik” yəni, prodüser Tarix Əliyev. Gülməşəkər televiziyalarımıza bələd olanlar bilir ki, bu adam müxtəlif telekanallarla əməkdaşlıq edib. Birindən çıxıb o birinə gedib. İndi isə sosial şəbəkə, instaqram üzərindən “çalışır”. Vətən müharibəsində aldığı yaralardan nitq qüsuru yaranmış əsgərimizə bahalı telefon göstərib “bir kəlmə de, bu telefon sənin olsun. Bilirsən, bu telefonun qiyməti neçədir?!” deyib müştəbehlik nümayiş etdirən, əsgərin səsi çıxmadıqda “kül başına!” deyən də həmin Tolikdir. “Bizimləsən” proqramına dəstək çıxan da Tolik olub. Onun hansı sözləri yazması, necə dəstək durması önəmli deyil. Önəmli olan bu adamın qanuni cəriməyə niyə bu qədər təpki göstərməsi, həmçinin xalqı aşağılamasıdır. “İt hürüb karvan keçib. ...Mənim də verilişim bağlananda itlər hürürdü, amma nə oldu? Proqramım olsa da, olmasa da Tolikəm!”. Bir prodüserin bu şəkildə cəmiyyətə meydan oxuması nədən qaynaqlanır? Deyəsən, kimlərsə ona və onun kimilərinə hüdudsuz səlahiyyət verib. “Nə istəyirsiniz edin, nə istəyirsiniz deyin, söyün, təhqir edin, aşağılayın... kimsə sizə “gözün üstə qaşın var”, deyə bilməz. Belədi? Bəlkə belədi, xəbərimiz yoxdu. Yazdıqlarımızsa gördüklərimiz, müşahidə etdiklərimizdi. “Xəzər” televiziyasında “5-də 5” proqramı yayımlanırdı, bir vaxtlar. Proqramın aparıcısı Zaur qonaqları ilə hansı tonda, hansı səviyyədə danışırdı, özləri yaxşı bilir. Yetkinlik yaşına çatmamış qıza elçi də getdi bu aparıcı. Yetkinlik yaşına çatmayanların hüquqlarının qorunmasına məsul olanların heç birindən o zaman səs çıxmadı, etiraz gəlmədi. Cinayət tərkibli əməllər belə cəzasız qalanda davamı gəlir, demək ki. Adını çəkdiyimiz təkcə bu proqramlarda pozulmur vətəndaş, uşaq hüquqları. Tok-şouların əksəriyyətində eyni hal yaşanır. Problemli insanları proqrama çağıran aparıcılar onlarla dövlət ittihamçısı kimi davranır. Vallah da, billah da, cinayət əməlində şübhəli bilinən şəxslərlə məhkəmələrdə prokurorlar heç bu tonla danışmır, necə ki, bəzi aparıcılar proqram iştirakçıları ilə. Adamı əllərinə çomaq alıb döyməkdən betər edirlər. “Yengələr”, “züy tutanlar” da bir tərəfdən düşür fağır insanların üstünə ki, niyə filan işi filan cür etməmisən. Bunları görəndə məhkəmədəki prokurora min dəfə şükür edir adam.

Media islahatları teleməkandan niyə yan keçir

Azərbaycan dövlətinin hər sahədə islahatlar apardığı göz önündədir. Azərbaycan tarix boyu özünün ən böyük problemini - ərazi bütövlüyünü Ali Baş Komandanın qətiyyəti, əsgər və zabitlərimizin misilsiz şücaəti sayəsində həll etdi. Haqq davasında dünya nəhəngləri ilə qarşı-qarşıya gələn dövlətimiz yolundan, amalından dönmədi. Müzəffər Ali Baş Komandanı, güclü ordusu olan dövlətin televiziyalarımızdakı ucuz şoulara ehtiyacı yoxdur. Qəribə burasıdır ki, media sahəsində islahatlar aparıldığı bir vaxtda televiziyalarımız şou aludəliyindən xilas ola bilmir. Təkcə media sahəsində deyil, ölkədəki ümumi islahatlar dalğası televiziyalardan yan keçir. Demirik, televiziyalarmız başdan-ayağa şoudur. Baxımlı proqramlar, analitik verilişlər var. Amma bayağı şouların çəkisi o qədər ağırdır ki, sanballı proqramları kölgədə qoyur. Dövlətimizin qarşısında həllini gözləyən vacib məsələlərin dayandığı, Qarabağa böyük qayıdışa hazırlıq görüldüyü bir vaxtda, teleməkandakı “vur-çatlasın” nəyə xidmət edir? Bəzən televiziyalarımızla bağlı ümidlər yaranır. Ovaxtkı telekanallarda rəhbər dəyişikliyi baş verir. Sadəlövhcəsinə sevinirik. Elə bilirik, vəziyyət düzələcək. Televiziyanın səviyyəsi yüksələcək. Az keçmiş biz tamaşaçının xəyalları da “suya düşür”. Yeni rəhbərin tv-dəki dəyişikliyi hansısa proqramı qapadıb, ona bənzər başqa bir proqram tərtib etməklə yekunlaşır. Proqramı qapadılan, özü isə televiziyadan uzaqlaşdırılan aparıcı isə daha böyük “şövqlə” başqa telekanala transfer edir. Transfer məsələsində “ulduz” futbolçular bizim bəzi teleaparıcılar yanında kölgədə qalır. “Space” telekanalının rəhbərliyi dəyişdi, aparıcı Mikayıl “Dünya” televiziyasına “atlandı”. Proqamın adı da “Gəldim eee...”. Belə şitlik dərsini kimdən, hardan öyrəniblər, maraqlıdı. “Xəzər”dəki dəyişiklik də Zaur Kamalın başında “çatla”dı. “5-də 5”ni də qoltuğuna vurub “ARB” kanalına transfer etdi. Proqramının adı da bu dəfə “Həmin Zaur” oldu. Anladınız da, yəni “mən elə həmin Zauram, haa, proqramın qiymətini bilirsiniz də!”. Bu budaqdan o budağa atlananları sadalasaq, uzun çəkər. Hansısa televiziyadan bir başqasına keçmək, iş yerini dəyişmək hər kəsin doğal haqqıdır. Amma məsələ, bu adamların getdikləri teleməkana nə apamalarıdır. Yükləri elə həminkidi. Bayağılıq, şitlik, yüngüllük. Ekran qarşısında əyləşənə sayğısızlıq. Əyləşən varsa, təbii ki. Hər insanın bir məsləyinin, peşəsinin olması tamam normal və təbiidir. Kimsə müəllimədir, kimsə mühəndis, kimisi də müğənni, aktrisa. Lakin peşə fərqi bu insanlara fərqlı davranış tərzinə malik olmaq üstünlüyü də verirmi? Bizim üçün bu sual açıqdır. Məsələn, bir neçə gün əvvəl aparıcı Rövşanə Ağasəfqızının proqramına qonaq olan xanım mütləq şəkildə operator qarşısında ayağını ayağının üstünə aşıraraq oturmalıydımı? Digər xanım qonaqların da geyindikləri ətəyin qısalığından bud nahiyələri mütləq gözlər önünə sərilməliydimi? Kimsə deyə bilər, müasirlikdir, kimin nə cür geyindiyi şəxsi seçimidir. Razı deyiləm, ona görə ki, şəxsi seçim şəxsi məkanda ola bilər. Bir xanım və ya bəy, fərqi yoxdur, hansı peşənin sahibidir, efirə, minlərlə tamaşaçı önünə (proqramın baxılma sayına görə belə hesab edilir – M.R) çıxırsa, geyimi də, oturuşu-duruşu da cəmiyyətin meyarlarına uyğun olmalıdır. Müğənni, məhz müğənnidir deyə, bədəninin bütün ölçülərini tamaşaçının gözünə dürtməli deyil. Azərbaycan incəsənəti, xüsusilə müğənnilər heç vaxt indiki qədər bayağı, rüsvayçı olmayıb. Cəmiyyətin, xalqın meyarlarına tüpürülürsə, sonun sabiq deputat “Hüseynbala Mirələmov rüsvayçılığı” kimi olacağına şübhə yoxdur. Yeri gəlmişkən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov ADNSU-nun kafedra müdiri Hüseynbala Mirələmovla bağlı yayılan görüntülərə münasibət bildirib.

Sözçü bildirib ki, görüntülər yayıldıqdan sonra Hüseynbala Mirələmov ADNSU-nun Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib:

“O, bu gün səhər öz ərizəsi ilə işdən azad olunub”.

Ötən gün sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik videosu yayılıb. O, ADNSU-da Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri idi. Həmin görüntülərin də ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir. Sözçü: “Biz də bu hadisə barədə görüntüləri əksəriyyət kimi sosial şəbəkələrdə gördük və izlədik” söyləyib. Hadisə baş verəndən sonra çox söz deyilə bilər, kimlərsə işdən çıxarıla da bilər. Əsas, hadisəyəqədərki dövrdür. Bu cür bayağılığın, milli dəyərlərimizə edilən hücumların qarşısı alınmayacaqsa, qanunsuzluqların və təəssüf ki, əxlaqsızlıqların da hələ çox şahidi olacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.