Akademik Milli Dram Teatrı da Mirələmov “monopoliyasından” qurtulacaqmı? - AÇIQLAMA
23-04-2021, 19:14
Xəbər verildiyi kimi məlum video qalmaqalına görə Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov ötən gün çalışdığı ADNSU-nun Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib. Bu gün isə YAP-ın İdarə Heyətinin keçirəcəyi iclasda Mirələmovun partiyadan da uzaqlaşdırılacağı ehtimal olunur.
Xatırladaq ki, dövlət məmuru Hüseynbala Mirələmov özünü yazıçı kimi də təqdim edir. Pandemiyaya qədər təxminən 15 ilə yaxındır ki, Akademik Milli Dram Teatrında demək olar ki, hər mövsümdə onun yazdığı əsərlər tamaşaya qoyulurdu. Məsələn, ona məxsus “Xəcalət” tamaşası 15 il teatrın səhnəsində nümayiş olunub. Həmçinin onun əsərləri əsasında qoyulan tamaşalardan “Gəncə qapıları”, “Gəlinlik paltarı”nı göstərmək olar. Bir neçə il öncə teatrşünaslar, mütəxəssislər həmin əsərləri sərt şəkildə tənqid edib, Hüseynbala Mirələmovun teatrı sanki öz şəxsi mülkiyyətinə çevirdiyini bildirirdilər.
Qeyd olunurdu ki, son vaxtlar teatrda yaşanan durğunluğun səbəbi dramaturgiyadan uzaq, teatral mühitə uyğun olmayan, bayağı və dayaz əsərlərin, xüsusən də məmur yazıçıların, o cümlədən Hüseynbala Mirələmovun əsərləri üzərində səhnələşdirilən tamaşaların teatrlara ayaq açmasıdır. Elə aktyorlar da həmin tamaşalara həvəssiz yanaşırlar.
Tanınmış şair Aqşin Yenisey bununla bağlı 2016-cı ildə “Yeni Müsavat”a açıqlamasında bildirmişdi:
“3-4 il bundan əvvəl təsadüfən Hüseynbala Mirələmovun tamaşalarından birinə baxmışdım. Deyəsən, “Gəlinlik paltarı” tamaşası idi. Əvvəldə tamaşanın müəllifinin kim olduğunu bilmirdim. Tamaşada iki avtobus insan xüsusi bir təmtəraqla səhnəyə gətirilir. Heç də uğurlu əsər deyildi, aktyorlar da çox könülsüz oynayırdılar. Sonradan həmin tamaşa haqqında mətbuatdan oxuduqda bildim ki, tamaşanın müəllifi Hüseynbala Mirələmovdur və o, qaz idarəsinin direktorudur.
Ümumiyyətlə, teatrların səviyyəsinin aşağı düşməsinə səbəb yaradıcılığın teatra buraxılmamasıdır. Konkret yazıçı məmurlar var ki, teatr ancaq onların əllərindədir, yalnız onların əsərləri səhnələşdirilir. Hərdən də repertuarın gözünə Qoqoldan, Çexovdan, Şekspirdən bir əsər qatırlar ki, kənar müəlliflərin də əsərləri olduğu görsənsin. Halbuki, bu gün Azərbaycanın problemlərini özündə əks etdirən çoxlu sayda əsərlər var. Sadəcə bu heç kimi maraqlandırmır və məmurlar da buna imkan vermirlər. İmkan verilmir ki, yaradıcılıq çoxşaxəli olsun, xalqı düşündürən, onun suallarına cavab verə bilən bir cəmiyyət olsun”.
Bəs Akademik Milli Dram Teatrı bundan sonra Mirələmovun əsərlərini yenə də repertuarda saxlamağı düşünürmü?
Məsələ ilə bağlı teatrın mətbuat katibi Cavid Zeynalov “Yeni Müsavat”a açıqlama verib. Qurum rəsmisi qeyd edib ki, hazırda pandemiya şəraitində teatr fəaliyyət göstərmədiyi üçün bu məsələ ilə bağlı heç bir şərh bildirilmir.
“Yeni Müsavat”