Tanınmış həkim həbs olunan həmkarlarından danışdı: - “Gəncdirlər, dünyada tanınırlar, axı niyə...“
23-04-2021, 21:45
Ötən gün "Yeni klinika” tibb müəssisəsinin direktoru Pərviz Abbasov, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev və qeydiyyatçı Taleh İmanlı həbs edilib. Buna səbəb Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı sözügedən şəxslərlə bağlı rüşvət faktlarının aşkarlanması olub. Cəmiyyətdə belə bir rəy var ki, onlar TƏBİB rəhbərliyi və ya Səhiyyə Nazirliyi ilə əlbir olmasalar, bu əməli törədə bilməzdilər.
Maraqlıdır, baş vermiş hadisədə TƏBİB və Səhiyyə Nazirliyinin məsuliyyəti varmı?
Mövzu barədə Yenisabah.az-a açıqlama verən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev vurğulayıb ki, hər bir təşkilat tabe olduğu qurum qarşısında hesabatlıdır, onlar arasında əlaqənin olması məlum məsələdir:
“Ancaq təbii ki, problemi hüquq mühafizə orqanları, məhkəmə sistemi tam araşdırmalı və konkret faktları ortaya qoymalıdır. Mən o şəxslərin atdığı addımı qətiyyən müdafiə etmirəm, sadəcə çox maraqlıdır ki, bütün sahələrdə belə hadisələr baş verir. Onların bu xoşagəlməz əməli həkimlərə qarşı mənfi münasibət yaratmamalıdır. Məsələn, belə bir reallıq var ki, digər sahələr öz işlərini yaxşı qurmurlar, keyfiyyətsiz nəticə ortaya qoyurlar və insanlar da onların bu məsuliyyətsizliyinə görə xəstələnib sonda həkimdən müalicə tələb etməli olurlar. “Bu insanlar niyə xəstələnir?”,-deyə bir soruşan yoxdur. Müalicədə birinci yerdə səbəb öyrəniləmlidir. Bundan əlavə, torpaqlarımız azad olunanda həkimlərimizin gördüyü işlər çox mühüm idi. Onlar öz vəzifələrini tam yerinə yetirdilər. Koronavirusla mübarizədə də ən böyük yük həkimlərin çiyninə düşdü. Yəni demək istəyirəm ki, bəzi şəxslərin uyğunsuz addımları bütövlükdə həkim adına xələl gətirməməlidir”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, həkimlərin rüşvəntxorluqla məşğul olduğu konkret fakta söykənirsə, törətdikləri əmələ görə mütləq cavab verəcəklər:
“Onların tabe olduqları dövlət idarəsi ilə yüz faiz əlaqələri var. Bu əlaqənin nə formada işlənildiyini isə deyə bilmərəm. Mən əlaqənin normallığını görürəm, anormallığını isə hüquq mühafizə orqanları açıb göstərəcək. Arzuolunmaz hadisədir, səbəbləri araşdırılsa, çox yaxşı olar. Mən onlar haqqında oxudum, yaxşı titulları var, gəncdirlər, dünyada tanınırlar, axı niyə belə addım atıblar? Nə qədər ki bizim ölkədə tibbi sığorta qalib gəlməyib, müəyyən problemlər yaşanacaq. Düzdür, indi onun tətbiqinə başlanılıb, amma tibbi sığorta üçün insanlar, gərək, yaxşı maaş alsın və sığortaya yaxşı pul versinlər ki, xəstə-həkim münasibəti də normadan kənara çıxmasın. Bunlar bizim arzularımızdır”.