“Əleyhinizə yazanları “blok”a atmaqdansa, səmimi olun”
24-04-2021, 10:25
Bu gün operativlikdə sosial şəbəkələrlə az qala yarışa çıxan jurnalistikanın işi həm də dövlət qurumlarının mətbuat katiblərindən və onların sorğuları cavablandırmasından birbaşa asılıdır. Əks təqdirdə reallıq yalana, şayiələrə uduzur. Dərhal verilməyən reaksiya, cavablandırılmayan suala iki gün sonra “aydınlıq gətirilməsi” isə daldan atılan daşın topuğa dəyməyi kimi bir şeydir.
Bəlkə də daş ona görə topuğa dəyir ki, işi əsasən mətbuatdan gələn sualları cavablandırmaq olan mətbuat katibləri, daha çox piar menecer rolunu oynayır, təmsil etdiyi qurumun birbaşa vəzifəsi olan işləri sosial şəbəkələrdə eninə-uzununa ölçməklə vətəndaşa minnət yükləyir, qaldırılan məsələlərdə haqsız olduqlarında əks-hücum taktikasını seçir, problemləri öz üsulları ilə “həll edirlər”. Əslində son vaxtlar dövlət qurumlarına müşahidə edilən “ulduz axını” tendensiyası da “həlletmə missiyası”nın tərkib hissəsi hesab olunmalıdır. Tanınmış, peşəkar jurnalistlərin dövlət qurumlarında təmsil olunması olduqca sevindirici və təqdirəlayiq haldır. Əgər onların tanınmışlığından dövlət qurumlarının “sökükləri”nin “yamaqlanmasında” istifadə olunmasa...
“Bəzi mətbuat katibləri piar işinə cəhd edirlər...”
Sabiq mətbuat katibi, hazırda “HunerGroup”un PR və marketinq departamentinin direktoru Nəsimi Paşayevlə aydınlıq gətirməyə çalışdıq.
N.Paşayev qeyd edir ki, əslində mətbuat katibi ilə PR menecerin iş prinsipləri, üslubları bir-birindən fərqlidir:
“Mətbuat katibi konkret olaraq sözçüdür, əsas işi qurumun və rəhbərliyin sözlərini, mesajlarını kütləvi informasiya vasitələrilə ictimaiyyətə çatdırmaq, mətbuatdan gələn sorğuları müvafiq strukturlara yönəltməklə, onları cavablandırmaqdır. PR menecer isə bir şirkətin, qurumun ictimaiyyət qarşısında nüfuzunun yüksəldilməsinə, onun barəsində müsbət imic formlaşdırılmasına xidmət edən strukturdur. Məqsədi informasiya yaymaq deyil, müxtəlif vasitələrlə həmin qurumun nüfuzunu yüksəltmək, imicini müsbətə doğru dəyişməkdir.
İllər əvvəl dövlət qurumlarında yalnız mətbuat katibləri vardı, piar işiyox idi. Hazırda bəzi qurumlarda strukturun adını İctimaiyyətlə əlaqələr qoyub, piarla məşğul olmağa cəhd edirlər. Əslində alqışlanasıdır, əgər reallaşdıra bilsələr. Çünki mətbuat katibliyindənsə, piar daha yaxşıdır. Pair menecer ictimaiyyətin rəyini öyrənir. O, rəy əsasında müxtəlif təkliflər hazırlayıb rəhbərliyə təqdim edir və bildirir ki, biz buna uyğun hərəkət etməliyik. Mətbuat katibliyində isə rəhbərlik nə deyirsə, ictimaiyyətə o da təqdim olunur. Yəni mətbuat katibi vasitəsilə verilən açıqlama rəhbərliklə razılaşdırılır. Piar işi həm də ona görə önəmlidir ki, əgər hər hansı narazılıq, təklif, şikayət, hətta tərif varsa, hamısı toplanaraq, analiz edilir və buna uyğun strategiya ortaya qoyulur”.
Mətbuat katibi hara baxır?...
Hazırda dövlət qurumlarının əksəriyyətində piarla məşğul olduqlarını zənn edənlər daha çoxdur:
“Media aləmində tanınmış bir neçə nəfəri öz strukturlarına cəlb ediblər və onların işi yalnız sosial şəbəkələrdə postlar paylaşmaqdan ibarətdir. Günümüzdə cəmiyyətin böyük kəsimi sosial şəbəkələrdədir. Sosial şəbəkələr bir qurumun müsbət imicinin formalaşdırılması üçün ən uyğun məkandır. Amma söhbət ondan gedir ki, əgər siz müəyyən postlar paylaşır, insanlara müəyyən mesajlar verirsinizsə, bu, reallığı əks etdirməlidir. Əgər sizin paylaşdıqlarınız insanlarda qıcıq yaradır və yalan olduğuna qərar verilirsə, sizistədiyiniz qədər postlar paylaşa bilərsiniz, nəticəsi olmayacaq. Ona görə də bir neçə qurum var ki, onlar televiziya, qəzet və saytlarda işləyən tanınmış media işçilərini cəlb ediblər. Sosial şəbəkənin Azərbaycan variantında insanların bəlli bir statusu varsa, onun yazdığı xoşa gəldi-gəlmədi “like” edilir. Həmin əməkdaşlar topladıqları “like”sayına görə, çox gözəl piar işi “görürlər”. Sosial şəbəkədəki dost siyahısında olanlar da “like” xatirinə “like” edirlər, yazdıqlarını dəstəklədiklərindən deyil. Eyni zamanda, dövlət qurumları həmin əməkdaşlar vasitəsilə haqlarında neqativ xəbərlərin getməsinin qarşısını alırlar. Əslində bu çox yaxşı haldır. Bütün kütləvi informasiya vasitələrini nəzarətdə saxlayırsan, mediadan tanınmış simanı dəvət edib qoyursan mətbuat katibi, bununla da bütün problemlərin “həll olunur”. Bəzən sırf həmin simanın xatirinə hansısa neqativ xəbərin yazılmasının qarşısı alınır. Bu tərcihedilən haldır. Amma heç də hamının o adamdan xoşu gəlməyə bilər. Yaxud qurumla bağlı elə hadisə ola bilər ki, şəxsi münasibətlər belə, o xəbərin televiziyalarda, saytlarda getməsini əngəlləyə bilməz. Bu zaman dərhal qurum rəhbəri mətbuat katibini, yaxud piar menecerini günahlandırır: “Sən hara baxırsan?”. Halbuki belə olmamalıdır”.
“Əleyhinizə yazanları “blok”a atmaqdansa, səmimi olun”
N.Paşayev qurumun imicinin yüksəldilməsi üçün ən optimal yolun qaldırılan məsələyə operativ reaksiya verilməli olduğunu vurğulayır:
“Qurumda neqativ hadisə varsa, ona dərhal reaksiya verilməlidir. Sosial şəbəkədə qurumun əleyhinə yazanları dostluqdan çıxarmaqdansa, “blok”a atmaqdansa, hadisəyə dərhal reaksiya vermək və səmimi olmaq lazımdır. İş olan yerdə problemin olması mümkündür. Bunu inkar etmək əvəzinə dərhal müdaxilə etmək, onun həllinə çalışmaq, nəticəsi barədə ictimaiyyətə informasiya vermək ən düzgün yoldur. Amma bizdə necədir, neqativ hadisənin baş verməsi qəbul olunmur, dərhal əks hücuma keçməklə, “əsaslı” arqumentlər səsləndirilir, saytlarda gedən məlumatlar müxtəlif yollarla sildirilməyə çalışılır. Bu eyni zamanda, o cür saytların yaranmasına gətirib çıxarır ki, yalnız o tip xəbərlər yazılır, oturub mətbuat katibindən 3-5 manatlıq zəng gözləyirlər. İstər mətbuat katibi, istərsə piar menecer təmsil etdiyi qurumun nüfuzunu neqativ halları həll etməklə aradan qaldırmalıdır. Bir neçə dövlət qurumu var ki, onların mətbuat katibləri və ictimaiyyətlə əlaqələrə məsul şəxsləri məhz bu formada çalışırlar.
Bir nüansı qeyd etmək istəyirəm. Adətən mətbuat nümayəndələri mətbuat katiblərini qınayırlar ki, telefon zənglərimizə cavab vermir, suallarımızı cavablandırmır və s. Çox təəssüf ki, mətbuat katibləri nəninki öz dövlət qurumlarının rəhbərlərilə, hətta onlardan daha üst olan instansiyalarla razılaşdırmadan sualları cavablandırmırlar. Çox təəssüf ki, bu, günümüzün reallığıdır. Mətbuat katibi öz rəhbərinə müraciət edir. O da öz növbəsində onlardan daha yuxarı instansiyaya çıxır. Məlumat onlarla razılaşdırılmış formada ictimaiyyətə ötürülür. Bu da operativliyin qarşısını çox ciddi mənada alır”.