Bakıda tıxacı Hacıbala Abutalıbov yaradıb? – bəzi səbəblər AÇIQLANDI

24-04-2021, 14:08           
Bakıda tıxacı Hacıbala Abutalıbov yaradıb? – bəzi səbəblər AÇIQLANDI
Dünyanın bir çox iri şəhərlərindəki tıxaclar nəqliyyat təhlükəsizliyi ilə yanaşı insanların əsəblərinə də mənfi təsir göstərir.

Paytaxt Bakı da bu baxımdan istisna deyil. Paytaxtın mərkəzi küçə və prospektlərində demək olar ki, hər gün azı bir neçə dəfə əhali bu problemlə üzləşir. Xüsusilə, günün pik saatlarında şəhərin mərkəzində insanlar avtomobil və avtobuslarda saatlarla tıxacda qalır.

Bakının Nərimanov rayonu ərazisində, Heydər Əliyev propekti, 20 Yanvar metrosu ətrafında və Tbilisi prospektində nəqliyyatın hərəkəti demək olar ki, hər gün iflic olur. Tıxac bəzən saatlarla davam edir.

Maraqlısı odur ki, tıxac yalnız şəhərin mərkəzində və pik saatlarda deyil, Bakının istənilən yerində, günün istənilən saatında yarana bilər. Bu barədə çox deyilsə də, problem hələ ki, öz həllini tapmır.

Teref.az Cebhe.info-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı, Bakının küçə və prospektlərində nəqliyyat axınının çox olduğunu təsdiq edib.

Əsasən də axının pik saatlarda daha çox olduğunu deyən ekspert bildirib ki, kəsişən küçə və yollar bu yükü çəkə bilmədiyinə görə tıxac yaranır:

“Bəs bunun səbəbi nədir? Məsələn, 8 zolaqlı yolla avtomobil gəlir və onlar birdən-birə parçalanıb iki zolaqlı yol və bir zolaqlı küçələrə bölünür. Beləliklə, tıxac müşahdə edilir, sıxlıq yaranır”.

Elməddin Muradlı vurğulayıb ki, nəqliyyatın idarə edilməsi vahid sistem şəklində qurulmalıdır. Yol şəbəkəsi, yolların çəkilməsi hamısı vahid bir mərkəzdən idarə olunmalıdır:

“Lakin Bakı şəhərində və respublikamızda vəziyyət fərqlidir. Bu fərq nədir? Bu gün bəzi yollar Bakı şəhər icra hakimiyyətinin, bəziləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, qalan yollar isə bələdiyyələrin balansındadır. Yollarımızın azı bir neçə sahibi var və bu sahiblərin də hərəsi öz bildiyi kimi yol çəkir. Öz ağıl və təfəkkürləriylə yol şəbəkəsi qurur. Biri digərini tamamlamır. Xaotik, kor-koranə işin, əlaqəsiz və müzakirəsiz çəkilən yolların acı nəticəsi bu vəziyyətə gətirib çıxarıb”.

Ekspertin sözlərinə görə, bunun təməli sabiq mer Hacıbala Abutalıbovun zamanından qoyulub və hazırda da bu proses davam edir:

“Heç kim vəzifəsini itirmək istəmir və hamı əlində olan səlahiyyətdən sui-istifadə etmək istəyir. Hamı deyir ki, qoy, mən də yol çəkim, mən də yeyinti edim. Beləliklə, əziyyəti sadə vətəndaşlar, insanlar çəkir”.

Ekspert bildirib ki, parklanma ilə bağlı vəziyyət də ürəkaçan deyil:

“Sürücülər harada gəldi maşın saxlayır. Bəzən yer tapa bilmədiklərini deyirlər. Hər bir halda Bakı şəhəri bu gün yol-nəqliyyat infrastrukturu cəhətdən çox bərbad vəziyyətdədir. İdarəetmə yaxşı təşkil olunmur. Aidiyyəti qurumlar əlaqəli şəkildə işləmir. Problemin kökü məhz bununla bağlıdır. Ona görə də Bakının tıxac problemi hələ uzun illər həll olunmayacaq. İnsanlar 30 il sonra belə başqa ölkələrdə uçan avtomobillərdən, sürücüsüz taksilərdən danışanda, bizdə hələ də tıxacdan, sürücü mədəniyyətindən, avtobuslardakı sıxlıqdan danışılacaq. Biz bu sahədə çox geri qalırıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.