SSRİ CASUSLARININ TALEYİ NECƏ OLDU?

25-04-2021, 00:01           
SSRİ CASUSLARININ TALEYİ NECƏ OLDU?
Bir vaxtlar dünyanın ən böyük imperiyalarından olan və cəngəlliklər ölkəsində belə özünün casus şəbəkəsini quran SSRİ 70 ildən artıq bir müddətdə belə demək mümkünsə casuslarının köməyi ilə ən gizli sirlərə belə yol tapa bildi. Teref.az xəbər verir ki, SSRİ dağılandan sonra isə dünyanın müxtəlif bölgələrində çalışan casusların bir hissəsi başqa adla yaşadılar və öz biznesini quraraq peşəkar iş adamlarına çevrildilər. Digərləri isə Rusiyaya qayıdaraq vətəndə yeni şəraitə uyğunlaşmağa çalışdılar. Amma gec-tez ifşa edilmək təhlükəsindən qorxan, eyni zamanda vətənə qayıtmaq istəməyən və çıxış yolunu qarşı tərəfə xidmətini təklif etməkdə görən casuslar da az olmadı. Belələrindən biri də peşəkar kəşfiyyatçı Boris Karpiçkov idi. 1984-cü ildə KQB ( SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi, DTK) tərəfindən casusluğa cəlb edilən Karpiçkov xarici əks-kəşfiyyat Baş İdarəsinin Latviyadakı strukturlarında işləyirdi. Həmin vaxt əks-kəşfiyyatda bir çox məsul tapşırıqları yerinə yetirən Boris Karpiçkov SSRİ dağılandan sonra Latviya kəşfiyyatına işləməyə başlayaraq ikitərəfli casus funksiyasını həyata keçirdi. Amma ötən əsrin 90-cı illərinin ortalarında DTK-nın yerində yaradılan Federal Təhlükəsizlik Xidməti Boris Karpiçkovu qane etməməyə başlamışdı və o bu qurumun fəaliyyətindən narazı idi. Latviya kəşfiyyatı Karpiçkovun iki tərəfə işləməsini müəyyən edəndən sonra o Rusiyaya qayıtmağa məcbur oldu. Amma artıq o Rusiyada yaşamaq və onun arzularını doğrultmayan ölkənin xeyrinə casusluq etmək istəmirdi. Ona görə də Boris Karpiçkov ötən əsrin 90-cı illərinin sonlarında saxta sənədlə Böyük Britaniyaya getdi. Amma o burada sakit həyat sürmək niyyətində idi və ona görə də bir daha casusluq fəaliyyəti ilə məşğul olmadı. Təbii ki, FTX öz casusunun Rusiyanı saxta sənədlə tərk etməsindən gec xəbər tutdu. Əvvəl Moskvada elə zənn etdilər ki, Boris Karpiçkov Böyük Britaniya kəşfiyyatına hansısa sirri satacaq. Ona görə də dərhal keçməş casusun Böyük Britaniyadakı hər addımı xüsusi nəzarət altına alındı və təhlükə törədəcəyi təqdirdə onun məhv edilməsi barədə göstəriş verildi. Lakin qeyd etdiyimiz kimi Boris Karpiçkov xəyanətə əl atmadı. O satqınlığa görə özünün məhv ediləcəyini, Rusiyadakı ailəsinin isə təhlükələrə məruz qalacağını yaxşı bilirdi. Teref.az qeyd edir ki, ona görə də o Londonda sakit bir həyat yaşamaqdadır. Keçmiş DTK casusunun Londonda məskunlaşması Böyük Britaniya kəşfiyyatına da məlumdur. Onlar da casusun hər addımını nəzarət altında saxlayırlar. Buna baxmayaraq hələlik Boris Karpiçkovun casusluqla məşğul olduğunu göstərən cüzi bir fakt belə tapmaq mümkün olmayıb…

DTK arxivini MI-6-ya verən casus- Vasili Mitroxin
1948-1984-cü illərdə DTK casusu funksiyasını həyata keçirən Vasili Mitroxini də xaricə üz tutmağa, satqınlığa vadar edən səbəb onun ölkə rəhbərliyindən narazı qalması oldu. 8 il ərzində xarici ölkələrin birində xüsusi tapşırıqları yerinə yetirən Vasili Mitroxini 1956-cı ildə DTK arxivində işə keçirdilər. Amma həmin dövrdə SSRİ-ni idarə edən Nikita Xruşşovun Stalini kəskin tənqid etməsindən və nəticədə onun cənazəsinin mavzoleydən çıxarılmasından sonra Mitroxin mənsub olduğu dövlətdən intiqam almaq qərarına gəldi. Bu məqsədlə Mirtroxin arxivdəki gizli sənədlərin surətini çıxararaq onları bağında əkdiyi tərəvəzin altındakı gizli yerdə saxlamağa başladı. Arxivdə işlədiyi illərdə Mitroxin buradakı ən gizli sənədlərin surətini çıxararaq həmin yerdə saxladı. Nəticədə 6 çamadandan ibarət böyük bir arxiv yarandı. SSRİ-nin dağılmasından sonra Vasili Mitroxin gizli sənədləri Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşına vermək istədi. Ancaq MKİ-də Mitroxinin bu hərəkətinə şübhə ilə yanaşaraq onun təxribat olacağından ehtiyat etdilər. Nəticədə keçmiş DTK əməkdaşınn gizli arxivi MKİ-yə vermək cəhdi baş tutmadı. Amma MKİ vasitəsi ilə məsələdən xəbər tutan Böyük Britaniyanın MI-6 kəşfiyyatı dərhal Vasili Miroxinlə əlaqə saxladı. Nəticədə MI-6 6 çamadan DTK arxivini Mitroxinlə birgə xaricə, Londona apara bildi. DTK arxivindəki sənədlər o qədər böyük tapıntı idi ki, Böyük Britaniya dərhal Vasili Mitroxini ölkə vətəndaşlığına qəbul edərək ona təqaüd kəsdi. FTX-nin Mitroxini aradan qaldırmasına imkan verməmək üçün onun adı dəyişdirildi və təhlükəsizliyini təmin etmək üçün mühafizəçi təyin edildi. Sonralar Mitroxin vətənə xəyanətini özünün vətəndaşlıq borcunu yerinə yetirməsi, yeni Rusiya üçün çalışmaq istəyi ilə izah etmişdi. Vasili Mitroxin 81 yaşında da Böyük Britaniyada vəfat etdi.

Eyms Oldric DTK-dan 4 milyon dollar qazansa da…
MKİ-də SSRİ-ni xeyrinə casusluq edən məşhur kəşfiyyatçı Eyms Oldricin də sonrakı həyat yolu heç də asan olmadı. 1962-ci ildə DTK tərəfindən SSRİ-nin xeyrinə casusluğa cəlb edilən Oldric MKİ-nin düz ürəyində-mərkəzində işləyərək Moskvaya qiyymətli məxfi məlumatlar ötürdü. Həmin dövrdə SSRİ ilə iş şöbəsində işə keçirilən Oldric ABŞ-ın Rusiyadakı gizli kəşfiyyatçılarının siyahısı ilə tanış olmaq imkanı əldə etdi. O dövrdə Oldric həyat yoldaşından ayrlımışdı və ona böyük həcmə borclu qalmışdı. Oldric həmin pulu SSRİ kəşfiyyatına xidmət etməyin əvəzində əldə edə bildi. SSRİ-də işləyən MKİ casuslarını pulla DTK-ya satmağa başlayan Oldric bununla da 25 casusun həbs edilməsinə səbəb oldu. Nəticədə bu alverdən Oldric 4 milyon dollar qazandı. Yalnız 1994-cü ildə satqın vasitəsi ilə MKİ Oldricin izinə düşərək onu həbs etdi. Məhkəmə 32 il ərzində SSRİ-nin, sonra isə Rusiyanın xeyrinə casusluq edən Oldricə ömürlük həbs cəzası kəsdi. Hazırda Oldric Pensilvaniyadakı həbsxanalardan birində ömrünün son günlərinin çatmasını gözləyir.

Oleq Kalugin də satqın çıxdı
SSRİ DTK-da Oleq Kalugin olduqca fitri kəşfiyyatçı bacarığına malik bir şəxs hesab edilirdi. Onu kəşfiyyatda işə götürərkən də məhz bu fitri istdadı nəzərə alınmışdı. Qısa müddətdə Kalugin ona tapşırılan bütün tapşırıqların öhdəsindən məharətlə gələrək özünü gələcəyi parlaq olacaq kəşfiyyatçı kimi göstərə bildi. Ona görə də Kalugini bu dəfə olduqca çətin, eyni zamanda məsul olan bir işə ABŞ-da SSRİ-nin xeyrinə casusluq etməyi tapşırdılar. Bunu ört-basıdr etmək üçün Kalugini Fulbrayt fondunun xüsusi proqramı çərçivəsində ABŞ-a jurnalistika ixtisası üzrə təhsil almağa göndərdilər. Qısa müddətdə özünü mahir jurnalist kimi göstərən Kalugin SSRİ-nin Nyu-Yorkdakı səfirliyində ABŞ-da əks-kəşfiyyat şəbəkəsinin koordinatoru kimi fəaliyət göstərməyə başladı. Bu vəzifənin öhdəsindən yüksək səviyyədə gəldiyi üçün 1974-cü ildə ona DTK generalı rütbəsi verildi. O bununla da SSRİ-də ən gənc DTK generalı oldu. Lakin gözlənilmədən xoşbəxtlik Kalugindən üz döndərdi. Onun DTK ilə əməkdaşlığa cəlb etdiyi casuslardan biri MKİ əməkdaşı çıxdı. Bundan sonra onu Moskvaya geriyə çağırmalı oldular. Moskvada Kaluginə SSRİ-də rejim əleyhidarı olan insanları üzə çıxarmaq və onları izləmək tapşırıldı. Kalugin ona tapşırılan işin öhdəsindən gəldiyi zaman DTK-da çoxlu sayda korrupsiya hallarının ortada olması faktları ilə üzləşdi. Nəticədə onda sistemə qarşı nifrət əmələ gəldi. Artıq bu sistemdə işləmək istəməyən Kalugin DTK-dakı işindən çıxdı. 1990-cı ildə SSRİ-də baş verməkdə olan hərc-mərclikdən istifadə edən Kalugin ABŞ-a getməyə imkan tapdı. ABŞ-da Katolik universitetində dərs deməyə başlayan Kaluginin həmin dövrdə ona məlum olan çoxsaylı sirləri ABŞ kəşfiyyatına ötürdüyü iddia edilir. Nəticədə həmin dövrdə onlarla Rusiya casusu həbs edildi. 2002-ci ildə Rusiyada qiyabi olaraq Oleq Kalugin 15 illik həbs cəzasına məhkum edildi. Hazırda Kalugin ABŞ təhlükəsizlik və əks-kəşfiyyat problemləri üzrə tədqiqatlar mərkəzində dərs deyir. O eyni zamanda Vaşinqtondakı kəşfiyyat muzeyinin rəhbərlərindən biridir.

Oleq Lyalin -qadın qurbanı
SSRİ-nin Londonda fəaliyyət göstərən kəşfiyyatçılarından biri də Oleq Lyalin idi. Ötən əsrin 70-ci illərində Londonda SSRİ Ticarət palatasının nümayəndəsi adı altında casusluqla məşğul olan Oleq Lyalin qadın həvəskarı idi. O həmin dövrdə özü ilə işləyən İrina Teplyakova adlı qadınla eşq macərası yaşamaqda idi. Eyni zamanda o yerli qadınlarla da əylənməyi sevirdi. MI-6 uzun müddət sərxoş həyatı keçirən Lyalini əməkdaşlığa cəlb etmək üçün fürsət axtarırdı. Nəhayət günlərin birində Lyalini sərxoş halda həbs etdilər. Həbs edilərkən Lyalin özünün casus olduğunu və heç kimin onu həbs etməyə haqqının çatmadığını dilindən qaçırdı. Mİ-6 dərhal bundan istifadə edərək Lyalini şantaj yolu ilə əməkdaşlığa cəlb edə bildi. Lyalin DTK-nın Londondakı casus şəbəkəsi barədə qarşı tərəfə geniş məlumat verdi. Nəticədə 18 nəfər DTK kəşfiyyatçısı həbs edildi. Bundan sonra Londonda yaşayan Lyalin 1995-ci ildə müəmmalı şəkildə dünyasını dəyişdi. Onun FTX tərəfindən göndərilən casus vasitəsi ilə satqınlığa görə aradan qaldırıldığı ehtimal edilir.
Əziz Mustafa
\gencaile.az\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.