Uşaq ciddi travma altında, əməli törədən qadın azadlıqda və rəsmilər susqun
25-04-2021, 09:58
“Qadın azadlıqda gəzir, hər yerdə uşağın başqa bir əzasını da kəsəcəyini söyləyir, təhdid edir və uşaq qorxu içindədir”
Aprelin 16-da Bərdə bölgəsində şok bir hadisə baş verdi: bir qadın on yaşlı qonşusunun uşağının cinsiyyət orqanının bir hissəsini kəsdi. Cinayətkarın həbsdə olmadığı, ancaq ATV kanalındakı “Bizimləsən” verilişinin efirində televiziyada göründüyü, etdiyi hərəkət barədə qürurla bütün ölkəyə danışdığı və bir damla peşmanlıq duymadığı çox təəccüblüdür.
Bu yayım qalmaqala səbəb oldu. Veriliş müvəqqəti olaraq dayandırıldı və televiziya kanalı yetkinlik yaşına çatmayanların izləyə biləcəyi vaxtda onların fiziki, psixoloji və mənəvi inkişafına zərər verə biləcək verilişlərin yayımlandığına görə cərimələndi.
“Bu vəziyyətdə bir çox sual yaranır və bunlar, ilk növbədə bəzi media və dövlət qurumlarının səriştəsiz işlərinə aiddir”. Bunu AYNA-ya açıqlamasında “Etibarlı Gələcək” İctimai Birliyinin sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) yanında İctimai Şuranın üzvü Kəmalə Haşımova deyib.
Məlum olub ki, sərxoş vəziyyətdə olan qadın uşağı ona yaxşı münasibət göstərməyən qonşuların gözü qarşısında öz evinə aparıb. Heç kimin ona nə üçün müdaxilə etməməsi cavabını gözləyən sualdır. Uşağın valideynləri işdə idilər və o, bilinməyən bir səbəbdən həmin anda evdə olmayan xalasının yanında qalırmış. Qanı axan uşaq qadının mənzilindən qaçaraq evinə gəlir və qonşular onu xəstəxanaya apararaq, lazımi yardım edirlər.
İki yaşlı qıza gəlincə, ekspertin dediyinə görə, mütəxəssislər onunla məşğul olublar və bəlli olub ki, oğlan ona qarşı nalayiq hərəkətlər etməyib: “Bununla birlikdə məlum oldu ki, ana tez-tez gənc qızını nəzarətsiz qoyurmuş, uşaq küçədə tək gəzirmiş. Qadının alkoqol və narkotikdən istifadə kimi pis vərdişlərə həssas olduğu ortaya çıxdı. Bu baxımdan onu yalnız oğlana etdiyi şeyə görə cinayət məsuliyyətinə cəlb etmək deyil, həm də valideyn hüquqlarının məhdudlaşdırılması məsələsini qaldırmaq lazımdır”.
“Oğlana gəlincə, qadının özü başa düşdü və etiraf etdi ki, oğlan onun qızına heç bir şey etməyib, amma bu, onu dayandırmadı. Əgər uşaq həqiqətən də qadının onu ittiham etdiyi bir şey etmiş olsa da, belə hallarda linç etməməli, müvafiq strukturlara müraciət etməli idi”, - deyə Haşımova bildirib.
Müsahibimiz hesab edir ki, bu hadisənin televiziyada işıqlandırılması, bir cinayətkarın verilişə dəvət edilməsi dəhşətlidir: “Uşağın anasına müxtəlif suallar verildi. Uşaq hüquqları ilə məşğul olan bir təşkilat olaraq, uzun illərdir deyirik ki, belə hallarda xəsarət alan uşağın adını, baş verənlərin təfərrüatını, uşağın yaşadığı yeri və s. göstərmək olmaz. Fəqət, fəaliyyətimizə baxmayaraq və uşaqların qorunmasından məsul olan dövlət strukturlarının fəaliyyətinə baxmayaraq, televiziya kanalları və media sistemli şəkildə uşaq hüquqlarını pozur. Uşaq televizorda onun haqqında informasiya səsləndikdən sonra çölə çıxmağa utanır. Və ikiqat psixoloji travma alaraq necə rahat yaşaya bilər?! Təəssüf ki, heç kim bu barədə düşünmür. Bu cür proqramlar hazırlayanlar ciddi şəkildə cəzalandırılmalıdır”.
Bu vəziyyətdə günahkarın cəzalandırılması lazım olan dəhşətli bir hadisənin baş verdiyi deyilmədi. Sadəcə, uşağa travma yetirən qadın efirdə hər şeyi doğru etdiyini söylədi. Bu cür proqramlar digər insanlar üçün pis bir nümunə ola bilər, çünki uşağa qarşı şiddət və linç təbliğatı var.
“Əməliyyatdan sonra uşaq evdədir və “Etibarlı Gələcək” təşkilatı onun ailəsi ilə, eləcə də cinayətin törədildiyi rayonun dövlət qurumları ilə əlaqə saxlayır. Rayonun İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyası, polis şöbəsi, uşaq müfəttişi ilə iş birliyi davam edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, xüsusən də ilk günlərdən müdaxilə edərək ailə ilə işləməyə başlayan regional ailə uşaq mərkəzi işin baxılmasında iştirak etdi”, - deyə Haşımova vurğulayıb.
Suallar, yuxarıda qeyd edildiyi kimi, yalnız bəzi media orqanlarının işi ilə deyil, həm də dövlət qurumları ilə əlaqədardır. Həmsöhbətimizin dediyinə görə, uşaq xəstəxananı tərk etmədən polis şöbəsinə ifadə verməyə dəvət edildi: “Lakin hələ özünə gəlməmişdi. Bundan əlavə, psixoloji bir şok yaşasa da, psixoloqun iştirakı olmadan uşaqla söhbət etdilər. Yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyaya gəldikdə, təəssüf ki, görülən işlər barədə dəqiq məlumat verə bilmədilər. Bizə sadəcə “bu iş polisin işidir” dedilər. Buna təəccüblənmirəm, belə hallar tez-tez baş verir. Ancaq ümumiyyətlə, uşağa qarşı qəddar münasibətə təəccüblənirəm, yuxarıda sadalanan dövlət strukturlarının işçiləri onun başına gələnlərlə həqiqətən maraqlanırlarmı?”.
“Cinayət törədən bir qadın hələ də azadlıqdadır, mühakimə olunmayıb. Hər yerdə uşağın başqa bir əzasını kəsəcəyini söyləyir, onu təhdid edir və uşaq qorxu içindədir. İndi ailə başqa bir yerdə yaşamaq məcburiyyətində qalır, baxmayaraq ki, mənzil kirayə götürmələri onlara maddi cəhətdən çətindir. Ailəyə kömək etməyə, eyni zamanda uşağa psixoloji yardım göstərməyə çalışırıq və bu baxımdan regional ailələrə dəstək mərkəzi onunla işləyəcək”, - deyə ekspert bildirib.
Vəziyyətə daha çox nəzarət olunması üçün təşkilatın Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə quracağını söyləyən Haşımovanın sözlərinə görə, əvvəla cinayətkar cinayət məsuliyyətinə cəlb olunmalı, sonra uşaqla işləməyə fərqli yanaşılmalıdır: “İndiyə qədər müstəntiqlə əlaqə qurmaq mümkün olmayıb və uşaq müfəttişlərinin istintaqın gedişi barədə məlumat vermək hüququ yoxdur. Uşaqlarla işləmə təcrübəsinə sahib olanlar bu prosesə müdaxilə edə bilmir, amma həmkarlarına bəzi məsləhətlər verə bilərlər. Uşaq Hüquqları Konvensiyasına və Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” Qanununa riayət olunması vacibdir. Uşaqların maraqlarını qorumaq birinci iş olmalıdır”.
Biz də ümid edirik ki, məsul strukturlar müvafiq nəticələr çıxaracaq və işlərini yaxşılaşdıracaq, ağır fiziki və psixoloji travma almış uşaq lazımi reabilitasiyadan keçəcək və ədalət öz yerini tapacaq.
Müəllif: Elya Belskaya