İmtahandan sonra sualları paylaşanların nəticələrinin ləğvi qanunidirmi?

27-04-2021, 00:12           
İmtahandan sonra sualları paylaşanların nəticələrinin ləğvi qanunidirmi?
Bu barədə fərqli rəylər var

Ötən buraxılış imatahanında 4 abituriyentin sual kitabçasının şəklini çəkərək sosial şəbəkələrdə paylaşması Dövlət İmtahan Mərkəzi tərəfindən qayda pozuntusu kimi qiymətləndirilib. Qurumdan bildirilib ki, həmin şəxslərlə bağlı araşdırma aparılır. Qayda pozuntusuna yol verən abituriyentlərin nəticələri ləğv olunacaq.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Osman Gündüz sosial şəbəkədə bu məsələyə reaksiya verərək bildirib ki, dövlət resursları hesabına formalaşan və istifadə edilən sual kitabçasının paylaşımı və sualların müzakirəsi hüquq pozuntusu sayıla bilməz: “Əslində Dövlət İmtahan Mərkəzi sualları özü açıqlayıb, dərhal izahat verməlidir”.

Təhsil eksperti Elşən Qafarov isə “Press Klub”a şərhində qeyd etdi ki, hər bir fəaliyyətin və prosedurun bir qaydası olur və bu qaydalara riayət etmək orada iştirak edənlər üçün əsas şərtdir.

Ekspertin fikrincə, telefonların imtahan zalına keçirilməsi qaydaların kobud şəkildə pozulması deməkdir:

“Bununla bağlı Dövlət İmtahan Mərkəzinin görəcəyi hər bir tədbir qaydalara uyğundur. Təbii ki, Dövlət İmtahan Mərkəzi imtahan prosesi başa çatdıqdan sonra bu sualları açıqlamalıdır, açıqlayır da. Burada məsələ sualların şəkillərinin çəkilməsi və çölə çıxarılması yox, Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli, 498 saylı qərarına uyğun olaraq abituriyentlərin buraxılış imtahanlarında tətbiq olunan qaydalara (telefon və ya hər hansı bir texniki vasitənin imtahan zalına keçirilməsi qəti şəkildə yolverilməzdir) əməl olunmamasıdır. Görünür, həmin şəxslər telefonu imtahan zalına keçirə biliblər. Bu da qaydaların ciddi şəkildə pozulması deməkdir. Ola bilər ki, həmin abituriyentlər sualları kiməsə göndərib, sualların cavablandırılması üçün kömək də alıblar. Bunu necə müəyyən etmək olar? Bu, həmin abituriyentlərin imtahan nəticələrini şübhə altına alır. Ona görə də, düşünürəm ki, Dövlət İmtahan Mərkəzinin görəcəyi tədbirlər tam qaydalar çərçivəsindədir və Nazirlər Kabinetinin qoyduğu tələblərə uyğundur.

Osman Gündüzün fikri ilə də razıyam ki, DİM bu sualları açıqlamalıdır. Dövlət İmtahan Mərkəzi imtahan prosesəri bitdikdən sonra sualların nümunələrini onsuz da paylaşır. Amma bunu imtahan prosesi gedə-gedə etmək olmaz”.

Digər təhsil eksperti Qoşqar Məhərrəmov “Press Klub”a açıqlamasında sual kitabçalarının sosial şəbəkələrdə paylaşılmasının yolverilməz olduğunu vurğuladı:

“Qadağan olduğu halda, imtahan zalına telefonla daxil olması şübhəsi yarandığı üçün həmin abituriyentlər haqqında araşdırmanın aparılması normaldır”.

Ekspertin sözlərinə görə, imtahan iştirakçıları imtahanın sonunda sual kitabçası və cavab vərəqəsini mütləq nəzarətçiyə təqdim etməlidir.

Ülviyyə Şahin












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.