Kərim Babayevin bazarlarına ordu yeritdilər, yüzlərlə saxlanılan var (VİDEO)
28-04-2021, 11:32
Rusiyanın Rostov vilayətində güc strukturları dünən səhər saatlarında azərbaycanlı biznesmen Kərim Babayevə məxsus üç nəhəng ticarət mərkəzində xüsusi əməliyyat keçirib.
Teref.az Virtualaz.org-a istinadən xəbər verir ki, 3500-ə yaxın polis, hərbçi və "Rosqvardiya” döyüşçüləri vilayətin Aksay rayonunda biznesmenə məxsus "Almaz”, "Klassik” və "Atlant” ticarət mərkəzlərini mühasirəyə alıb, nəticədə yollarda uzunluğu kilometrlərlə ölçülən tıxaclar yaranıb.
Kərim Babayevin adı Aksay rayonunun administrasiyasının başçısı, aprelin 12-də həbs edilən Vitali Borzenkonun işində keçir. Borzenko 27 ildir həmin vəzifəni tuturdu və Federal Təhlükəsizlik Xidməti onu dövlətə məxsus torpaq sahələrini dələduzluq yolu ilə ələ keçirilməsi, korrupsiya kimi ittihamlarla həbs edib. Borzenko ilə birlikdə Kərim Babayevin oğlu Eduard Babayev və biznesmenin daha bir ortağı da həbs olunub. Kərim Babayevin isə Türkiyə üzərindən Azərbaycana, "nüfuzlu qohumlarının yanına” qaçdığı bildirilir. O, "Rostovun Berezovskisi” hesab edilir, çünki şirkətləri, kommersiya obyektləri və böyük torpaq sahələri var.
Biznesmenin "Almaz”, "Klassik” və "Atlant” adlı üç bazarı isə Aksay rayonunun inzibati ərazisində, faktiki olaraq isə Rostov şəhərinin çıxışında 15 hektar ərazidə yerləşir. "Rostov Gazeta” bildirir ki, bazarlarda keçirilən xüsusi əməliyyat zamanı 460 ticarətçi və ticarət köşklərinin sahibləri saxlanılaraq aparılıb. Onların qeyri-leqal miqrantlar olduğu bildirilir. Saxlanılanlar Əfqanıstan, Ermənistan, Azərbaycan və Türkiyə vətəndaşlarıdır. Bazarda işləyən qeyri-leqal miqrantların əksəriyyətinin mayın 4-nə qədər deportasiya olunacaqları deyilir. Saxlanılanları Rostovun bir neçə polis bölməsinə aparıblar. Bəzi məlumatlara görə bazarların ərazisində qeyri-leqal miqrantların yaşadığı qanunsuz tikililər də aşkarlanıb.
Hər üç bazar hazırda bağlıdır, onların sonrakı taleyinin necə olacağı məlum deyil.
Həbs olunan rayon başçısı Vitali Borzenkonun uzun illərdir Kərim Babayevlə əlbir olaraq ona torpaq sahələri ayırdığı, bazarlarından haqq aldığı bildirilir. KİV-lər K.Babayevin Rusiyada da çoxsaylı biznesmen qohumlarının olduğunu yazır.