Azərbaycanda ilk dəfə mədəni şəkildə küncüt əkininə başlanıb

28-04-2021, 22:57           
Azərbaycanda ilk dəfə mədəni şəkildə küncüt əkininə başlanıb
Görülən işlərin əsas məqsədi maarifləndirmə və bu sahəyə olan marağın artırılması ilə yanaşı, texniki təminat göstərmək, iqtisadi cəhətdən daha çox əhəmiyyətli olan qeyri-ənənəvi bitkiçiliyi inkişaf etdirmək, həmçinin küncütün əvvəlki şöhrətini yenidən qaytarmaqdır.

Saatlı rayonu Əhmədbəyli kəndində 1 hektar ərazidə küncüt əkininə start verilib. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqroservis" Açıq Səhmdar Cəmiyyəti bu sahənin inkişafına dəstək məqsədi ilə həmçinin digər fermerlərin də bu sahəyə marağının artırılmasını təşviq etmək üçün bir sıra addımlar atıb. "Aqreservis" ASC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Cəmiyyət ölkəmiz üçün qeyri-ənənəvi bitkiçilik olan bu sahələr üçün fermerlərə kompleks aqrotexniki xidmətlər təklifi hazırlayıb. Bu təkliflər çərçivəsində əkin üçün lazım olacaq bütün aqrotexniki işlər, texnika təminatı, becərilmədə istifadə ediləcək keyfiyyətli mineral gübrə təminatı, zərərvericilərə qarşı dərmanlar, həmçinin məhsulun itkisiz yığılıb fermerə təqdim edilməsi işləri həyata keçiriləcək.

Küncüt qeyri-ənənəvi bitki olduğu üçün fermerlərin maarifləndirilməsi və bitkiyə vegetasiya müddətində düzgün qulluğun edilməsi üçün "Aqroservis" ASC Əkinçilik Elmi Tədqiqat İnstitutu ilə əməkdaşlıq edərək, bu kimi sahələrə aqronomların ayrılması, bitkinin düzgün inkişafı üçün aqro-texniki məsələlərin həlli istiqamətində müvafiq işlər görüb.

Görülən işlərin əsas məqsədi maarifləndirmə və bu sahəyə olan marağın artırılması ilə yanaşı, texniki təminat göstərmək, iqtisadi cəhətdən daha çox əhəmiyyətli olan qeyri-ənənəvi bitkiçiliyi inkişaf etdirmək, həmçinin küncütün əvvəlki şöhrətini yenidən qaytarmaqdır.

Məlumat üçün bildirək ki, küncüt bitkisi heyvandarlıq üçün də əlverişli hesab olunduğundan mütəxəssislər bu sahəyə əhəmiyyət verməyi vacib hesab edirlər.

Bundan başqa, qeyd edək ki, küncütün tərkibində güclü antioksidant "sezamin" var. Bu maddə xərçəngin profilaktikasında effektlidir. Toxumların tərkibində olan yağlı turşular ürək-damar sisteminin sağlamlığı üçün çox faydalıdır, insult və infarktın riskini azaldır. Kalsiumla zəngin olan küncüt sümük və oynaqların sağlamlığı üçün də olduqca faydalıdır. Tərkibində A, E və C vitaminləri kimi güclü antioksidanların sayəsində küncüt orqanizmi cavanlaşdırır, xroniki xəstəliklərinin inkişafına mane olur. Hektara 1-1,5 kiloqram toxum səpməklə 2 ton, 2 ton yarım məhsul əldə olunur. küncüt sortları vegetasiya müddətinin uzunluğuna, məhsuldarlığına və toxumunun rənginə görə seçilir. Ağ toxumlu sortları xüsusilə qiymətli sayılır. Onlar az məhsuldardırlar, ancaq yüksək keyfiyyətli yağ verirlər. Belə sortları qüvvəli düzən torpaqlarda becərirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.