Atmosferi sürücülər, yoxsa zay benzin, yağlar çirkləndirir? - DYP-nin reydinə sozardı
29-04-2021, 21:52
Paytaxtda və bölgələrdə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək, eləcə də ətraf mühitin mühafizəsi sahəsində nəzarət tədbirlərinin artırılması məqsədilə keçirilən reydlər davam etdirilib.
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu qəbildən olan növbəti tədbir atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması və ən önəmlisi bu sahədə maarifləndirmə işinin daha da gücləndirilməsinə həsr olunub.
Bizimxeber.az bildirir ki, dünyanın bütün ölkələrində atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması üçün müxtəlif vasitələrdən istifadə olunur. Sürücünün çərimələnməsi isə ən sondadır.
Əslində ilk sual budur ki, nəqliyyat vasitəsi hansı halda atmosferi çirkləndirir? Bunun günahkarı sürücüdürmi, avtomobildirmi yoxsa, standartlara cavab verməyən benzin satışını təşkil edənlər, orjinal olmayan avtomobil yağını, ehtiyyat hissələrini ölkəyə gətirənlər? Bəlkə belə məhsulları ölkəyə gətirənləri, tüstüsü göyə çıxan benzini satanları cərimələmək lazımdır? Benzin zaydırsa, orjinal yağ süni olaraq od qiymətinə satılırsa, ehtiyyat hissələri standartlara cavab vermirsə burda surucunün günahı nədir? Niyə cərimələnməlidir?
Ölkədə köhnə avtomobillərin ehtiyyat hissələrini satan qara bazar hamını gözü qarşısında deyilmi? İstismar müddəti bitmiş avtomobilləri doğrayıb ölkəyə gətirənlər niyə cərimələnmir?
Məlumatda qeyd olunur ki, Kütləvi İnformasiya Vasitələrinin də cəlb olunduğu tədbirlərdə mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarı normadan artıq olan avtonəqliyyat vasitələri müəyyən edilərək sürücüləri qanunvericiliyə uyğun inzibati məsuliyyətə cəlb edilib.
Əcəba o dediyiniz KİV nümayənəndəsi sürücünün problemini soruşdumu? "Nədən avtomobilin atmosferə zərərli qazlar buraxır" sualını verdimi? Dediyiniz KİV nümayənəndəsi ehtiyyat hissələrinin, benzinin, avtomobil yağlarının keyfiyyətindən razısınızmı sualını sürücüyə verdimi? Cərimələmək asandır cənablar, hətta o qədər asandır ki...
Amma problemin səbəbinin başqa olduğunu da bilməmiş deyilsiz.
"Təmiz hava” şüarı altında keçirilən tədbirlərin ilin sonuna qədər davam etdirilməsi nəzərdə tutulur. Deməli ilin sonuna kimi daha çox sürücü cərimələnəcək.