Azərbaycan Göyçə ərazisinə girib, girməyib? - Ermənistandan təzadlı açıqlamalar

13-05-2021, 10:47           
Azərbaycan Göyçə ərazisinə girib, girməyib? -
Göyçə (Qaqarkunik) vilayətinin valisi Gnel Sanosyan Azərbaycan əsgərlərinin Ermənistan ərazisinə 3.5 km irəliləməsi barədə iddialara aydınlıq gətirib.

Ovqat.com xəbər verir ki, vali News.am saytına açıqlamasında sərhədçilərimizin bu fəaliyyətinin qanuni əsaslara söykəndiyini və atəşkəs rejiminin pozulmadığını etiraf edib.

Onun sözlərinə görə, 44 günlük savaşdan sonra havalar soyuq olduğundan Azərbaycan tərəfi sərhədlərin delimitasiya və demarkasiya prosesini həyata keçirə bilməyib, indi isə yarımçıq qalmış işi davam etdirir.

““Vardenis”lə bitişik bəzi yüksək dağlıq ərazilərdə düşmən qış olduğundan öz mövqelərini tutmamışdı. İndi hava şəraiti fərqlidir, qar bir az əriyib və bu ərazilərdəki mövqelərinə sərhədçilərin yerləşdirilməsi üzərində işləyirlər”, - Gnel Sanosyan deyib. O, Azərbaycan əsgərlərinin bu işi erməni qüvvələrinin iştirakı ilə həyata keçirdiklərini bildirib: “Silahlı Qüvvələrimizin nümayəndələri prosesdə iştirak edir, qanun pozuntularının olmaması üçün qarşı tərəflə birgə işləyirlər. Başqa bir şey yoxdur, xoşagəlməz hadisələr və atışmalar olmayib. Sərhəd bölgəsində sakitlik hökm sürür”.

Xatırladaq ki, ötən gün Ermənistanı xof qarışıq “qara” xəbər bürümüşdü. Guya, Azərbaycan əsgərləri “Sünik” ərazisinə 3 km dərinləməsinə daxil olub. Hətta iddialara görə, Ermənistanın Baş naziri Təhlükəsizlik Şurasını çağırmış və toplantıda bu məsələ müzakirə olunmuşdu. Belə anlaşılırdı ki,”qara” xəbər Göyçədən İrəvana gəlib çatıncaya qədər 0.5 km böyümüşdü də. Zira Paşinyanın Azərbaycan əsgərlərinin 3.5 km dərinləməsinə Ermənistan ərazisində irəlilədiyini bildirdiyi vurğulanırdı. Göyçə valisi bu müəmmaya da aydınlıq gətirərək, bənzər problem və texniki səhvlərin sərhədlərin müəyyənləşdirilməsi prosesində yaşana biləcəyini diqqətə çatdırıb: “Bəlkə də bəzi hissələrdə səhvlər var, danışıqlar aparılır, hər şey dəqiqləşdirilir, yerlər düzəldilir və qüvvələr yerləşdirilir. Hər şeyi metrlə deyə bilmərəm, amma o cür hadisələri istisna etmirəm. Azərbaycan əsgərləri bizim tərəfimizə keçmədilər. Hətta hardasa bir səhv olsaydı, o zaman bizimkilərlə aparılan danışıqlar nəticəsində düzəldilərdi. "

Valinin dediyinə görə, sərhədlərin dəqiqləşdirilməsinə dair tədbirlər çərşənbə günü səhər başlayıb və uzun sürməyəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.