Qum adasında balıqlar niyə qırılıb?
25-06-2021, 20:27
"Böyük ehtimal, suya tok verilib"
Sosial şəbəkələrdə Hövsanın Qum adası deyilən ərazisində sahildə çox sayda ölü balıqlar olduğu ilə bağlı video-görüntülər yayılıb.
Ərazidə olan insanların dediyinə görə, ölü balıqların qoxusundan dənizə yaxın durmaq mümkün deyil.
Yerli sakinlər deyir ki, burada hər gün onlarla balıqçı olurdu: "Bu gün isə birdən-birə belə bir mənzərə yaranıb. Dalğa ölü balıqlar sahilə çıxarıb, pis qoxudan dənizə yaxın durmaq mümkün deyil”.
"Ecofront” səhifəsi də bu barədə paylaşım edib.
Bildirilir ki, bunun səbəbi qısa zamanda araşdırılmalı və ictimaiyyətə məlumat verilməlidir: "Böyük ehtimal, gecə suya tok verilib, iri balıqlar yığılıb, qalanları qalıb. Ya da suya nəsə töküblər, balıqlar zəhərlənib”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə "Turan”a bildirilib ki, əməkdaşları sosial şəbəkələrdə sahilboyu balıqların kütləvi şəkildə tələfatı əks olunan video ilə bağlı Hövsan qəsəbəsinə və Qum adasına gedərək hadisəni yerində araşdırırlar.
Nazirlikdən yalnız ətraflı araşdırmadan sonra hadisənin səbəbi ilə bağlı açıqlama verəcəklərini bildirib.///Meydan TV