Qarabağ qazisinin polisdə döyülməsi iddiası doğrudurmu? - tərəflərin mövqeləri
25-06-2021, 20:42
Bir müddət əvvəl Cəlilabadda Qubadlı və Cəbrayılın işğaldan azad edilməsinə görə medallarla təltif edilmiş Toğrul Rizvanlı iddia etmişdi ki, o, Cəlilabad rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytnantı Rövşən Quliyev tərəfindən döyülüb.
Bu barədə Bizimyol.info-ya T.Rizvanlının vəkili Hafiz Ələsgərov bildirib. O deyib ki, hadisə iyun ayının 8-də baş verib.
“Müvəkkilim Toğrul Rizvanlı polis şöbəsinə qanunda nəzərdə tutulmayan üsullarla dəvət edilib. Cəlilabad Rayon Polis Şöbəsində o, təhqir olunub, polis adına yaraşmayan hərəkətlər nümayiş etdirilib. Şöbə rəisinin müavini Rövşən Quliyev müvəkkilimin qardaşı Ramil Əmənovla bilrikdə Toğrul Rizvanlının qoluna qandal vuraraq qulluq səlahiyyətlərini aşıb. Nəticədə müvəkkilimin sağlamlığına zərər vurulub. Bunu təsdiq edən ekspertiza rəyi də mövcuddur”-deyə vəkil bildirib.
Vəkil deyib ki, hazırda Qarabağ qazisinin yeganə tələbi ona qarşı qanunsuz hərəkətlərə yol vermiş Cəlilabad rayon polis şöbəsinin rəis müavini Rövşən Quliyevin cəzalandırılmasıdır.
Vəkilin dediyinə görə, Rövşən Quliyev Qarabağ qazisini yerə yıxaraq, ayağını onun başına qoyub və təhqir edib.
Vəkilin sözlərinə görə, Toğrul Rizvanlıya və Ramil Əmənova aid olan əşyalar polis şöbəsində qalıb: “Müvəkkilimə məxsus telefon, avtomobil açarı, saat və başqa əşyalar polis şöbəsində qalıb. Polis rəisi Rövşən Quliyevə əşyaları müvəkkilimə qaytarmağı tapşırsa da, o, bu tapşırığa əməl etmədi”.
Vəkil qeyd edir ki, Toğrul Rizvanlı polis şöbəsində qanunsuz şəkildə saxlanılıb, ona qarşı çoxsaylı bədən xəsarətləri yetirilib.Bu da Cinayət Məcəlləsinin 309-cu maddəsi ilə məsuliyyət yaradır.
“Rövşən Quliyevin müvəkkilimə qarşı hərəkətlərində cinayət tərkibi var. R. Quliyevin davranışlarına görə, qardaşlar rayonu tərk etməli olublar. İstəyimiz Əmənov qardaşlarına qarşı zorakılıq etmiş R.Quliyevin vəzifəsindən azad edilməsidir”-deyə vəkil qeyd edib.
Məsələ ilə bağlı bir müddət öncə Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Bakı şəhər sakini olan bir nəfər şəxs Cəlilabad RPŞ-nə ərizə ilə müraciət edərək rayon sakini olan Toğrul Rizvanlının onun həyat yoldaşına zəng edərək etikadan kənar ifadələr işlətdiyini, bunun səbəbini öyrənmək üçün həmin şəxslə görüşdükdə isə T.Rizvanlının bir neçə tanışı ilə birlikdə onu vuraraq xəsarət yetirdiklərini bildirib:
“Müraciətlə əlaqədar Cəlilabad RPŞ-nin Təhqiqat bölməsində aparılan araşdırma zamanı T.Rizvanlı şöbəyə dəvət olunub. Qardaşı ilə birlikdə Cəlilabad RPŞ-nə gələn həmin şəxs şöbənin inzibati binasına daxil olan kimi uca səslə nalayiq ifadələr işlədib.
Bu zaman onu intizama dəvət edən polis əməkdaşlarının üzərinə hücum çəkərək onların ünvanına xoşagəlməz ifadələr işlədib, xidməti otaqlardan birində stolları aşıraraq normal xidməti fəaliyyətin pozulmasına yönəlmiş hərəkətlər edib”.
Qeyd edilib ki, faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.