“Ayıb və qəbahət 17 yaşlı qızı ərə verməkdir”

25-06-2021, 19:50           
“Ayıb və qəbahət 17 yaşlı qızı ərə verməkdir”
Cəlilabad rayonunda dəhşətli hadisə baş verib. Hadisə Uzuntəpə kəndində qeydə alınıb. Zərərçəkmiş şəxs 2004-cü il təvəllüdlü Şükürova Gülnayə Bəxtiyar qızıdır. Rayonun Edişə kəndindən olan 17 yaşlı G.Şükürova 3 ay bundan öncə rayonun Uzuntəpə kəndində Mirzəyevlər ailəsinə gəlin köçüb. O, Mirzəyev İbrahim Cabir oğlu ilə ailə qurub. Lakin İ.Mirzəyev cinsi problemlərə görə ər funksiyasını yerinə yetirə bilməyib və G.Şükürovanın bəkarəti pozulmayıb.

Şükürovlar ailəsinin iddiasına görə, məsələnin bu cür olduğunu başa düşən Mirzəyevlər ailəsinin başçısı Cabir Mirzəyevin təklifi ilə digər oğlu Nicat Mirzəyev Gülnayənin razılığı olmadan ona təcavüz edib. Zorlanmanın təkrar-təkrar baş verdiyini görən Gülnayə özünü öldürmək istəyib. Lakin qayınatası və qayınanası onu sakitləşdirib, hədə-qorxu gəlib və bu hadisə haqqında heç yerdə danışmamağı tapşırıb.

Zorlanma hallarının dəfələrlə baş verdiyi müddətdə Gülnayənin öz ailəsi ilə ünsiyyətinə qadağa qoyulub. Bu da onun valideynlərində şübhə yaradıb.

Baş verənləri “Sherg.az”a dəyərləndirən yazıçı-jurnalist Türkan Turan bildirib ki, hadisədə yeganə günah valideynlərindir:

“17 yaşlı bir qız həyatı ilə bağlı normal qərar verə biləcək ağılda deyil. Qızı ərə verən ana-ata övladı ilə maraqlanmazmı? Lakin bu olayların rayon və kənddə yaşayan valideynlərlə də əlaqəsi yoxdur. Bu yaxınlarda Bakıda çox məşhur bir həkimlə danışırdım. Eyni yanaşmanın şahidi oldum. Çünki həkimin qızı döyülürdü və mən nə üçün qızının boşanması üçün yardım etmədiyini soruşdum. Cavabında isə söylədi ki, “əri onun başını kəsər”. Təsəvvür edin ki, bu ifadəni bir həkim deyir. Milli mentalitetimiz insanların üzərində o qədər ağırlıq yaradır ki, onu çıxarıb ata bilmirlər. Mental dəyərləri sanki bir pərdə kimi önlərinə çəkiblər və olaylara həmin pərdə arxasından baxırlar. Boşanmaq ayıb və qəhabət deyil. Qəbahət 17 yaşlı qızı ərə vermək və onun zorlanmasına şərait yaratmaq, onunla maraqlanmamaqdır”.

T.Turan qeyd edib ki, 17 yaşlı qızın başına bədbəxt hadisə gəlməsəydi, övladı olanda onu da eyni təfəkkürdə böyüdəcəkdi:

“İnsanlar təhsil almalıdır, amma bir tərəfdən də baxıram ki, bəzən bunun təhsillə əlaqəsi olmur. Çünki təhsil bizi belə hallardan xilas etmir, təhsil milli mentalitetimizdən daha ağırdır. Mental dəyərlər insanların üzərinə kölgə kimi çöküb. Maarifləndirməni çıxış yolu kimi qeyd etsəm də, alınmır. Çünki şəhərdə kitab oxuyanlar çox azdır. Cəmiyyət olaraq sanki burulğan içindəyik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.