Neft bahalaşır, ancaq Azərbaycanın gəlirləri azalır - SƏBƏBLƏR...

28-06-2021, 11:34           
Neft bahalaşır, ancaq Azərbaycanın gəlirləri azalır - SƏBƏBLƏR...
Son günlər dünya bazarında neftin qiymətində artım müşahidə olunur. Ötən cümə günü Brent markalı neft yenidən 76 dolları keçdi... Bu gün isə Brent neftinin 1 barelə görə qiyməti 76,10 dollar təşkil edib.

Bu il yanvarın 1-dən qiymətlər artıq 49% artım nümayiş etdirib. Bizimxeber.az xəbər verir ki, neft sahəsini araşdıran ekspert İlham Şaban bildirib ki, son vaxtlar bahalaşma müşahidə olunsa da, Azərbaycan Neft Fonduna mənfəət neftindən daxilolmalar artmaq əvəzinə azalır.

Bunun səbəblərinə toxunan İ.Şaban deyib: “Azərbaycan 2020-ci ilin mayında OPEC+ çərçivəsində müstəqillik tarixində ilk dəfə administrativ yolla hasilatı azaltmağa başladı. 2021-ci ilin yanvarından ölkəmiz hasilat kvotasını yenidən artırmağa başladı. 2021-ci ilin mayın yekunlarında məlum oldu ki, OPEC+ çərçivəsində 603 min barel gündəlik neft hasilatı kvotası verilsə də, reallıqda 586 min barel neft hasil edə bilmişik, yəni verilən imkandan 17 min barel az, özü də hər gün”.

Energetika Nazirliyinin məlumatlarına istinad edən ekspert deyib ki, 2021-ci ilin 5 ayında neft və kondensat hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 918,7 min ton (təqribən 6,8 mln barel) az olub.

Yanvar-may aylarında Azərbaycan neft ixracı 2020-ci ilin 5 ayı ilə müqayisədə 5,9 mln. barel azalıb.“Neft Fonduna mənfəət gətirən əsas aktiv - "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə hasilat 1 mln. ton azalaraq (SOCAR hasilatını 100 min tona qədər artıra bilib) 9,5 mln. ton (70 mln. barel və ya gündəlik 465,5 min barel) təşkil edib.

Bildirmək istəyirəm ki, Neft Fondunun "Azəri-Çıraq-Günəşli"dən əldə etdiyi gəlirin pik dövrü 2011-ci ilə təsadüf edib: 19 027,5 mln. Dollar. Bu göstərici 2019-cu ildə 7 971,3 mln. dollara qədər azalıb, 2020-ci ildə isə cəmi 3 523 mln. dollar təşkil edib. 2021-ci ilin ilk 5 aylnda isə "Azəri-Çıraq-Günəşli" layihəsindən Neft Fonduna daxilolmalar 1 850,2 mln. dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 255,8 mln. dollar və ya 12,1% az mənfəət deməkdir”,- İlham Şaban bildirib.

Bu il "Azəri-Çıraq-Günəşli"dən qazancımız ötən ilki səviyyədən çox ola bilərmi?

Suala cavab verən ekspertin sözlərinə görə, neftin 70 dollardan aşağı olmayan qiymətləri bazarda dominantlıq edərsə, əlbəttəki bu, mümkündür. “Ancaq tutaq ki, 4,3 mlrd. dollar qazan. Gələn il hasilat artımı gözlənilmir və neft qiymətlərinin də builkindən aşağı olması proqnoz edilir - onda yenə 4 mlrd. dollatrdan az bir mənfəət gözləmək olar. Yəni Azərbaycan həqiqətən 2020-dən gəlirlər baxımından postneft zamanındadır...

Qeyri-neft sektorunun mühərriki cəmiyyətə 5.7 kimi təqdim edilsə də, onun praktiki dartı qüvvəsi və sürəti hələ ki çox aşağıdır...”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.