"Rusiya Azərbaycana öz ərazisi kimi baxır " - Bəs Türkiyənin marağı nədir?
28-06-2021, 15:35
Siyasi şərhçi Rauf Mirqədirov AzadlıqRadiosunun suallarını cavablandırır.
- Rauf bəy, həftənin əvvəli Bakı-Moskva-Yerevan-Ankara arasında intensiv telefon danışıqları ilə yadda qalıb. Rusiya Xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Bayramovla danışandan sonra Azərbaycan dövlət başçısı İlham Əliyev rusiyalı həmkarı Valdimir Putinlə əlaqə saxladı. Ardınca Putin Ermənistan Baş naziri Paşinyanla və Türkiyə Prezidenti Ərdoğanla danışdı. Dövlət başçılarının təmaslarını hər ölkənin analitikləri müxtəlif məzmunda yozurlar, amma müzakirə obyektinin Zəngəzur dəhlizinin açılması olduğunu deyənlər daha çoxdur. Sizin ehtimalınız nədir?
"...bu, ilk baxışdan məntiqlidir"
- Hər tərəfin öz marağı var. Azərbaycan nə üçünsə sülh müqaviləsinin imzalanmasını önə çəkir, bu, ilk baxışdan məntiqlidir. Əgər iki dövlət arasında sülh müqaviləsi imzalanmayıbsa və münasibətlərin parametrləri müəyyənləşməyibsə, o zaman əməkdaşlığın da parametrləri qeyri-müəyyən olur, nəticədə əməkdaşlıq etmək çox çətinləşir. Rusiyanın bir neçə marağı var, birinci, regionu tam nəzarətdə saxlamaq niyyətindədir. İkinci marağı Şuşa Bəyannaməsi ətrafında yaradılmış hay-küylə bağlıdır. Şuşa Bəyannaməsini bəzi ekpertlər hərbi müttəfiqlik sazişi kimi yozdular və bundan sonra Azərbaycanda Türkiyənin hərbi bazalarının yerləşdiriləcəyini önə çəkdilər. Bu isə Kreml tərəfindən çox ciddi etirazla qarşılandı, az qala bütün rəsmi şəxsləri danışdılar və hətta Azərbaycanın NATO üzvlüyünə hazırlaşdığını deyənlər də tapıldı. Rusiya gedişatı ciddi şəkildə izlədiyini ifadə etdi. Nikol Paşinyana gəldikdə, onun davranışını müəyyən edən trendlərdən sonra minnətdarlıq etdiyi bir şəxs Vladimir Putin idi. Paşinyan kimdən və nə dərəcədə asılı olduğunu seçkilərdən sonra açıqladı. Yəni Paşinyan Rusiyanın deyəcəyi bir çox şeyləri etməyə hazırdır, əsas məqsədi müəyyən dövr üçün hakimiyyətini müdafiə etmək, geniş mənada isə fiziki varlığını qorumaqdır.
- Bəs Türkiyənin marağı nədir?
- Ankaranın maraqlarını müəyyənləşdimək çox çətindir, sözdə dedikləri ilə əməlləri fərqlidir. Ankara sözdə Azərbaycanın yanında olduğunu açıq söyləyir. Amma bir məqama toxunacam ki, Qarabağla bağlı deyil. Bilirsiniz ki, Rusiyada koronavirusla bağlı durum müərəkkəbdir, hətta Moskva merinin bəyanatına görə xəstələrin 90 faizi Hindistan ştammından əziyyət çəkir. Buna baxmayaraq Rusiya iki gün əvvəl Türkiyə ilə sərhədləri açdı, Ankara ilk 13 min turisti az qala toy-bayramla qarşıladı. Bu baxımdan Ankara-Moskva münasibətlərində iki amil rol oynayır: birinci, Türkiyə sanki Azərbaycan başda olmaqla türk dövlətlərinin qarantı kimi çıxış etməyə çalışır. İkincisi, Türkiyə Rusiya ilə turizm və iqtisadi münasibətlərin mümkün qədər genişləndirilməsinə çalışır. Bu, fərqli trenddir. Ərdoğan hətta bildirdi ki, Rusiya ilə sərhədlərin açılması Türkiyə diplomatiyasının böyük qələbəsidir. Hər iki amil daha çox daxili auditoriyaya yönəlmiş mesajlardır. Çünki ölkədəki sosial-iqtisadi vəziyyət çox acınacaqlıdır, Ərdoğan bu problemi həll etmək istəyir.
- Dövlət başçısı İlham Əliyev iyunun 25-də Avropa Birliyi ölkələri ilə görüşündə bildirdi ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi olmasa, Cənubi Qafqazda sülh olmayacaq. Bu mənada iki dövlət arasında indiki zamanda sülh sazişi nə dərəcədə realdır?
"- Sülh sazişi kifayət qədər realdır. Amma..."
- Sülh sazişi kifayət qədər realdır. Amma sülh sazişi deyəndə nəyi nəzərdə tuturuq, bu suala aydınlıq gətirilməlidir. Sülh sazişinin imzalanmasında Azərbaycan üçün vacib olan amil Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. O zaman ciddi bir sual meydana gəlir, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması haqda sənəd razılaşdırılır, hətta ayrıca bənd də salınır ki, Dağlıq Qarabağı da Azərbaycanın tərkib hissəsi kimi tanıyır, amma bununla problem həll olunurmu və yaxud gündəmdən çıxırmı? Birmənalı şəkildə demək olar ki, yox!
- Nə üçün?
- Ermənistan bəyan edə bilər ki, Azərbaycanın ərazi bütövlüyünü də, Dağlıq Qarabağı da Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Amma bugünkü reallıqları, xüsusə ilə bölgədə Rusiya qoşunlarının təkibini nəzərə alsaq, söhbət sadə bir şeydən gedir: Dağlıq Qarabağ erməniləri Azərbaycanın tərkibində qalmaq istəyirlərmi? Ermənistan deyəcək ki, bu, Azərbaycanla Dağlıq Qarabağ əhalisinin problemidir, biz tanıyırıq, amma onlar Azərbaycanın tərkibində qalmaq istəmirlər. Beynəlxalq hüquq normalarının birmənalı olmadığını da nəzərə alaq, burda bir neçə prinsip əsas götürülür: ərazi bütövlüyü, güc tətbiq etməmək və xalqların öz müqəddəratını təyin etmək hüququ. Onlar sonradan çox sadə şəkildə deyəcəklər ki, Dağlıq Qarabağ erməniləri öz müqəddəratlarını təyin etmək hüququnu gerçəkləşdirmək istəyir.
"...hazırda həlledici rol nə Bakıdadır, nə də Yerevanda..."
- O zaman Azərbaycan ermənilərə hansı statusu verə bilər?
- Bu məsələlər daha çox Rusiyanın mövqeyindən asılı olacaq, yəni Rusiya nə dərəcədə bu konfliktdən öz maraqları üçün istifadə edəcək, hazırda həlledici rol nə Bakıdadır, nə də Yerevanda, ruslardadır. Bölgədə situasiyaya Rusiya nəzarət edir.
- İki gün əvvəl Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstutununun direktor müavini Aleksandr Skakov bildirib ki, rus sülhməramlıları Qarabağda 30 il qalacaqlar. Bu açıqlama nə dərəcədə realdır?
- Kifayət qədər realdır. Əgər Rusiyada dəhşətli situasiya yaranmasa, yəni çevriliş olmasa, bu ölkə növbəti təlatümlü dövrdən keçməsə, rusların Qarabağdan çıxmasına nail olmaq çox çətin olacaq. Hətta Azərbaycan tələb etsə də, Rusiya BMT Təhlükəsizlik Şurasındakı səlahiyyətlərindən istifadə edib qala bilər. Konkret olaraq, Azərbaycan 5 il sonra desə ki, Qarabağın statusu olmayacaq, ruslar da çıxmalıdır, onda Moskva bildirəcək ki, çıxsalar humanitar fəlakət baş verə bilər. Ardınca da çox sakitcə BMT Təhlükəsizlik Şurasına müraciət edib, qoşunlarını qurumun qərarı ilə saxlayar. Mən hələ digər təxribatları demirəm.
- Belə olsa, digər həmsədr dövlətlər, ABŞ və Fransanın mövqeyi necə olacaq?
- Söhbət humanitar fəlakətdən gedəcəksə, BMT Təhlükəsizlik Şurasında ABŞ-la Fransa necə səs verəcək?! Onlar bəlkə nələrəsə düzəlişlər etməyə çalışacaqlar, amma bütövlükdə məsələnin necə təqdim olunması qərara təsir göstərəcək.
"Paşinyan bu gün tamamilə Putindən asılıdırsa, biz nələrisə ondan yox, Putindən istəməli olacağıq"
- O zaman sual yaranır, Rusiya Azərbaycandan nə istəyir?
- Məsələ ondadır ki, Rusiyada fərqli düşüncə tərzi var. Sadəcə, onlar Azərbaycana öz əraziləri kimi baxır və hesab edirlər ki, Qorbaçov xəyanət edib SSRİ-ni dağıdıb. İkinci Putin faktoru var, o, müəyyən mərhələdə anladı ki, hakimiyyətin təkrar istehsalı naminə yeganə mümkün variantı məhz bu düşüncə tərzindən öz maraqları üçün istifadə etməkdir. Bu düşüncə tərzi isə maksimum təcavüz tələb edir. Əgər Paşinyan bu gün tamamilə Putindən asılıdırsa, biz nələrisə ondan yox, Putindən istəməli olacağıq. Çünki Rusiya qoşunları bölgədə yerləşəndən sonra Azərbaycanın Paşinyana təsir imkanları sıfra bərabərdir. Yəni ruslar icazə versələr, nəsə etmək olar, qalan hallarda öz iradəmizlə heç nə edə bilməyəcəyik. Rusiya Paşinyandan nəsə istədiyi üçün əvəzində bizdən də nəsə istəyəcək, situasiyadan asılı olaraq bunun variantları çox ola bilər. Amma hər halda bu, o istiqamətdə olacaq ki, Putinin imperiyanın bərpası rus imperiya torpaqlarının toplayıcı imicini təsdiq etsin. Bu, bizim maraqlarımıza heç cür uyğun deyil.
- Ancaq burda bir məqam var, noyabrın 10-da imzalanan sazişdə Ermənistan qoşunlarının çıxarılması barədə razılaşma var...
- Razılaşma belədir ki, rus qoşunları yerləşdirilir, azad olunmalı ərazilərdən erməni qüvvələri çıxarılır və Azərbaycan ordusunun nəzarəti altına verilir. Əvvəla, Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması tələbi yoxdur. İkincisi, lap çıxarıldı, bu nəyi dəyişəcək, əgər rus qoşunları və yerli özünü müdafiə dəstələri adı altında yenə erməni qoşunları qalacaqsa.