“Lənkəranski”nin polkovnik qardaşı qətlə görə axtarılır?

3-07-2021, 20:08           
“Lənkəranski”nin polkovnik qardaşı qətlə görə axtarılır?
Keşlə Gömrük Postunun sabiq rəisi, polkovnik Namiq Canıyevin son aylar harada olduğu haqda dəqiq bilgi yoxdur; hüquq-mühafizə orqanları onun axtarışda olması barədə iddialara...

Türkiyə polisinin iyulun 2-də “Lotu Quli” ləqəbli məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun qətli ilə bağlı əməliyyat keçirməsi barədə məlumat vermişdik. Sabah.tv-nin yaydığı məlumatda deyilir ki, eyni vaxtda dörd bölgədə keçirilən xüsusi əməliyyat zamanı əcnəbilər saxlanılıb. Onların adı və milliyyəti haqda məlumat verilmir.
“Lotu Quli” ötən ilin avqustunda Antalyadakı otellərdən birində yaxın ətrafına daxil olan “Xan Əhmədlinski” (Xaqan Zeynalov) tərəfindən güllələnib. Cinayət yerindən qaçsa da, polislər onu yaxalayıb və hazırda həbsdədir. Lakin qətlin sifarişçisinin kim olduğu barədə müxtəlif versiya var. Bir iddiaya görə, “Quli”nin qatili “Xan Əhmədlinski” xüsusi olaraq onun ətrafına yerləşdirilməyib, amma “Quli”nin etibarlı adamına çevriləndən sonra ələ alınıb. Onu bu işə nə vadar edib, bilinmir. Qatil “Quli”ni öldürməklə şan-şöhrətə, yoxsa sanballı qonorara ümid edirdi, bu da hələ ki, məlum deyil. Bəzi məlumatlara görə, o, şəxsi nifrət zəminində “Quli”ni öldürməyə razılaşıb, lakin protokolsuz söhbətlərdə qətli muzdla törətdiyini inkar etmir. Digər iddiaya görə isə bu qətlin sifarişçisi gürcü “qanuni oğru” Quram Çixladze də ola bilərdi. Ciddi kriminal dəstəyi olan Quramı “Quli” ilə söhbət zamanı onun yaxın adamı, “Arman Dikiy” ləqəbli qazaxıstanlı Arman Cumqaldiyev döymüşdü. Məsələ ondadır ki, “Quli” ilə yaxınlaşan “qanuni oğru” Quram Çixladzenin “Lənkəranski”nin adamları ilə yaxınlığı üzə çıxmışdı. “Quli” isə iddialara görə, Quramın “Lənkəranski klanı” ilə internetdə üzə çıxan şəklini gördükdən sonra şillədib, ondan uzaq durmasını istəyib.
Kriminal aləmdə ciddi səs-küy doğuran bu məsələyə hazırda həbsdə olan “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov da qarışmışdı, Quramdan üzr istənilməsini tələb etmişdi. Amma “Quli” “qanuni oğru”nu vurmuş Armanı cəzalandırmaqdan imtina etmişdi.

Milliyyətcə yezidi kürdü olan “Şakro Molodoy” vaxtilə “Quli”nin qardaşı Namiq Səlifovun (“Namik Bakinski”) “qanuni oğru” adının alınması məsələsini də qaldırmışdı. “Quli”nin qətlinin “Lənkəranski klanı” üzərində cəmləşməsi gözlənilən idi. Amma o da şübhəsizdir ki, “Quli”nin ölümünü istəyən yeganə klan onlar olmayıb. “Quli” son vaxtlar bəzi gürcü, erməni, kürd, çeçen və slavyan klanlarının ayrı-ayrı üzvləri ilə konfliktdə idi. Bu səbəbdən də kələfin ucu xeyli dolaşıb. Yeri gəlmişkən, “qanuni oğru” Albert Rıjının (Əli Heydərov) qətlinin də “Lotu Quli” klanının “ayağına yazırlar”. Bildirilir ki, Qulinin qətlinin sifarişçisi kimi Əli Heydərovun da adı keçirdi.
İddialardan ən maraqlısı isə budur ki, Türkiyə polisi “Lənkəranski”nin qardaşını, Keşlə Gömrük Postunun sabiq rəisi, polkovnik Namiq Canıyevin barəsində axtarış edib. Amma Türkiyə mənbələri bu faktı hələ rəsmən təsdiq etmirlər.
Yada salaq ki, 2017-ci ilin noyabrında da “Lotu Quli”yə qarşı sui-qəsdə cəhdində şübhəli bilinən bir qrup İstanbulda saxlanılmışdı. O zaman sui-qəsdi təşkilinə görə Namiq Canıyev günahlandırılırdı. Hesab edilirdi ki, o, killerlərdən ibarət qrupa rəhbərlik edib. Amma bir müddət sonra, 2018-ci ilin yanvarında İstanbul məhkəməsinin qərarı ilə Namiq Canıyev, eləcə də sui-qəsddə şübhəli bilinərək saxlanan bütün azərbaycanlılar azad edildi. Hələ həbsdə olanda isə belə xəbər yayılmışdı ki, Bakı Baş Gömrük İdarəsinin Keşlə postunun rəisi, polkovnik Namiq Canıyev tutduğu vəzifədən azad olunub.
Onun son aylar harada olduğu haqda dəqiq bilgi yoxdur. Azərbaycan hüquq-mühafizə orqanları da sabiq gömrük polkovnikinin axtarışda olması barədə iddialara şərh verməyib.

Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.