"Əlimizdən gələni edəcəyik ki, bu xəstəlik, virus Azərbaycana bulaşmasın" - NƏ ETMƏLİ?

7-07-2021, 09:21           
"Əlimizdən gələni edəcəyik ki, bu xəstəlik, virus Azərbaycana bulaşmasın" -
Son günlərdə dünyanın bir çox ölkəsində, o cümlədən qardaş Türkiyədə cinsi azlıqların cəmləşdiyi LGBT-nin aksiyaları, yürüşləri keçirilir. Avropa ölkələrindən fərqli olaraq İstanbuldakı aksiyaya polis müdaxilə edib və toplumun dəyərlərini alt-üst edən üzdəniraq qruplaşmanın sərbəst hərəkətinə imkan verilməyib. Qonşu Gürcüstanda da LGBT-nin yürüyüşü baş tutmayıb. Yürüyüşdən öncə ultramillətçi təşkilatlar və Gürcü Pravoslav Kilsəsi bəyanat yayaraq, buna etiraz etdilər və Tiflisdə heç bir aksiyaya yol verməyəcəklərini bildirdilər. Hökumət əvvəlcə yürüyüşə icazə versə də, bir saat qalmış onların təhlükəsizliyini təmin edə bilməyəcəyini açıqladı və aksiya ləğv edildi.

Bununla belə ultrasağçılar Tiflisdə etiraz mitinqi keçiriblər. Aksiyaya qatılanlar arasında kilsə keşişləri də yer alıb. Bir polyak jurnalist qulağında sırğa olduğu üçün LGBT nümayəndəsi güman edilərək bıçaqlanıb. Ölkədə baş verən insidenti xarici ölkə səfirlikləri, o cümlədən beynəlxalq təşkilatlar sərt tənqid ediblər. Müxalifət isə tənqidləri daha çox Baş nazir İrakli Qaribaşvilinin ünvanına yönəldərək, onu istefaya səsləyib. Prezident Salome Zurabişvili və Tiflis meri Kaxa Kaladze də baş verən zorakılıq hallarının qəbuledilməz olduğunu açıqlayıblar. Bununla bərabər İrakli Qaribaşvili yaranan insidentdə günahkarın Mixail Saakaşvili olduğunu iddia edib. Bəzi yerli ekspertlər isə dünən Tiflisdə baş verənləri Gürcü Pravoslav Kilsəsi ilə hökumətin ortaq addımı adlandırıb və bunun siyasi məqsədlər üçün istifadə ediləcəyini bildiriblər. Ən maraqlı açıqlamanı Gürcüstan Müsəlmanları İdarəsi verib. İdarə baş verən zorakılıq hallarını kəskin şəkildə pislədiyini, islamda zorakılıq olmadığını və statusundan, seçdiyi həyat tərzindən asılı olmayaraq, istənilən şəxsə qarşı zorakılıq aktının qəbuledilməz olduğunu bildirib.

AĞ Partiyanın sədr müavini, politoloq Əhəd Məmmədli “Şərq”ə açıqlamasında ilk növbədə Gürcüstan Müsəlmanları İdarəsinin məsələ ilə bağlı açıqlamasını yersiz və uyğunsuz hesab edib. Analitik vurğulayıb ki, dini qurumlar əxlaqsızlığı təbliğ edən şəxslərə münasibətdə fərqli mövqe sərgiləməlidir:

“Sabah Bakıda belə cəhd olsa, Qafqaz Müsəlmanları İdarəsi nə deyəcək? Geylərin yürüyüş keçirməsini normal qəbul edəcəklər? Gürcüstandakı dini idarənin mövqeyi biabırçı yanaşmadır və islam adına rüsvayçılıqdır.

LGBT-nin dünyanın müxtəlif ölkələrində himayədarları var. Həmin dairələr onları maliyyələşdirir, geniş yayılmalarına, sərbəst hərəkət etmələrinə imkan yaradırlar, meydan verirlər.

Cinsi azlıqları digər insanlara “təbii”, “normal” durum kimi sırımağa çalışırlar. Buna qətiyyən yol vermək olmaz.

Gürcüstandakı etiraz aksiyasını və kilsənin cinsi azlıqlara qarşı çıxmasını müsəlman olaraq dəstəkləyirəm. Amma Gürcüstan Müsəlman İdarəsinin açıqlamasını bir müsəlman kimi hiddətlə qarşılayıram. Ümid edirik, Azərbaycanda cinsi azlıqların yürüyüş cəhləri olmayacaq. Partiyamızın mövqeyi konkretdir. GBT-ni ümumiyyətlə qəbul etmirik.

Milli, dini-mənəvi dəyərlərimizə ziddir. İddia edilən kimi bu bir xəstəlik deyil, əxlaqsızlıqdır. Əlimizdən gələni edəcəyik ki, bu xəstəlik, virus Azərbaycana bulaşmasın”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.