Bakı və Moskva arasında gərginlik pik səviyyədə... - Rusiyanın Şuşa təxribatının arxasında nə durur?

17-08-2021, 00:09           
Bakı və Moskva arasında gərginlik pik səviyyədə... -
Azərbaycan Prezidenti İlham Əliyevin “CNN Türk” televiziyasına müsahibəsi yalnız ölkə daxilində deyil, regionda ciddi rezonansa səbəb olub. Maraqlıdır ki, Əliyevin Rusiyaya qarşı açıq narazılığını ifadə etdiyi çıxışından sonra Qarabağda və Azərbaycan-Ermənistan sərhədində hərbi vəziyyət gərginləşib. Belə ki, 14 avqust axşam saat 22:14 radələrində, Əliyevin “CNN Türk”ə müsahibəsi yayımlandıqdan 17 dəqiqə sonra Şuşada yerləşən Xəlfəli yaşayış məntəqəsi yaxınlığına iki ədəd mülki avtomobilin yaxınlaşdığı müşahidə edilib. Həmin nəqliyyat vasitələrindən düşən silahlı şəxslər mövqelərimiz istiqamətində havaya atəş açaraq dərhal ərazini tərk ediblər.

15 avqustda isə mövqelərimiz Kəlbəcər və Naxçıvan istiqamətindən atəşə tutulub. Bu gün də sərhəddə gərginlik davam edib. Ermənistan Müdafiə Nazirliyinin iddiasına görə, səhər saatlarında Sədərək-Arazdəyən istiqamətində Azərbaycan Ordusunun snayperi tərəfindən açılan atəş nəticəsində 46 yaşlı zabit Vahan Tatoyan ölüb.

Deyilə bilər ki, onsuz da hər gün mövqelərimizə atəş açılır, bunun prezidentin çıxışına nə aidiyyatı var?!

Lakin prezidentin çıxışından 17 dəqiqə sonra rus sülhməramlılarının nəzarətində olan ərazidən iki mülki maşının mövqelərimizə yaxınlaşması, içərisindəki adamların havaya atəş açıb qaçmasını sadəcə təsadüf olaraq izah edilə bilərmi?

Prezident Əliyevin çıxışında verdiyi mesajlara diqqət yetirsək yəqin ki, hadisənin mahiyyətini və iki dövlət arasındakı gərginliyi daha dərindən qavraya bilərik:

1. Rusiyanın Ermənistanı silahlandırmağa davam etməsini sərt şəkildə tənqid edən Əliyev bununla Rusiyanın öz müttəfiqi Azərbaycanı itirdiyinə və Azərbaycan tərəfindən vurulan hər texnikasının onu dünyada rüsvay etdiyinə işarə edir.

2. Rusiyanın vasitəçiliyi ilə Ermənistanın qaytardığı mina xəritələrinin sadəcə 25%-nin doğru olduğunu bildirməklə Rusiyanın etibarlı moderator olmadığı mesajını verir.

3. Dövlət başçısı “Biz qabaqlayıcı tədbirlər görəcəyik”, “erməni faşizmi baş qaldırmağa cəhd edərsə, biz onun başını bir daha əzəcəyik”, “İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlara dərs olmayıb” və “yeni hədəfimiz qələbəni və zəfəri möhkəmləndirməkdir” – deməklə Ermənistanı və həm də onun havadarı olan Rusiyanı hədələyir.

4. Əliyev öz çıxışında Rusiyadan niyə narazı qaldığını bildirməklə yanaşı münasibətləri düzəltməyin yolunu da göstərir. “Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilsin” – deyən Əliyev Rusiya ilə müttəfiqlik münasibətlərinə qayıtmaq üçün yeganə tələbini irəli sürür.

5. “Rusiya bizim qonşumuz, Ermənistanınsa strateji müttəfiqidir”. Qeyd edək ki, sonuncu müsahibəyə qədər dəfələrlə ölkə başçısı Rusiya üçün “dost və müttəfiq ölkə” ya da “strateji müttəfiqmiz” ifadələrindən istifadə etmişdi. Bəs indi Əliyev nə üçün Rusiyanı sadəcə “qonşu” olaraq adlandırdı və onun Ermənistanla müttəfiqliyinə diqqət çəkdi? Prezidentin xarici mətbuata müshaibəsində rusiyanı bu qədər açıq şəkildə tənqid etməsinin səbəbləri nələrdir?

Prezidentin CNN-ə müsahibəsinə qədərki 3 gün ərzində baş vermiş aşağıdakı hadisələri buna səbəb kimi qeyd edə bilərik:

- Rusiya sülhməramlıları Kəlbəcərin Bazarkənd kəndində "Dağlıq Qarabağ"ın bütün bölgələrindən olan uşaqlar üçün dağlarda sağ qalmağın əsasları ilə bağlı "gənc əsgər" kursu keçirir;
- Rusiya Müdafiə nazirliyi ilk dəfə bəyanat yayaraq Azərbaycan ordusunu Şuşa istiqamətində atəşkəsi pozmaqda ittiham edir;
- Ermənistanın eks-prezidenti Serj Sarkisyan rus sülhməramlılarının nəzarətində olan Xocavənd rayonunun Sos kəndində yerləşən Amaras kilsəsini ziyarət edir;
- Azərbaycanın beynəlxalq axtarışa verdiyi Araik Arutyunyan rus sülhməramlılarının nəzarəti altında olan Xocalıda 25 binanın (400 ev) tikintisi ilə tanış olur;
- Qondarma rejimin rəsmiləri bildirirlər ki, "Artsax" xalqının öz silahlı qüvvələri olacaq və bunun üçün fəaliyyət göstərirlər;
- Rus sülhməramlılarının nəzarətində olan ərazilərdə erməni silahlı birləşmələri dislokasiya (yerdəyişmə və yerləşdirilmə) fəaliyyəti ilə məşğul olurlar;
- Demək olar ki, hər gün həm sərhəddə, həm Qarabağ istiqamətində atəşkəs pozulur.

Beləliklə, İlham Əliyev sonuncu çıxışı ilə Azərbaycanın Rusiyanın regiondakı təxribatçı fəaliyyətinə qarşı müqavimət göstərəcəyini bildirib. Prezident Əliyev Rusiyanı tənqid etməklə həm də ABŞ-a mesaj ünvanlayıb. Yeri gəlmişkən qeyd edək ki, müsahibədən sadəcə iki gün sonra ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin Naxçıvana, yəni atəşkəsin hər gün pozulduğu regiona səfər edib və Naxçıvan Milli Məclisinin sədri Vasif Talıbovla görüşüb. Görünür, Vaşinqton Əliyevin Rusiyaya qarşı mövqeyinə bununla öz dəstəyini ifadə edir...

Nicat İsmayılov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.