Əfqanıstanda ikihakimiyyətlilik davam edir: Kim qalib gələcək? - TƏHLİL

18-08-2021, 17:54           
Əfqanıstanda ikihakimiyyətlilik davam edir: Kim qalib gələcək? - TƏHLİL
“Taliban”ın prezidenti devirməsi hakimiyyət dəyişikliyi ilə nəcələnmədi.

Ölkədə faktiki olaraq ikihakimiyyətlilik yaranıb. Əşrəf Qəni administrasiyasında vitse-prezident vəzifəsini tutmuş Əmrulla Saleh özünü Əfqanıstanın prezidenti elan edib. O, qüvvələrini Pəncşir vilayətində “Taliban”a qarşı silahlı mübarizəyə başlamış Əhməd Məsudla birləşdirib.

Qeyd edək ki, Əhməd Məsud 1980-1990-cı illərdə səhra komandiri olmuş, keçmiş müdafiə naziri Əhməd Şah Məsudun oğludur. “Taliban” terror qruplaşmasına qarşı hərbi əməliyyatlara rəhbərlik etmiş Əhməd Şah Məsud 2001-ci il sentyabrın 5-də qətlə yetirilib.
Əmrullah Saleh Əhməd Məsudun atasını siyasi və mənəvi lideri kimi qəbul edib. O bildirib ki, prezident öz vəzifəsini icra edə bilmədiyinə görə Əfqanıstan Konstitusiyasına uyğun olaraq dövlət başçısının səlahiyyətlərini öz üzərinə götürür.

Beləlikə, Əmrulla Saleh “Taliban”a qarşı alternativ hakimiyyət formalaşdırıb. Əhməd Məsud isə “Taliban” zülmündən azad olmaq istəyən bütün əfqanları silah götürərək Pəncşirdə onlara qoşulmağa çağırıb. Pəncşir Əfqanıstanda taliblərin nəzarətindən kənarda qalan yeganə vilayətdir. Hələlik “Taliban” Əmrulla Salehin bəyanatına münasibət bildirməyib. Əmrulla Saleh isə “Taliban”ın formalaşdırmaq istədiyi müvəqqəti keçid hökumətini tanımadığını bildirib.

Əlavə edək ki, Əmrulla saleh 2001-ci ildə “Taliban” rejiminin çöküşündən sonra Əfqanıstan Milli Təhlükəsizlik Şurasının katibi olub. O, Pakistan ordusuna və xüsusi xidmət orqanlarına tənqidi münasibəti ilə tanınır. Avqustun 18-də Əfqanstanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Zahir Əhbar qanuni prezident kimi Əmrulla Salehi tanıdığını deyərək onun tərəfinə keçib. Məhəmməd Zahir Əhbar Əşrəf Qəninin qaçmasını dövlətə və millətə xəyanət adlandıraraq onun özü ilə 169 milyon dollar apardığını deyib.

Görünür, Əmrulla Saleh ölkədə “Taliban”a müxalifətdə olan siyasi qüvvələri, ordunu və repressiyalardan xilas olmağa çalışan dinc əhalini öz ətrafına cəmləməklə alternativ hakimiyyət formalaşdırmağa çalışır. Bu baxımdan, Saleh ətrafına kifayət qədər tərəfdar toplaya bilər. Əks təqdirdə, minlərlə insan “Taliban” rejimi tərəfindən edam cəzasına məhkum ediləcək.

“Taliblər” hakimiyyəti tam möhkəmlədənə qədər hələlik özlərini mötədil islamçı və islahat tərəfdarı kimi təqdim edir. Ancaq “Taliban”ın əsas dini liderləri sayılan Həybətullah Axund, Siracəddin Həkkani və Molla Yaqub ideoloji sahədə fundamental dəyişikliklərə gedəcəkləri barədə vəd verməyiblər. “Taliban”ın insan haqlarını təmin edəcəkləri barədə son vədləri, yaxud amnistiya elamn etməsi daha çox həm yerli, həm də beynəlxalq ictimaiyyət tərəfindən legitim qüvvə kimi tanınmağa hesablanıb.

Digər məqsəd isə “Taliban”ın adının dünya ölkələrinin terror təşkilatları siyahısından çıxarılmasına nail olmaqdsır. Bu hədəfə çatarsa, perspektivdə “Taliban”ın Əfqanıstanda radikal teokratik rejim quracağı, nəinki müxalifət mövqeyi tutan, hətta dünyəvi baxışalara malik insanları edam edəcəyi istisna edilmir.

Bu təhlükədən xilas olmağa çalışan minlərlə insan ümid yeri kimi Pəncşirdəki Əmrulla Saleh hakimiyyətinə üz tuta bilər. Əmrulla Salehin milliyyətcə puştu, Əhməd Məsudun isə tacik olması Əfqanıstandakı bu iki etnos arasında nüfuz qazanmağa kömək edə bilər. 300 min nəfər Əfqanıstan silahlı qüvvələrinin böyük hissəsi “Taliban”a qarşı döyüşmək üçün Əmrulla Salehin tərəfinə keçə bilər.
Əks təqdirdə, onları ölüm cəzası gözləyə bilər. Lakin Mərkəzi Asiya ekspert Arkadi Dubnov hesab edir ki, Əfqanıstan taciklərinin əksəriyyəti Əhməd Məsudun deyil, Məhəmməd Əttanın arxasınca getməyə hazırdır. Ona görə də Əhməd Məsudun müqavimət hərəkatı perspektivsizdir.

Digər problem isə Pakistanla bağlıdır. Əmrulla Salehin “Taliban”a qarşı döyüşməsi Pakistana qarşı silahlı mübarizə deməkdir. Rəsmi İslamabadın Saleh-Məsud ittifaqına qarşı mübarizə aparacağı isə şübhə doğurmur. Yəni Əmrulla Saleh hakimiyyəti ciddi siyasi və hərbi qüvvə ilə qarşılaşacaq. Əmrulla Salehin siyasi iddiasını reallaşdırması bölgədə marağı olan ABŞ, NATO, Rusiya, Çin kimi güc mərkəzlərinin münasibətindən də çox asılı olacaq.

Əfqanıstanda hakimiyyəti nisbətən dinc şəkildə “Taliban”a təhfil verib çıxan ABŞ və NATO-nun bölgədə artıq geostrateji planlarının qalmadığını demək olmaz. Əksinə, Əfqanıstanda bitən missiya regionla bağlı yeni layihənin başlanması kimi şərh edilir. Əgər bu layihədə Əmrulla Salehin iştirakı yer alırsa, o zaman “Taliban”a hakimiyyət qurmaq heç də asan olmayacaq.

Hətta ikihakimiyyətlilik vətəndaş müharibəsini yeni mərhələyə keçirə bilər. Sadəcə olaraq, bu müharibədə ABŞ və NATO tərəf kimi iştirak etməyəcək. Qeyd edilən situasiya 1996-2001-ci illərdə Əhməd Şah Məsudun başçılığı ilə Əfqanıstanın şimal ərazilərinə nəzarət edən və “Şimal koalisiyası” adlanan hərbi-siyasi birləşmənin “Taliban”a qarşı silahlı mübarizəsi ilə müqayisə edilə bilər.
Əks təqdirdə, yəni beynəlxalq güclər “Taliban”ı Əfqanıstanın yeganə və qanuni hakimiyyəti kimi tanıyarsa, Əmrulla Salehin prezident olmaq şansı Əşrəf Qənidən fərqlənməyəcək.

Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.