SSRİ-nin Goranboyda saldığı bu kiçik şəhəri KİMLƏR KƏNDƏ ÇEVİRDİ? - Baxımsızlıq...

18-09-2021, 12:13           
SSRİ-nin Goranboyda saldığı bu kiçik şəhəri KİMLƏR KƏNDƏ ÇEVİRDİ? -
Gördüyünüz iki mərtəbəli binalar sovetlər dönəmində müasir görkəmi ilə seçilən yaşayış evləri olub. İndi isə həmin binalarda insanlar acınacaqlı durumda yaşayırlar. Sökülüb dağılmış binada yaşayan sakinlərin hansı şəraitdə yaşadıqlarının şahidi olursunuz. Bu binalar şəhər tipli adını daşıyan Goranboy rayonunun Qazanbulaq qəsəbəsindədir. Sovetlər dönəmində qəsəbənin tərkibində iki xəstəxana, ümumi rayonu təmin edən çörək "zavod"u, rayon üzrə mərkəzi hamamı və digər ticarət mərkəzləri mövcud olub. Eyni zamanda "Teatr Avadanlığı" "zavod"u və Kəlbəcər dağlarında qızıl yataqlarının axtarışı ilə məşğul olan Geoloji Kəşfiyyat idarəsi də olub. Ən maraqlısı odur ki, SSRİ üzrə iki "Teatr Avadanlığı" "zavod"ları fəaliyyət göstərib. Adıçəkilən "zavod"lardan biri SSRİ-nin paytaxtı Moskva şəhərində, biri də Goranboyun Qazanbulaq şəhər tipli qəsəbəsində yerləşib. Bir vaxtlar sakinlər işdən sonra, yüksək əhval-ruhiyyə ilə bu binalardan çıxıb kinoteatrlara gedirdilərsə, İndi doqqazdan kənara çıxa bilmirlər. Bu da onu deməyə əsas verir ki, Azərbaycanın bugünkü hakimiyyəti sovetlər dövrünü xalqına unutdura bilmir. Unutdurmaq üçün xalqı "dubinka" altına salmaq və ya ac-yalavac saxlamaq lazım deyil. Sadəcə insanların sosial rifahını yüksəltmək lazımdr. Göründüyü kimi, binaların bərpası üçün dövlətin aidiyyəti qurumlarının tükləri belə tərpənmir. Heç cürə inana bilmirik ki, bu binalar aidiyyəti üzrə rəsmi qurumlar tərəfindən əsaslı təmir oluna bilər. Amma gözləntilərimiz odur ki, qəzalı vəziyyətdə olan binaların çökməsi nəticəsində insan tələfatı baş verə bilər. Bu cür xoşagəlməz halların baş verməməsi üçün dövlət qurumları təcili hərəkətə keçməli olduqları halda, qəsəbə üçün əlavə su problemi də yaradılır. Belə ki, Göy göl istiqamətindən qəsəbəyə gələn çaylaq sularının qarşısı alınaraq, bəzi oliqarx məmurların və işbazların zəpt etdikləri hektarlarla əkin sahələrinə ayrılır. Bunun da nəticəsi olaraq, Qazanbulaq qəsəbəsini su ilə təmin edən çaylaqlar susuzluqdan quruyur. Belə bir xoşagəlməz hallarla üz-üzə qalan sakinlər 25 manat pullarından keçərək, avtonəqliyyat vasitəsi ilə 4-5 kub metr su almaq məcburiyyətində qalırlar. Bu da işsizlikdən əziyyət çəkən insanlara baha başa gəlir. Haqqında bəhs etdiyimiz şəhər tipli qəsəbə Alman əsirləri tərəfindən tikilib ərsəyə gətirildikdən sonra, 1946-cı ildə sakinlərin ixtiyarına verilib. Yerli sakinlərin bildirdiyinə görə "bu qəsəbə 1994-ü ilə qədər heç bir çətinliklərlə üz-üzə qalmayıb." //gundemxeber.az//
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.