XİN-dəki tender qalmaqalları məhkəmədə araşdırılır

23-09-2021, 00:14           
XİN-dəki tender qalmaqalları məhkəmədə araşdırılır
Adına 5 şirkət yaradılan vətəndaş bu şirkətlərin fəaliyyətindən və köçürülən-çıxarılan pullardan xəbərsiz olduğunu deyir

Son bir neçə ildə Xarici İşlər Nazirliyinin (XİN) müxtəlif malların alınması, xidmətlərin göstərilməsi məqsədilə keçirdiyi tenderlərin əksəriyyəti formal olub. Tenderdə qalib elan edilən şirkətlərin hesabına köçürülən büdcə vəsaitləri sonradan XİN-dəki vəzifə sahiblərinin özünə qayıdıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ötən ilin iyulunda nazirlikdə keçirdiyi əməliyyatda həbs olunan vəzifəli şəxslərin 1 ilə yaxın davam edən istintaqı və məhkəməsində üzə çıxan faktlar bunu deməyə əsas verir.

Nazirliyin İşlər İdarəsinin sabiq müdiri, Tender Komissiyasının sədri olmuş Fərhad Mollazadə və bu idarənin tabeliyindəki təsərrüfat şöbəsinin keçmiş rəhbəri Səlim Əlizadənin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Onlar 2020-ci ilin iyulunda həbs edilsələr də, dekabrda ev dustaqlığına buraxılıblar. Hazırda heç biri həbsdə deyil.

Sentyabrın 22-də məhkəmə prosesində XİN-in tenderlərində qalib olmuş şirkətlərin rəsmi sahibləri dindirilib. Şöhrət Bəyişov adlı şəxs deyib ki, onun adına 5 şirkət yaradılıb, lakin bu şirkətlərin fəaliyyətindən, ora köçürülən vəsaitdən qətiyyən xəbəri olmayıb: “Rəsmiyyə Qazıyeva adlı qadına etibarnamə vermişdim. Bütün işləri o görmüşdü. Aylıq adıma olan şirkətlərin hər birinə görə mənə 100 manat verilirdi”.

Şahidin sözlərinə görə, il yarımdan artıq dövrdə ayda 500 manat alıb. Sonradan ona pulun verilməsi gecikdirilib, bəzən də məbləğ az olub, buna görə aralarında narazılıq yaranıb: “Ona görə şirkətləri ondan geri aldım. Sonradan mənə məlum oldu ki, xeyli vergi borcu yaranıb. Buna görə mənə zəng eləyirdilər. Verginin bir hissəsini ödədi. İndi də 8 min borc qalıb”.

Dindirmə zamanı aydınlaşıb ki, Ş.Bəyişov “şirkətləri geri aldım” deyəndə sadəcə, banka gedib, bu şirkətlərin hesabında əməliyyat aparılmamasını tapşırmasını nəzərdə tutur, etibarnaməni isə ləğv elətdirməyib.

Bəyişovun şirkətləri XİN-in bir neçə tenderinin qalibi olub. Onun hesabına külli miqdarda vəsait köçürülüb.



Salyan sakini, uzun illərdir böyrək çatışmazlığından əziyyət çəkən Zeynal Nağıyev və həyat yoldaşı Sevda Nağıyevanın adına təsis olunmuş şirkətlər də XİN-in tenderlərində qalib olub. Şirkətlərin hesabına 127 min və 97 min 546 manat vəsait köçürülüb. Bu barədə məhkəmədə danışan Zeynal Nağıyevin bacısı oğlu Ramin Hüseynov bildirib ki, bu vəsaitlərdən 2500 manat dayısına verilib. Həmin məbləğin də təxminən 1000 manatı vergiyə gedib, 1500 manat isə dayısına qalıb. Dindirmə zamanı üzə çıxıb ki, Ramin Hüseynov özü də dayısının şirkətində xəzinədar kimi rəsmiləşdirilib. Şirkətin hesabına köçürülən pulu da o çıxarıb. Dayısına veriləsi 2500 manat da ona çatdırılıb ki, Zeynal Nağıyevə aparsın.

Ramin Hüseynov DTX-da dindirilərkən deyib ki, hesaba köçürülən pulu çıxarıb, Səlim Əlizadəyə verib. Həmin pulun üstündən 2500 manatı da ona S.Əlizadə təqdim edib. Amma məhkəmədə bildirib ki, Asif adlı şəxsə verib. İstintaqda dindirilərkən tanınmada S.Əlizadənin fotosunu göstərməsini isə R.Hüseynov belə izah edib: “Orada mənə elə dedilər. And içirəm ki, mən o kişiyə pul verməmişəm”.

Təqsirləndirilən S.Əlizadə deyir ki, nazirlikdə Asif adlı işçi həqiqətən olub və o, bir müddət öncə dünyasını dəyişib.

Şahid Asif Ağayevin şirkətinə isə tenderin qalibi kimi 68 min 840 manat vəsait köçürülüb. Bu vəsaitlə nazirliyə dəftərxana ləvazimatları çatdırılmalıydı. Şahidin sözlərinə görə, hələ tender məsələsindən əvvəl S.Əlizadə onların “Ofis aləmi” adlı mağazasından dəftərxana malları alırdı:

“Səlim müəllimlə oradan tanışılığımız olub. Bizdən mallar alırdı. Malları bəzən nisyə götürürdü, sonradan pulunu ödəyirdi. Axırıncı dəfə 18 min manatlıq mal vermişdik. Sonra Xarici İşlər Nazirliyində tenderin qalibi olduq, bizim hesabımıza vəsait köçürüldü. Bu puldan 18 min manat borcu çıxdıq. Həmin ərəfədə Səlim müəllim dedi ki, nazirin tapşırığı var, tikinti işləri görülməlidir. Buna görə məndən borc istədi. Mən də hesabda qalan pulu ona borc verdim…”

Amma bu şahid istintaq zamanı DTX-dakı dindirmədə deyib ki, 68 min 840 manatlıq köçürmədən borcu çıxandan sonra qalan təxminən 50 minin 42 min 841 manatını nağd şəkildə S.Əlizadəyə verib. Onun sözlərinə görə, tenderdə iştirak təklifi də Əlizadədən gəlmişdi. Əvvəlcədən razılaşma da belə olmuşdu ki, pul nağdlaşdırılıb, geri qaytarılacaq.

XİN-dəki tender qalmaqalları ilə bağlı məhkəmə araşdırması davam edir.

Fərhad Mollazadə və Səlim Əlizadə nazirlik üçün dəftərxana ləvazimatları, suvenir, hədiyyələr və s. almaq adıyla 2 milyon 543 min manatlıq yeyintidə ittiham olunur. Cinayət Məcəlləsinin 179.4 maddəsi – xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən Mollazadə və Əlizadə ittihamı qismən qəbul edirlər. Onlar istintaqda hesablanan 2 milyon 543 min manatlıq ziyandan 2 milyon 325 min manatını ödəyiblər. Bu vəsaitin 2 milyon 300 minini Mollazadə, 25000 manatını isə Əlizadə ödəyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.