"Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir" - Ekspert danışır

23-09-2021, 17:23           
"Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir" - Ekspert danışır
Bölgəmizdə gizli savaş dayanmayıb, əksinə, şiddətlənib.
44 günlük müharibədən sonra dünyanın balansında çox şey dəyişdi. Rusiya Azərbaycanın Qarabağ bölgəsində öz iştirakını hər gün və hər formada genişləndirməyə və möhkəmləndirməyə çalışır. İran Azərbaycanla və Ermənistanla sərhədə təlim adı altında qoşun yeridir. Türkiyə sürətlə Cənubi Qafqaza daxil olur və möhkəmlənir. Eləcə də, İranla sərhədə əlavə qüvvələr cəlb edir. Bütün proseslərin episentrində Azərbaycan dayanır. Bu kontekstdə Qafqazda regional müharibə ehtimalları ortaya atılır. Böyük küclərin döyüş meydanına çevrilmək, Suriya ssenarisinin Qafqazda təkrarlanmaq ehtimalı varmı? Bizimyol.info bütün bu məsələlər barədə politoloq Nəzakət Məmmədova ilə danışır. Azərbaycanı nə gözləyir?

"Müharibə ehtimalı hər zaman var. Bu, həm Ermənistan və Azərbaycan arasında 3-cü Qarabağ savaşı, eyni zamanda regionda marağı olan böyük güclərin öz aralarında yaranmış fikir ayrılğından irəli gələn maraqların toqquşması müharibəsi ola bilər. Gizli savaş onsuz da dayanmayıb, əksinə, şiddətlənib. Diplomatik, kəşfiyyat, informasiya müharibəsi regionda yəqin ki, davam edir.

Casus Belli - yəni müharibəyə səbəb, yaxud bəhanə axtaran Qarabağ münaqişəsinin başa çatmasından sonra region ölkələri və burada maraqları toqquşan böyük dövlətlərin maraqlarıdır.

Orta Şərqdə onilliklərdir üçüncü dövlətlərin ərazisində müharibə aparan İran və İsrail, Suriyada müttəfiq və rəqib Türkiyə və Rusiya, dünyanın hər yerində maraqları olan və bunu öz əlaltıları, konkret olaraq bizim regionda Pakistan vasitəsilə həyata keçirən Britaniya, Minsk qrupunun həmsədrləri olaraq 10 noyabrdan sonra gözardı edilən ABŞ və Fransa, iqtisadi ekspansiyanı genişləndirən Çin və s. dövlətlər burada qarşıdurma şəraitindədirlər. Region dünyanın barıt çəlləyinə çevrilib, bir qığılcıma bənddir ki, partlayış baş versin"- deyə politoloq qeyd edib.

"Təbii ki, Rusiya və İran NATO üzvü Türkiyənin, regiona heç bir aidiyyatı olmayan Pakistanın, İsrailin burada möhkəmlənməsinə qarşı qətiyyətlə çıxış edirlər. Bölgədə yeni geosiyasi reallıqlar formalaşdırılmağa çalışılır ki, bu da bölgənin ənənəvi söz sahibi iki dövlətinin xoşuna gəlmir. Rusiya Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsinə və Avrasiya İqtisadi Birliyinə daxil etmək planları üzərində çalışarkən, Türkiyənin timsalında NATO-nun, İsrailin, Pakistanın bura gəlməsi rəngləri qarışdırır.

Təbii ki, beynəlxalq sərmayəçilərin burada möhkəmlənib Qarabağın yenudənqurma layihələrində pay alması, eləcə də burada öz iqtisadi, siyasi, hərbi maraqlarını israrla müdafiə edib, Rusiya və İran qarşısında güc nümayiş etdirməsi əks həmlə ilə üzləşib. Əslində, Rusiyanın və İranın güc nümayişi Azərbaycandan daha çox, həmin ölkələrə qarşı yönəlib. Məsələn, İran ehtimal edir ki, ölkəmizin işğaldan azad olunmuş 132 km. sərhəddi vasitəsilə İsrail İrana qarşı hər hansı təxribat törədə bilər. Yaxud, Türkiyənin burada yerləşməsi elə NATO-nun regionda möhkəmlənməsidir. NATO zatən Rusiyanı Qara və Baltik dənizdən mühasirəyə alıb. Xəzərdə təlim isə dənizlərdən bu həlqənin daha da daralmasına səbəb olacaq",- deyən ekspert Taliban və Rusiyada keçirilən seçkilərin də rolundan, gətirə biləcəyi təsirlərdən danışıb.

"Üstəlik, Taliban təhdidi yenidən vüsət alarkən, tək Cənubi Qafqazın yox, Orta Asiyanın və bütün Əfqanıstanla birişik zonalardakı ölkələrin müqəddəratı sual altına düşür. İngiltərə, Çin, İsrail regiondakı meqalayihələrinin taleyindən narahatdır. Eyni zamanda, Zəngəzur dəhlizi vasitəsilə İranın regiondakı müstəsna əhəmiyyəti zəiflədilməyə çalışılır. Rusiya və İran bütün bunlara sonadək müqavimət göstərəcəklər, hərçənd Zəngəzur dəhlizinin açılmasında Rusiya da maraqlıdır. Rusiyadakı seçkilərdə Kommunist partiyasının Putinin hakim Vahid Rusiya partiyasından sonra ikinci yerə çıxması da SSRİ-nin bərpası mesajı sayıla bilər. Bütün bunların fonunda hələ ki, proses iştirakçılarının əksəriyyətinin əsas həmrəyliyi ABŞ-ı oyundan kənarda saxlamaqdır. Lakin Paşinyanın Ermənistanda hakimiyyətdə olması, Türkiyənin NATO üzvü kimi, eyni zamanda ikitərəfli qaydada ABŞ-la münasibətləri irəlilətməsi və s. dünyanın ən güclü fövqəldövlətinin də gec-tez aşkar şəkildə öz maraqlarını ortaya qoyacağını deməyə əsas verir".

Bununla belə politoloq gələcəyə pozitiv baxmaq üçün ümid verən məqamların da olduğunu qeyd edib: "İran bir neçə gün öncə Şanxay Əməkdaşları Təşkilatına tamhüquqlu üzv oldu. Rusiya, Çin, Pakistan kimi ölkələrlə bir təşkilatın çətiri altında birləşdi. Bu da onu göstərir ki, regionumuzda böyük müharibə gözlənilmir. Lakin maraqlar toqquşması olub, olacaq da. İran XİN başçısı müavinin Azərbaycana səfəri, Azərbaycan, Türkiyə və İran arasında Tehranda görüş keçiriləcəyi barədə məlumatlar ümid yaradır ki, bölgədə böyük müharibə olmayacaq".
Bizimyol.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.