Medalını satan qazi məsuliyyətə cəlb oluna bilər: - YAŞAT Fondu nə deyir?

23-09-2021, 17:43           
Medalını satan qazi məsuliyyətə cəlb oluna bilər: -
Azərbaycanda Vətən müharibəsi qazisi "Xocavəndin azad olunmasına görə" aldığı medalı satır.

Qazi İskəndərov Səid İman oğlu bu barədə satış elanı verib. “Bu medalları müharibədə canımı ortaya qoyub qazanmışam. İndi yardım olunmadığı üçün satıram. Kim istəsə, alsın. Vətən müharibəsinin medalıdır”, - qazi qeyd edib. Səid İskəndərov bildirib ki, diqqətdən kənar qaldığı üçün belə bir addım atıb.

YAŞAT Fonduna müraciət etdiyini deyən qazi S.İskəndərov bildirib ki, Fonddan ona əlilliyin təsdiq olunmasının vacibliyi deyilib:

“Əlilliyin təsdiq olunması üçün də çox prosedur var. İnsanları get- gələ salırlar. Bizə göndəriş verirlər, amma vaxt baxımından çatdırmırıq".

Dövlət tərəfindən verilən orden və medalların, dövlət təltiflərinin satılması hüquqi məsuliyyət yaradırmı?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında hüquqşünas Əsabəli Mustafayev bildirib ki, bu, hüquqi cəhətdən doğru deyil:

"O medalı satmaq olmaz. Çünki dövlət təltifidir, ona görə də mülki dövriyyədə olmayan maldır. Hansı malların dövriyyəyə buraxılıb-buraxılmaması barədə xüsusi siyahı var. Bu da dövriyyədə olmayan mal olduğu üçün onu rəsmən satmaq düzgün deyil. Həm mənəvi, həm də hüquqi cəhətdən satmaq olmaz. İndi inanmıram ki, kimsə o medalı alsın. Adətən o medallar satılır ki, gümüşdən, qızıldandır. Onun isə üstündə qiymətli daşlar yoxdur.

Bu səbəbdən düşünmürəm ki, həmin medal çox böyük qiymətə malik olsun. Yəqin ki, bu, bir aksiyadır. Qazi özü də başa düşür ki, onun maddi cəhətdən elə böyük qiyməti yoxdur. Sadəcə mənə elə gəlir ki, bu çağırışdır ki, ona kömək edilsin. Bu, həm də bizim cəmiyyətə, dövlət orqanlarına utanc gətirən haldır. Qazimizi diqqətsiz buraxmışıq. Qohumlar, qonşular, o gələndə əl çalıb qarşılayanlar indi görünür ki, yaxın dayanmırlar. Düşünürəm ki, həm dövlət, həm cəmiyyət tərəfindən həll edilməlidir. Buna görə məsuliyyət nəzərdə tutulur, cərimə isə yoxdur".

YAŞAT Fondundan isə sorğumuza cavab olaraq bildirilib ki, 11 fevralda qaziyə 2 500 manat maddi yardım edilib:

"Növbəti yardım üçün isə onun əlilliyini təsdiq edən sənəd lazımdır. O da olmadığı üçün hələ kömək göstərə bilmirik. Əlilliyini təsdiq edən sənəd olduqda növbəti dəfə müraciət edə bilər. Martın 16-dək şəxslərə sadəcə müharibədə yaralandığını təsdiq edən şəhadətnamə ilə maddi yardımlar edilirdi. Lakin sonradan müharibədə yaralanan, lakin xidmətə yararlı şəxslər də müraciət etməyə başladı. Hərbi həkim komissiyasının rəyi ilə martın 16-dan etibarən əlilliyi təsdiq edən sənəd tələb olunur. Bu olmadıqda biz şəxsə yalnız sağlamlığı ilə bağlı yardım edə bilərik".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.