“İslam terrorçuların əlində oyuncağa çevriləcək” - Əfqanıstanda nələr baş verir...
26-09-2021, 13:32
Hakimiyyəti ələ aldığı bir ay ərzində “Taliban” Əfqanıstanda yavaş-yavaş, lakin yeni qaydalar tətbiq etməyə başladı. Belə ki, qadınların universitetlərdə yalnız niqabda və kişilərdən ayrı təhsil almasına icazə verildi; məktəb yaşlı qızların təhsillə bağlı taleyi dumanlı olaraq qalır. Eyni zamanda sosial şəbəkələrdə silahlıların yeni hökumətin düşmənlərinə - keçmiş hərbçilərə və polislərə qarşı repressiyalarının video görüntüləri peyda olur. Taliblərin sakinlərinə qarşı xüsusi qəddarlıqla davrandığı Pəncşir əyalətində hələ də mövcudluğunu qoruyan ayrı-ayrı müqavimət ocaqları qalır, lakin silahlıların davam edən hücumu və blokada səbəbiylə bu yalnız zaman məsələsidir. Lenta.ru-nun müxbiri Əfqanıstan sakinləri ilə söhbət edib və əslində ölkə daxilində nələrin baş verdiyini, yeni hökumətin dövründə əfqanların necə yaşadığını və bir çoxlarının hələ də qaçmaq arzusunda olduğunu öyrənib. Moderator.az həmin yazını oxucularına təqdim edir.
“Əgər Pəncşirdənsənsə, artıq düşmənsən”
Seyam (təhlükəsizlik səbəbiylə ad dəyişdirilib), 25 yaş, “Taliban”a qarşı müqavimət hərəkatının Pəncşirdən qaçan üzvü:
“Bir neçə gün bundan əvvəl Pəncşirdən Kabilə qaçmağı bacardıq. Bu qərar ailəm üçün asan olmadı: evimizi, bütün təsərrüfatımızı və mülkümüzü geridə qoyduq. Əgər taliblər mülki əhaliyə rəhm etsəydi, bu qədər çarəsiz addım atmazdıq. Ancaq onlar üçün fərqi yoxdur: əgər Pəncşirdənsənsə, artıq düşmənsən.
Talibləri yalnız qisas maraqlandırır: hamı təslim olanda yalnız Pəncşir əhalisi itaətdən imtina etdi və onlara müqavimət göstərdi. Pəncşirdə olduğum son günlərdə çaxnaşma hökm sürürdü. Hamı sağ qalmaq üçün oradan çıxmaq istəyirdi. Əyalət əslində blokadada idi. Taliblər qapı-qapı gəzərək insanları sorğu-suala çəkir və naməlum istiqamətə aparırdı.
Kabilə gedən yolda bir neçə yoxlama keçid məntəqəsi var idi: orada silahlılar hərtərəfli axtarış və sorğu-sual edir, mobil telefonları yoxlayırlar. Ən kiçik şübhə ilə insanları götürürlər və bundan sonra onların başına gələnləri heç kim bilmir. Olurdu ki, insanları yerindəcə güllələyirdilər.
Əlbəttə ki, bütün ailə ilə birlikdə çıxmaq istəyirdik. Amma alınmadı. Qohumlardan bəziləri dağlarda gizləndi və Pəncşirdə heç bir əlaqə yoxdur, buna görə də onlar haqqında başqa heç nə eşitmədik. Onların sağ olub-olmadığını da bilmirik. Axı, düz-əməlli yeməkləri də yoxdur və orada döyüşlər gedir. Bir tərəfdən də payız gəlib, indi dağlarda hava çox soyuqdur.
Kabildə məskunlaşa bilmərik - axı əlimizdə olan hər şeyi Pəncşirdə qoymuşuq. Bizim kimi oradan paytaxta gələn insanlar ya küçədə çadırlarda yaşayır, ya da daha şanslı olanlar qohumlarının yanında qalır. Bizim üçün çox çətindir, nə kömək var, nə humanitar yardım, nə də başqa bir şey. Necə sağ qalacağımızı və bu vəziyyətdən necə çıxacağımızı bilmirik.
Gizlənməyə məcburuq, çünki pəncşirliləri hətta Kabildə də axtarırlar. Buna görə də hər gecəni yeni yerdə keçiririk - bizi tapsalar, sağ qoymazlar.
İndi Pəncşirə qayıda bilmərik. Amma fürsət düşən kimi təcavüz üçün dini bəhanə edən bu işğalçılardan vətənimizi müdafiə etmək naminə geri dönəcəyik. Onlara qarşı döyüşməyə davam edəcəyik”.
“Onların vədləri boş sözlərdir”
Tamana, 23 yaş, Kabildən olan tələbə və fəal:
“Taliblərin gəlişindən bir aydan çox vaxt keçib. Şəhərdəki vəziyyət qapanmaya bənzəyir: hamı evdə oturur, xüsusən də qadınlar. Banklar və dükanlar demək olar ki, bağlıdır və yalnız müəyyən günlərdə bir-iki saatlıq açılır. Universitetlər işləmir. Sanki həyatı bizim üçün dayandırıblar. Buna alışmaq mümkün deyil, hamı şok vəziyyətindədir.
Əfqanlar “Taliban”ın hakimiyyətdə olduğu əvvəlki dönəmdə baş verənləri yaxşı xatırlayırlar. Bizi sıxışdırıb qorxudaraq normal yaşamağa imkan vermirdilər. Terrorçuları necə qanuni hökumət hesab etmək olar?
Yenə hakimiyyəti ələ keçirən “Taliban” keçmiş hərbçilər və məmurlar, xüsusən də qadınlardan qisas almağa başlayıblar. Qor əyalətində bu barbarlar hamilə qadını sadəcə, əvvəllər polis məmuru olduğu üçün uşaqlarının gözü qarşısında güllələdilər.
Pəncşir kimi onlara qarşı müqavimət göstərilən yerlərdə xüsusi qəddarlıq və sərtlik nümayiş etdirirlər. Taliblər rəqiblərinin qisasını onların ailələri və uşaqlarından alırlar.
Əslində qadınlara işləmək qadağan edilib - əvvəlki hökumətin dövründə işləyənlər evlərinə qapanıb. Çoxlarının dolanışıq imkanı tükənib və onlara kömək edəcək kimsə yoxdur. Faktiki onları aclıqla ölümə məhkum ediblər. Bu səbəbdən də qadınlar “Taliban”a etiraz edir, onların hakimiyyətinə və qayda-qanunlarına qarşı çıxırlar.
Mən özüm küçələrə çıxır və “Taliban” əleyhinə nümayişlərin təşkilində iştirak edirəm. Bizə taliblərdən heç nə lazım deyil, onlarla danışıq aparmağın mənası yoxdur. Sadəcə, beynəlxalq ictimaiyyətin səsimizi eşitməsini istəyirik.
Silahlılar, əlbəttə ki, kənarda qalmırlar: etirazçıları döyüb saxlayırlar, bizi qorxutmaq üçün havaya atəş açırlar. Hətta bu mitinqləri işıqlandırmağa çalışan jurnalistləri də saxladılar - sərbəst buraxılanların bəziləri çox döyüldüyündən ayaq üstə çətinliklə dayanırdı.
Eyni zamanda talibləri dəstəkləyən “qadın” nümayişləri var. Bu nümayişlərdə qadınların deyil, qadın qiyafəsində olan taliblərin iştirakına şübhə etmirəm. Onlar bu işin mütəxəssisləridir - silahlılar hücum və terror aktları həyata keçirmək üçün dəfələrlə qadın paltarı altında gizləniblər. Əlbəttə, aralarında bir neçə talib arvadının ola biləcəyini də istisna etmirəm. Bir sözlə, bu, sadəcə, şoudur: “Taliban”la razılaşmayan qadınları əxlaqsız kimi təqdim etməyə çalışırlar.
Taliblərin vədləri, sadəcə, boş sözlərdir. Dəyişdiklərini göstərməyə çalışırlar, amma dəyişsələr də, bu yalnız pis tərəfədir. Taliblər əvvəlki hakimiyyətləri dövründəkindən daha çox barbarlaşıblar. Və bütün bunlar özlərini müsbət təqdim etməyə və beynəlxalq tanınmağa nail olmağa çalışdıqları anda baş verir. Allah göstərməsin, beynəlxalq birlik tərəfindən tanınsalar, o zaman “Taliban”ın nələr edəcəyini təsəvvür etmək belə qorxuludur. Dünya bu addımı atsa, bütün dinc əfqanlar üçün ölüm hökmü vermiş olacaq.
Başqaları kimi mən də xoşbəxtlik adrınca harasa gedə bilərdim, amma qalmağa qərar verdim. Qardaşım keçən il öldürüldü. Yəqin ki, mənim də adım taliblərin siyahısındadır və bilirlər ki, onlara qarşı etirazlar təşkil edirəm. Ancaq dayanmayacağam və bu barbarlara müqavimət göstərməyə davam edəcəyəm. Ölkəmin azad olmasını, bütün əfqanların normal insanlar kimi yaşamasını istəyirəm. Bunun üçün özümü qurban verməyə hazıram”.
“Onlar qorxurlar və istənilən yolla ölkəni tərk etmək istəyirlər”
Müfti Əbdül Kader (təhlükəsizlik səbəbiylə ad dəyişdirilib), əfqanıstanlı ruhani:
“Taliblərin gəlişi ilə ölkədə böyük dəyişikliklər baş verdi. Hər şey çökdü - nə ordu var, nə polis, nə hökumət, nə də iş. Artıq bunlar yoxdur. İnsanlar çörəkpulu qazana, nə edəcəklərini, belə vəziyyətdə necə davranacaqlarını bilmirlər. Dərin depressiya və şok keçirirlər. Çoxları qisasdan və işgəncədən qorxduqları üçün evlərinə qapanıb. Gənclər demək olar ki, daha məscidə gəlmir. Taliblərin onları dərhal tutub naməlum istiqamətdə aparacaqlarından qorxurlar. Belə hallar olub.
İnsanlar mənə və digər imamlara yalnız bir xahişlə müraciət edirlər - Əfqanıstandan çıxmalarına kömək edək. Hər birinin də taliblərin qohumlarını və ya sevdiklərini necə oğurladıqları və ya öldürdükləri ilə bağlı kədərli hekayələri var. Özlərinin də eyni aqibəti yaşamalarından qorxurlar və istənilən yolla ölkəni tərk etmək istəyirlər.
Ruhanilər, xüsusən də həzaralar, taciklər və özbəklər şiddət və işgəncələrin qurbanı olurlar. Hətta Əfqanıstanın bütün imamlarının başçısı saxlanıldı, uzun müddət təcridxanada yatdı və təzəlikcə zaminə buraxılıb. Taliblərin ruhanilərə qarşı əsas iradı əvvəlki hökumətə qarşı mübarizə apardıqları müddətdə onlara dəstək verməməyimiz və kömək etməməyimizlə bağlıdır. İndi bir çox imamlar qaçaqaçdadır.
Mən də gizlənirəm. Ailəmi bir vilayətə göndərdim, özüm də başqa vilayətdəyəm. Evimizi və bütün var-dövlətimizi itirdik. Yaşayış yerimi daim dəyişmək məcburiyyətindəyəm: növbə ilə gah qohumlarımın, gah da dostlarımın evində yaşayıram, əks halda məni tapıb işgəncə verərlər və ya daha da pis olar. Məni və yaxınlarımı təhlükə gözləyir, bu vəziyyətdən necə çıxacağımızı bilmirik. Lazımi sənədlərimiz yox idi və indi bunu necə əldə edəcəyimiz bəlli deyil - bütün sistem çöküb.
Son vaxtlara qədər Əfqanıstanda İslam lazım olan formada idi. Qorxuram ki, “Taliban”ın gəlişi ilə “Əl-Qaidə”, “Ləşkər-i-Tayba” və İŞİD kimi terror qrupları yalnız Əfqanıstanda varlıqlarını gücləndirəcək və bir-birlərini əsl müsəlman olmamaqda ittiham edərək öz aralarında döyüşə başlayacaqlar. Bu, ölkəni xarabalığa çevirə bilər.
İslam terrorçuların əlində yalnız bir oyuncağa çevriləcək, qətl və müharibə bəhanəsi olacaq. Radikallar şiələri və həzaraları müsəlman hesab etmirlər və onları kafir kimi öldürmələrinə əmindirlər. Bu artıq Suriya və İraqda baş verib. Bunun bizdə də baş verəcəyindən qorxuram. Əfqanıstanda olan hindlilər və sikxlər də öz həyatlarını riskə atırlar, amma əsas zərbə həzaralara dəyəcək. Taliblər onları yer üzündən silmək istədiklərini açıq şəkildə bəyan edirlər”.
Tərcümə və təqdim etdi: Miraslan