Maska ziyandırsa, taxaq, yoxsa çıxaraq? - 100 manat cərimə ödəməyə razısınızsa...
15-10-2021, 20:09
İspaniya pulmonoqları tibbi maskaların düzgün istifadəsi barədə məlumat verib.
Onların fikrincə, maska taxıldığı andan 45 dəqiqə sonra 5-7 dəqiqəlik fasilə ilə çıxarılmalıdır. Yəni maska taxan şəxs hər 45 dəqiqədən bir maskanı tamamilə çıxarıb və ya endirib, açıq havada nəfəs almalıdır. Bir maskanı heç çıxartmadan ağız-burunda qalma müddəti maksimum 60 dəqiqədir. Ondan sonra mütləq 10 dəqiqə fasilə olmalı, ağız-burun açıq qalaraq, tənəffüs sisteminin normal işləməsi üçün şərait yaradılmalıdır. İspan həkimləri hesab edir ki, maskanı fasiləsiz istifadə və uzun müddət taxmaq bu problemlərə səbəb ola bilər:
- Tənəffüs sistemində göbələk, infeksiya və bakteriya mühitinin yaranması
- Qanda oksigen səviyyəsinin düşməsi
- Burunda problemlər, selikli qişanın quruması
- Üz dərisində dermatoloji problemlər.
Maskanın düzgün istifadə qaydası bundan ibarətdir ki, onu müntəzəm olaraq fasilə ilə çıxarasınız və açıq şəkildə nəfəs alasınız. İspaniyanın məşhur pulmonoloqu Qustavo de Liza bildirib ki, əgər maska taxan müəyyən səbəbdən 3-5 saat maskanı çıxara bilmirsə, o zaman fasilə müddəti 30 dəqiqə olmalıdır. Ən azı 4 saatdan sonra maskanı çıxarıb, təmiz hava almalıdır.
Məlumdur ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarına əsasən, 2021-ci il 31 may saat 06:00-dan açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilib. Qərara əsasən, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə maska tələbi aradan qaldırılıb. Qapalı məkanlarda isə insanlar sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə etməlidir.
Qapalı məkanlarda maska taxmaq məcburiyyəti ondan düzgün istifadə qaydasının da önünə sədd çəkir. Çünki qapalı məkanlarda maska çıxartmaq və taxmamaq üçün də heç də az olmayan, 100 AZN cərimə müəyyənləşdirilib. Maraqlıdır ki, belə olan halda nə etməliyik?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında farmakoloq Aydın Əliyev deyib ki, ara məsafəsi saxlamaqla, maskanı endirib burun nəfəsi almaq doğru olardı:
"Bu düşüncələr təbiidir. Çünki dediyiniz araşdırmada məsələnin texniki tərəfləri qeyd edilib. Burada ondan söhbət gedir ki, insan imkan düşdükcə 1 saatdan-yarım saatdan bir istənilən məkanda digərlərindən kənarlaşıb burun nəfəsi ala bilər. Qapalı məkanda da bunu yerinə yetirməkdə heç bir problem yoxdur. Lakin bütün sanitar-gigiyenik qaydaları da gözləmək lazımdır. Məsələ budur ki, burada məsafə sözü yaddan çıxıb. Məsafəni saxlamaqla ispan alimlərinin dediyini etmək niyə də olmasın? Mən də şəxsən bu qaydanı yerinə yetirirəm. Arada maskanı açıb burun nəfəsi alıram. Düzdür, orada təkcə maska deyilib, məsafəylə bağlı məsələyə toxunulmayıb, ona görə də belə suallar ortaya çıxır. O demək deyil ki, deyilən hər şey 100 faiz hər kəsə xeyirdir və ya ziyandır. Sadəcə olaraq, bunlar gözlənilməsi olan məqamlardır. İstənilən halda maskadan düzgün istifadə yoluxmamızın da qarşısını alan əsas məqamdır. Yəni maskanı müəyyən aralıqla çıxarda bilərik, o şərtlə ki, ara məsafəsi gözlənilsin".