Salyanın sabiq başçısının həbsinə hazırlıq gedir
16-03-2016, 09:47
Tahir Kərimovun fəaliyyəti təftiş edilir; Hesablama Palatası rayonda kompleks yoxlamalara başlayıb; hüquq-mühafizə orqanları yoxlamanın nəticələrini səbirsizliklə gözləyir...
Prezident İlham Əliyev ötən həftə 3 rayonun icra hakimiyyəti başçısını işdən azad etdi. Cəbrayıl, Laçın və Salyan rayonlarının İH başçıları tutduqları vəzifədən çıxarıldı. Bu üç başçı haqda indiyədək mətbuatda çox yazılıb. Onların rayonda törətdikləri özbaşınalıqlar, yerli əhaliyə zülm etmələri, rüşvətxorluq, korrupsiya və s. əməlləri medianın illərdir ki, gündəmindən düşmür.
İşdən çıxarılan başçılar arasında adı ən çox qalmaqallarda hallanan Tahir Kərimov idi. O, 2010-cu ildən ötən həftəyə qədər Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib. İnternetdə axtarış sistemində Tahir Kərimov yazıldıqda, onlarla məqaləyə rast gəlinir. Həmin məqalələrdə T.Kərimovun ağlasığmaz əməllərindən bəhs edilir. Məsələn, sabiq başçının adı qanunsuz torpaq alverindən, sahibkarlara divan tutmağa, rüşvətxorluqdan, reketçiliyə, korrupsiyadan adamöldürməyə kimi ən çirkli işlərdə, cinayətlərdə hallanıb. T.Kərimovun necə başçı olduğunu isbatlayan bariz sübut Salyan əhalisinin onun vəzifədən getməsini toy-bayram etməsidir. İllərdir insanların canını boğazına yığmış bir rayon rəhbərinin işdən azad edilməsini camaat az qala atəşfəşanlıqla qeyd edib...
Sən demə, T.Kərimovdan təkcə salyanlılar narazı deyilmiş. O, dövlət rəhbərliyinin də antipatiyasını qazanıbmış. “Yeni Müsavat”a rayondakı mənbələrdən daxil olan məlumata görə, mart ayının 15-dən etibarən Hesablama Palatasının komissiyası Salyanda kompleks yoxlamalara başlayıb. Deyilənə görə, buna səbəb Tahir Kərimovun fəaliyyətinin araşdırılmasıdır. Onun çoxlu yeyintiyə, korrupsiyaya yol verdiyi bildirilir.
Məlumatda o da deyilir ki, Hesablama Palatasının yoxlamasının nəticələri hüquq-mühafizə orqanlarına göndəriləcək. Bundan sonra isə sabiq başçıya Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılacağı deyilir.
Məlumatlı mənbənin verdiyi xəbərə görə, artıq T.Kərimovun yaxın ətrafı da “vurulmağa” başlayıb. Onun oğlunun və yeznəsinin işdən çıxarıldığına dair məlumatlar var. Digər qohumlarının da yaxın günlərdə işdən qovulacağı istisna olunmur.
Xatırladaq ki, T.Kərimovun adı bir neçə il öncə bir qətl işində hallanmağa başlamışdı. 2011-ci il, iyulun 11-də “Azər-Ross” MTK-nın rəhbəri Əflatun Piriyev öz ofisində odlu silahla öldürüldü. Bu qətlin sifarişçisi Hümbət Məmmədov və digərləri idi. H.Məmmədov T.Kərimovla quda və biznes ortağıdılar. Deyilənə görə, Tahir Kərimov həmin vaxt adının bu cinayət işinə qarışmaması üçün xeyli xərc çəkib. Mənbə bildirir ki, sabiq başçı keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova külli miqdarda rüşvət verməklə bu işdən canını son anda qurtara bilib.
Salyandakı mənbəmiz bildirir ki, T.Kərimov vəzifədən çıxarıldığı gün icra hakimiyyətinin binasını arxa qapıdan gizli şəkildə tərk edib. Onu bu addımı atmağa vadar edən səbəb rayon sakinlərinin onu hörmətsiz formada Bakıya yola salmağa hazırlaşması olub. O da bu informasiyadan sonra binadan və Salyandan gizli şəkildə çıxış yapıb.
Mətbuat indiyədək Tahir Kərimovun qanunsuz sahibkarlıqla məşğul olması barədə də yazıb. Onun Salyanda onlarla ticarət və iaşə obyektlərinin, Qusarda “Star Qusar” əyləncə mərkəzinin, Bakıda restoranlarının, sayı-hesabı bilinməyən mənzillərinin, İstanbulda, Ruminiyada, Polşada (Karlovı Varı) xeyli sayda daşınmaz əmlakının olduğu deyilir. Artıq bu faktlar üzrə də araşdırmaların başladıldığı, T.Kərimovun mal varlığının siyahısının tutulduğu haqda məlumatlar almışıq.
Ən sonda bildirək ki, Salyanın sabiq icra başçısının orta məktəb şagirdlərinin əllərində tutduqları gül çələnginin altından keçdiyini əks etdirən foto “yuxarılarda” ciddi qıcıq yaradıb. Xatırladaq ki, o şəkil sosial şəbəkələrdə və mediada günlərlə müzakirə edildi, bu davranışına görə T.Kərimov ciddi şəkildə qınandı. Amma T.Kərimovun “vurulması”nın əsas səbəbi bu foto deyil, təbii ki. Mənbəmizin iddiasına görə, ortada daha dərin və ciddi səbəblər var. Bu səbəblərdən biri kimi Tahir Kərimovun Salyanı öz ədalətsiz və tamahkar idarəetməsi ilə qan çanağına döndərməsi göstərilir. Hakimiyyətə bəlli olub ki, Salyanda hər an məhz Tahir Kərimovun üzündən xalq etirazları başlaya bilər. Bundan sonra onun işdən azad edilməsi haqda qərar qəbul edilib.
Mövzunu davam etdirəcəyik.
musavat.com