Putinin Suriya qərarının 5 səbəbi

17-03-2016, 13:32           
Putinin Suriya qərarının 5 səbəbi
Rusiyanın Suriyadan geri çəkilməsi hələ də qeyri-adi siyasi gediş kimi qiymətləndirilir. Çünki, hər kəsə bəlli idi ki, rəsmi Moskva konkret olaraq öz mövqeyi üçün Əsədə yardım edirdi.

Söhbət ABŞ-ın bölgədə artan imkanlarının qarşısını almaqdan gedir. Bəziləri hesab edir ki, Rusiyanın “geri addım”ının arxasında Putinlə Əsəd arasında yaşanan anlaşılmazlıqdır. Digərləri isə düşünür ki, müxaliflərin gözləniləndən daha güclü müqavimət göstərməsi, Türkiyə ilə qarşıdurmanın yaranması, İranın hərbi təsirinin güclənməsi və neftin qiymətlərinin uzun müddət 40 dollar civarında qalacağının bəlli olması Rusiyanın bu hərbi ekspedisiyada imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.

Bütün hallarda fərqli düşüncülər fonunda real mənzərə odur ki, Rusiya öz işini gördüyünü bəyan etdi və artıq siyasi dialoqun gündəmə gətirməyin vacibliyini diqqətə çatdırdı. İlk baxışda Rusiya “qaçdı” kimi görünsə də vəziyyət tamam fərqlidir. Putin Suriyada öz gücünü artırmağa davam edir. Çünki, Rusiya ordusunun hava və dəniz silahlı qüvvələri aktiv fazada işləyəcək, ordu tərəfindən əməliyyatlar isə vacib hallarda keçiriləcək. Digər tərəfdən Rusiyanın Suriyadakı ən böyük qazancı bölgədə “S-400" tipli zenit-raket komplekslərinin yerləşdirilməsi oldu. Bu kompleks hazırda Türkiyədən İsrailə qədər bütün hava məkanına nəzarət edə bilir.

Bundan başqa Rusiya Suriyada Əsədin legitimliyini qorumaqla yanaşı, həmçinin sərhədləri Dəclə çayına çatacaq dövlət yaratmaq istəyən kürdlərə də xüsusi dəstək verib. Bu vəziyyət, əlbəttə ki, Rusiya ilə əlaqələri gərginləşən Türkiyəni qane etmirdi və Rusiya son baş verən hadisələr fonunda münaqişənin daha da dərinləşəcəyini nəzərə almaya bilməzdi.

Mübahisələr davam edən zaman analitiklər Rusiyanın Suriyadan qismən geri çəkilməsinin 5 səbəbini açıqlayıb. Ən çox işlədilən ifadə - Rusiya Suriyada öz missiyasını yekunlaşdırdığı üçün oranı tərk etdi. Onsuzda rəsmi Moskva əməliyyatların qısa müddət davam edəcəyini də əvvəlcədən bəyan etmişdi.

İkincisi - Rusiya bununla ABŞ-a öz ordu gücünü və ölkə sərhədlərindən kənar əməliyyatlar keçirmək qabiliyyətinə malik olmasını nümayiş etdirmək istəyirdi. Rusiya Ukrayna böhranından sonra dünya ictimaiyyətinin gözündən düşmüşdü. Və baxışların bucaq dərəcəsini dəyişməyin yeganə yolu Suriya idi. Odur ki, bu müdaxilə ilə Rusiya Krımın ilhaqını və Ukraynanın şərqində baş verən silahlı münaqişələri tamam yaddan çıxara bildi.

3. Eyni zamanda Rusiyanın bu qərarını məntqli hesab edənlər də var. Belə ki, əgər hər şey Putinin Rusiyanın hərbi gücünü nümayiş etdirdiyi formatda davam etsə idi, bu, “ikinci Əfqanıstana” dönə bilərdi. Qərb buna ümid etsə də Putin cəld tərpəndi. İndi onun gedişini tələdən xilas olmaq kimi qiymətləndirmək olar. Lakin fəsadlar yaranacaq. Çünki, Rusiyanın bu qərarı Suriya münaqişəsində yeni mərhələyə yol açacaq və ölkədə federallaşma prosesi başlayacaq. Odur ki, bu zaman Bəşər Əsədin taleyi də həll olunacaq.

4. Bəzi analitiklər hesab edir ki, Rusiya Ərəbistanla polemikaya girmək itəmədi. Beləcə Rusiya Suriya münaqişəsinin siyasi yolla nizamlanmasının tərəfdarı olduğunu ortaya qoydu. Ayrıca olaraq Ərəbistanın maraqlarını nəzərə alacağına da diqqət çəkdi.

Sonuncu. Rusiya rəsmi Ankara ilə onsuzda yaxşı olmayan münasibətində yarana biləcək gərginliyin qarşısını almaq üçün Suriyadan qismən uzaqlaşdı. Belə ki, Ankarada baş verən sonuncu terror aktında PKK izinin olması türkləri özündən çıxarmışdı. Terror aktından dərhal sonra Rusiya terroru törədənlər barədə açıqlama yaydı və Türkiyəyə başsağlığı verdi. Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədr muavini Frans Klintseviç isə bildirib ki, Ankaranın mərkəzində terroru təşkil edənlər Türkiyəni Suriyaya hərbi müdaxiləyə məcbur edirlər. Bəli bu sonuncu açıqlama Putinin Suriyadan qismən “aradan çıxmasına” səbəb olan variantlardan biri də hesab edilir.
Bütün hallarda Rusiyanın Suriyaya müdaxiləsi Putinin xeyrinə oldu. Öncə invertarda olan və istifadə müddəti bitən bütün silahlar istifadə edilidi. Həmçinin yeni istehsal edilən silahlarda sınaqdan keçirildi. Bundan başqa hazırda sanksiyalar vasitəsi ilə Rusiyanı qorxutmaq istəyən qüvvələrə hərbi qüdrətinin nümayişi idi. Görünən odur ki, ABŞ və Qrəbin təzyiqləri hələ də “Ağ Ayı”ya heç bir təsir etməyib. Etsə də biruzə verməməyi çox gözəl bacarır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.