“Burada təəccüblü heç nə yoxdur” - Nazirliyin 30 minlik tenderi

25-11-2021, 12:24           
“Burada təəccüblü heç nə yoxdur” - Nazirliyin 30 minlik tenderi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ISO 37001:2016 - Rüşvətxorluğa qarşı mübarizənin idarəetmə sistemləri beynəlxalq standartının tətbiqilə bağlı məsləhət xidmətlərinə dair elan etdiyi açıq tenderin qalibi "Ekvita Consulting" MMC-dir. Nazirlik tərəfindən qalib şirkətə 30 min manat ödəniləcək.

Nazirliyin rüşvətxorluqla mübarizə üçün qalib şirkətə 30 min manat ödəyəcəyi sosial şəbəkələrdə tənqidlə qarşılanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Modern.az-a açıqlamasında gün ərzində məsələyə münasibət bildiriləcəyini deyib.

Modern.az məsələ ilə bağlı Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyevin fikirlərini öyrənib.

Deputat açıq tenderin qalibi olan şirkətin beynəlxalq məsləhət şirkəti olduğunu diqqətə çatdırıb.

M.Quliyev nazirliyin o şirkətlə işləmək təcrübəsini xatırladaraq qeyd edib ki, burada təəccüblü heç nə yoxdur:

“Digər tərəfdən, idarəetmənin təkmilləşməsində, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizədə, bürokratik əngəllərin aradan qaldırılmasında beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq treninqlərin keçirilməsi çox vacib məsələdir. Yeniliklərin tətbiqi üçün biz mütləq beynəlxalq təcrübəni öyrənməliyik. Qalib şirkətə ödənilən məbləğ böyük bir məbləğ də deyil. Hesab edirəm ki, bu məsələnin üstündə heç bir manipulyasiya ehtiyac yoxdur. Hər bir şey şəffaf şəkildədir”.

M.Quliyev deyib ki, təcrübənin öyrənilməsi üçün belə tenderlər olmalı, müqavilələr də bağlanılmalıdır. O, idarəetmənin təkmilləşdirilməsində bu cür şirkətlərin xidmətlərindən istifadəni vacib hesab edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.