“Ən çox işsiz Mingəçevirdədir, bu şəhərdə isə işsiz yoxdur…” – Statistika Komitəsi

29-11-2021, 15:52           
“Ən çox işsiz Mingəçevirdədir, bu şəhərdə isə işsiz yoxdur…” –
Dövlət Statistika Komitəsinin regionlarda məşğul əhalinin fəaliyyət istiqamətləri ilə bağlı açıqladığı göstəricilərdən aydın olur ki, Azərbaycanın əyalətlərində məşğul əhalinin hər iki nəfərindən biri kənd təsərrüfatında çalışır. Bu isə ölkənin regionlarında iqtisadi potensialını və iş yerlərinin əsasən aqrar sektorda cəmləşdiyini təsdiqləyən əsas göstəricilərdən biridir.


Aqrar sahədə işləyənlərin payına görə rayonlar arasında fərqlər də var. Məsələn, ölkədə məşğulluq strukturunda aqrar sektorun ən çox paya sahib olduğu dörd rayon Cəlilabad (61.5 faiz), Masallı (61.5 faiz), Zaqatala (59 faiz) və Xaçmazdır (58 faiz). Məşğulluqda kənd təsərrüfatının ən az payı olan rayonlarsa Xızı (29 faiz), Daşkəsən (42 faiz), Qax (43.5 faiz) və Siyəzəndir (45 faiz). Digər bütün rayonlarda bu göstərici 47-56 faiz arasında dəyişir.

Azərbaycan iqtisadiyyatında iqtisadi fəal əhali qrupuna daxil şəxslərin sayı təxminən 5 milyon 300 min nəfərə yaxındır. Həmin əhalinin ortalama hər üç nəfərindən biri kənd təsərrüfatına bağlı sahələrdə çalışır. Qeyd edək ki, “Məşğulluq haqqında” Qanuna görə, Azərbaycan vətəndaşının mülkiyyətində pay torpağı varsa, o bu torpaqdan istifadə etməsə də, məşğul sayılır.

Ayrı-ayrı rayon və şəhərlər üzrə işsizlik göstəricisi də regionlardakı iqtisadi durumu bilmək baxımından önəmli sayılır. Bu ilin əvvəlində Azərbaycanda ölkə üzrə işsizlik göstəricisi 7.2 faiz idi. İşsizliyi ayrı-ayrı rayon və şəhərlər üzrə gözdən keçirərkən aydın olur ki, ölkədə işsizlik səviyyəsinin ən yüksək olduğu region ölkənin dördüncü ən böyük şəhəri Mingəçevirdədir. Burada işsizlik göstəricisi ölkə ortalamasından, az qala, iki dəfə çox – 13.6 faizdir. Naftalan (13.2 faiz), Şirvan (9.6 faiz), Sumqayıt (9.1 faiz) və Gəncə (8.9 faiz), Siyəzən kimi şəhər və rayonlarda da işsizlik səviyyəsi nisbətən yüksəkdir. Bakıda isə işsizlik göstəricisi ilin əvvəlində 8.6 faiz olub.

Ölkədə, rəsmi rəqəmlərə görə, işsizlik səviyyəsinin ən az olduğu rayon Şəkidir. Burada işsizlik göstəricisi cəmi 5.4 faizdir. Saatlı (5.8 faiz), Abşeron və Xızı (5.9 faiz) rayonları da işsizlik səviyyəsinin nisbətən aşağı olması ilə seçilir.

İşsizlik göstəricisi ilə bağlı ən maraqlı məqamlardan biri Naxçıvan Muxtar Respublikası ilə bağlıdır. Muxtar respublikanın rəsmi statistika orqanı buranın ayrı-ayrı rayon və şəhərləri üzrə göstəriciləri açıqlamasa da, ümumi rəqəmlərdən aydın olur ki, Naxçıvan MR-də, demək olar, işsizlik yoxdur. Ötən ilin rəsmi nəticələrinə görə, Naxçıvan MR-də 251 min 600 nəfər iqtisadi fəal əhali olub. Bu əhalinin 251 min 300 nəfəri məşğul əhaliyə aid edilib. Başqa deyimlə, muxtar respublikada rəsmi işsizlərin sayı cəmi 300 nəfərə yaxındır. Əslində, bu rəqəmin özü də Naxçıvan üçün çox sayıla bilər, axı 2011-2018-ci illərdə muxtar respublikada iqtisadi fəal əhali və məşğul əhalinin sayı, ümumiyyətlə, bir-birinə bərabər olub, yəni işsizlik olmayıb. İlk dəfə 2019-cu ildə işsizlərin sayı 100-ə yaxınlaşıb. Son rəsmi rəqəmlərə görə, pandemiya ilində muxtar respublikada işsizlərin sayı 200 nəfərədək artıb. (Xülasə Dövlət Statistika Komitəsinin məlumatları əsasında hazırlanıb)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.