Bakını guruldadan gözəgörünməz qorxunc qüvvə... - Dəhşətli video
30-03-2016, 16:35
Bir neçə gün öncə Bakıda, Səbail rayonunun Badamdar qəsəbəsi ətrafında güclü bir gurultu səsi eşidildi. Şahidlərin sözlərinə görə, hətta bu səsin təsirindən binalar da silkələnib.
Lakin bir neçə gün keçməsinə baxmayaraq, dövlət qurumları bu gurultunu aydınlatacaq bir açıqlama verə bilməyib. Bu güə qədər də hadisəyə aydınlıq gətirəcək bir açıqlama verilməyib və nəticə olaraq bu hadisəni qeyri-adi, ilahi qüvvələrlə bağlı olması ilə bağlı şayiələr ayaq tutmağa başladı...
Fövqəladə hallar Nazirliyinin mətbuat katibi Oqtay Bayramov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu barədə nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə heç bir məlumat daxil olmayıb: “Bizdə heç bir məlumat yoxdur. Araşdırma aparılmır, çünki gərək nəsə məlumat daxil olsun ki, biz də araşdıraq. Abstrakt bir şey haqda necə araşdırma apara bilərik? Nə texnogen mənşəli, nə də təbii fəlakət qeydə alınıb”.
Səbail rayon icra hakimiyyətindən bildirlib ki, məlum gurultudan sonra araşdırma aparılıb: “Rayon ərazisində olan obyektlərə, partlayış, uçqun və s. hər hansı hadisə ola biləcək ərazilərə baxış keçirilib. Hələ ki, heç bir fakt qeydə alınmayıb”.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, gurultu səsini onlar da eşidib və müvafiq aparatları bunu qeydə alıb: “Lakin bu səsin zəlzələ nəticəsində ortaya çıxmadığı bəlli oldu. Həmin tarix ərəfəsində Bakı ərazisində zəlzələ olmayıb. Textonik mənləşi yeraltı təkanlar qeydə alınmayıb. Buna görə də gurultunun hansı səbəbdən ortaya çıxdığını deyə bilmərik”.
Səsin eşidildiyi ərazidə neft mədənləri olan SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyev də “Qafqazinfo”ya açıqlamasında məsələni araşdırdıqlarını deyib: “Məlum gurultu səsindən sonra biz də araşdırma apardıq. Şükür olsun ki, Dövlət Neft Şirkətinin balansında olan obyektlərdə salamatçılqıdı, heç bir hadisə baş verməyib. O səsin bizim obyektlərə heç bir aidiyyatı yoxdur”.
Dövlət qurumlarının məlumatsızlılığından sonra məsələyə fərdi şəxslərdən biri aydınlıq gətirməyə çalışdı. Özünü “Allahın qulu və çarçısı” adlandıran Paşa Yaqub bu gurultunun qiyamət siqnalı olduğunu bildirdi: “Bir müddət öncə neft yatağında baş verən yanğın hadisənin şahidlərinin danışdığından və görüntülərdən orada mikroqiyamətin yaşandığı aydın olurdu. Eyni zamanda bugünkü həyəcanlı hadisəni yaşayanların danışdıqlarından da mikroqiyamətin yaşandığı bəlli olurdu. Hər iki bənzər hadisədə (mikroqiyamətdə) diqqət çəkən məqam onların 114 gün fərqlə baş verməsidir ki, bu da “Quran” rəmzi olmaqla, təkrar diqqətimizi müqəddəs kitaba yönəldir”.
Media eksperti Qulu Məhərrəmli bildirib ki, dövlət qurumlarının bu cür məsuliyyətsiz davranması mövhumatçılığın yayılmasına səbəb olur: “Bütün hallarda baş verən hadisə ilə bağlı dəqiq məlumat olmayanda şayiələr çoxalır. Seysmik mərkəzdən verilən məlumatda ağlabatan bir məsələ var ki, siqnal alıblar. Cəmiyyət də bu yozumlara meyllidir ki, nəsə sensasiya axtarsınlar. Burada ən yaxşı variant dürüst xəbərin vaxtında verilməsidir. Bununla bağlı, dövlət qurumlarının açıqlaması ya birgə olmalıdı, ya da hamısının adından bir qurum fikir bildirməlidir.
Vaxtında reaksiya verməyəndə, qurumların açıqlamasında fikir ayrılığı olanda bu cür hallar ortaya çıxır. Dövlət büdcəsindən bu qurumların saxlanılmasına vəsait ayrılır, onlar da öz funksiyalarını yerinə yetirməlidirlər. Bu funksiyalardan biri də cəmiyyəti dəqiq məlumatlandırmaqdır. Dövlət qurumları cəmiyyəti məlumatlandırmaqdan çəkinməməlidirlər, çünki susmaq, qeyri-dəqiqlik şayiələrin yayılmasına səbəb olur”.
Bu cür mövhumatçı halların yayılmasında dövlət qurumlarının məsuliyyətinin nə qədər olduğunu müəyyənləşdirmək çətindir: “Bunu müəyyənləşdirmək çətindir, çünki gözlənilməz situasiyadır. Heç bir dövlət qurumu istəməz ki, elmi əsası olmayan məlumat yayılsın. Medianın məsuliyyəti isə hər yerdə var. Siz xəbəri dəqiqləşdirməyə çalışırsız, bununla da istəyirsiniz ki, cəmiyyətə düzgün informasiya verəsiniz. Amma başqası fərqli yol seçir. Deyir ki, qoy mən bunu yayım, İP-im çoxalsın. Media orqanlarının da hamısı standarta uyğun olmur. İnsanlar üçün önəmli, faydalı məlumatları yaymaq lazımdır. Buna əmək etməyəndə bu cür xəbərlər yayılır və oxucu şüurunda özünə yer tutur”.
Dövlət qurumlarının hadisəni təsdiqləyib səbəbini bilmədiklərini deməsi məsuliyyətsizlikdir. İnsanlar milyon illərdir baş verən təbiət hadisələrinin hamısının səbəbini dəqiq izah edə bilmir. Elə proseslər var ki, elm gücsüz olur. Amma bu hadisədə söhbət elmin gücsüzlüyündə deyil. Bu, məsuliyyətsizlik, ictimai rəyi nəzərə almamaqdır”.
Yazının sonuna əlavə etdiyimiz video gurultu olan zaman çəkilib və orada həmin səs aydın şəkildə eşidilir.(Qafqazinfo)
[media=https://www.youtube.com/watch?v=wnK_T_l2TQw]