Şəxsin öz telefon nömrəsi barədə anten məlumatları niyə verilmir?
Bu gün, 15:18

Hüquq-mühafizə orqanları bir çox hallarda cinayət hadisələrini araşdırarkən mobil telefon nömrələrinin anten dairəsi ilə bağlı məlumatlar cinayətin üstünün açılmasına kömək edir. Bu səbəbdən də anten dairəsi məlumatlarının əldə olunması və incələnməsi hallarında xüsusən istintaq prosesində tez-tez rast gəlinir.
Bizimyol.info xəbər verir ki, müstəntiq və ya məhkəmə hakimi bunun üçün mobil telefon nömrəsinin ail olduğu operatora sorğu verib, ona lazım olan tarixlərə aid anten dairəsi məlumatlarını əldə edə bilər.
Anten dairəsi məlumatları şəxsin istifadəsində olan telefon nömrəsindən mobil operatorun ən yaxın baza stansiyasına göndərdiyi siqnallar əsasında toplanır.
Vəkil Pərviz Məmmədov deyir ki, anten dairəsi məlumatları qanuna görə, fərdi məlumatdır: “Lakin istənilən müstəntiq araşdırmanın gedişində zəruri hesab etsə, hər birimiz barəsində olan anten dairəsi məlumatlarını əldə edə bilir. Yəni məlumat həm toplanır, həm emal olunur, həm də təqdim olunur”.
Vəkil Pərviz Məmmədov özü də mobil operatora yazılı şəkildə müraciət edib ki, onun öz nömrəsindən gələn və operatorda toplanan anten dairə məlumatlarını ona versinlər. Lakin mobil operatordan ona imtina cavabı gəlib, öz nömrəsi ilə bağlı məlumatları ona verməyiblər.
Vəkil bu məsələni məhkəmə müstəvisinə daşıyıb. O, mobil operatovun imtina cavabından məhkəməyə şikayət verib. Amma məhkəmə də mobil operatoru haqlı sayıb: “Birincin instansiya məhkəməsi dedi ki, mobil operator düz edir vermir”.
Pərviz Məmmədov məhkəmənin qərarından apellyasiya şikayəti verib. Avqustun 6-da apellyasiya məhkəməsi də qərarı qüvvədə saxlayıb: “XXI əsrdir, süni zəka, data mədənçiliyi inkişaf edir. Biz öz anten dairəsi məlumatımızı məhkəmə qaydasında ala bilmirik”.