MÜHARİBƏ RİSKİ ARTIR -Ermənilər HARA QƏDƏR QAÇACAQ?

30-03-2016, 23:55           
MÜHARİBƏ RİSKİ ARTIR -Ermənilər HARA QƏDƏR QAÇACAQ?
Atəşkəsin pozulması halları artacaq

Son zamanlar atışmalar intensivləşib, artilleriya və iriçaplı silahlardan istifadə olunur

Cəbhə bölgəsində vəziyyət gərginləşib. Ermənilərin atəşkəs qaydalarına riayət etməmələri hamıya bəllidir. Azərbaycan və Ermənistan arasında baş tuta biləcək sülh anlaşmaları həmişə müəyyən bəhanələr ucbatından dalana dirənib. Kriminal hakimiyyətini qorumaq üçün erməni lobbisinin pul yalına möhtac olan Sarkisyan hakimiyyətinin siyasəti də göz qabağında...

Düşmən ölkə son vaxtlar iriçaplı silahlardan istıfadə edir. Müharibə qanunlarına əsasən əgər iriçaplı silahlardan-qumbaraatanlardan, minamyotlardan atəş açılırsa, bu bir növ müharibənin başlanmasına dəlalət edir. Fakt göz qabağındadır ki, ermənilər artıq ən ağır silahlardan istifadə edərək, danışıqların gedişini pozmağa çalışır. Həm də Azərbaycanı provakasiyaya çəkməklə...
Miq.az-a hərbi mənbələrdən daxil olan məlumata görə, Azərbaycan ordusu bu gün döyüş hazırlığı vəziyyətinə gətirilib və şəxsi heyyət müharibə abu-havasına köklənib. Redaksiyamıza daxil olan başqa məlumatda deyilir ki, təmas xəttində erməni əsgərlərin əhval-ruhiyyəsi xeyli aşağıdır. Eyni zamanda onlarda canlı qüvvə çatışmamazlığı var.


Artıq erməni hərbçiləri də dərk edir ki, Azərbaycan ordusu qısa zaman kəsiyində torpaqlarını geri alacaq. Miq.az-a cəbhə bölgəsindən daxil olan məlumatda o da vurğulanır ki, son vaxtlar erməni əsgərləri bir-birlərini güllələyir. Düşmən ordusunda qarabağlı və yerevanlı əsgərlər arasında qızğın mübahisələr və işgəncə halları bir-birilərini güllələməklə sonuclanır. Bir müddət əvvəl təmas xəttində baş vermiş və beş nəfər erməni əsgərinin ölümü ilə bağlı Ermənistan əhalisindən bu günə qədər gizlədilmiş hadısənin təffərrüatlarını tam açıqlayacağıq...

Siyasi və hərbi analitiklər də bölgədə müharibə riskinin artdığı ilə bağlı proqnozlar verir.

"Qarabağı müharibə alovu bürüyür”

Rusiyalı ekspertlərin hazırladığı "Beynəlxalq təhlükə – 2016” hesabatında Dağlıq Qarabağda münaqişənin alovlana biləcəyi ehtimalı irəli sürülür.
"Ankara və Moskvanın qarşıdurmasından sonra Bakı və İrəvanın müharibə edəcəyinə dair gözləntilər artıb. Belə vəziyyət faktiki olaraq Qarabağda gərginliyin artmasına icazə verir”, – deyə hesabatda qeyd olunur.
Hesabatı şərh edən rusiyalı politoloq Andrey Suşensov da hesab edir ki, 2016-cı ildə Qarabağda partlayış təhlükəsi real görünür.

Ekspertin düşüncələrinə görə, Suriya və Ukraynadakı böhranlar səbəbindən Qarabağ məsələsi ikinci plana keçsə də, müharibənin hər zaman alovlana biləcəyi ehtimalı azalmadı. Son zamanlar orada atışmalar intensivləşib, artilleriya və iriçaplı silahlardan istifadə olunur.

"Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu öz facebook səhifəsində paylaşdığı şərhdə bildirib ki, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Pasxa və Novruz bayramlarında Azərbaycanı və Ermənistanı atəşkəs rejiminə əməl etməyə çağırdı. Onun bu çağırışını ATƏT-in fəaliyyətdə olan sədri Almaniya və Minsk Qrupunun həmsədrləri də dəstəklədilər. Həmsədrlərin bəyanatında deyilirdi ki, Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində irəliləyişə nail olmaq və dinc əhaliyə qarşı zorakılıqdan qaçınmaq üçün tərəflər təmas xəttində və Azərbaycanla Ermənistan sərhədində bütün tədbirləri görməlidirlər.

Rəsmi Bakı Minsk Qrupu həmsədrlərin fəaliyyətindən narazıdır

Buna baxmayaraq, bayram günlərində atəşkəsə riayət olunmadı. Itkilər var. Atəşkəsin pozulması faktının özü göstərdi ki, beynəlxalq vasitəçilərin çağırışları Bakı və İrəvanda nəzərə alınmır. Minsk Qrupu həmsədrlərin fəaliyyətindən ən çox narazı olan rəsmi Bakıdır.

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə keçirilən tədbirdəki çıxışında dedi ki, həmsədrlərin fəaliyyətindən həmişə narazı olub, ancaq onların yanvar ayındakı atdıqları addım onu daha çox narazı salıb. Söhbət yanvar ayında Avropa Şurası Parlament Assambleyasında Qarabağla bağlı iki qətnamənin səsverməyə çıxarılmasından gedir. Bu səsvermədən əvvəl ATƏT-in Minsk Qrupu həmsədrləri ortaq bəyanat yayaraq AŞPA-dakı qətnamələrin onların fəaliyyətinə mane olacağını bildirmişdilər. Bunun nəticəsində iki qətnamədən biri qəbul edilmədi. İlham Əliyevin çıxışından gəlinən nəticə budur ki, həmsədrlər belə bir bəyanat verməsəydilər AŞPA-da hər iki qətnamə qəbul ediləcəkdi.

AŞPA-da Qarabağla bağlı qətnamələri niyə unudur-ikili siyasət

Əslində həqiqətən həmsədrləri AŞPA-dakı səsvermənin əleyhinə çıxmaqla faktiki Ermənistanın mövqeyini dəstəkləmiş oldular. Çünki, rəsmi İrəvan da AŞPA-da Qarabağla bağlı qətnamələrin müzakirəsinin əleyhinədir. Elə buna görə də Ermənistandan olan deputatlar AŞPA komitələrində Qarabağla bağlı müzakirələrə qatılmaq istəmirlər. Bunun səbəbi var. Çünki, AŞPA bu növ məsələlərdə ərazi bütövlüyü prinsipindən çıxış edir. Məsələn AŞPA Ukraynanın ərazi bütövlüyünü dəstəkləyərkən, Azərbaycanla bağlı fərqli mövqe tuta bilməz. Bu ikili standart olar. Ona görə də rəsmi Bakı AŞPA-da Qarabağla bağlı daha çox müzakirələrin keçirilməsinə və qətnamələrin qəbuluna çalışır. Ancaq problem ondadır ki, bu müzakirə və qətnamələri münaqişənin həllin prosesinə təsir etmir. Məsələn, AŞPA-nın yanvar sessiyasında Azərbaycanın işğal altındakı ərazilərində su mənbələrinin istifadəsinə dair qətnamə qəbul edilib. Hazırda bu qətnamənin tətbiqi ilə bağlı işlər zəif gedir. 2005-ci ildə də AŞPA-da Qarabağla bağlı qətnamə qəbul edilmişdi. Üstündən 11 il keçdikdən sonra həmin qətnamə də unudulub.

İlham Əliyev: "Azərbaycanın cəbhə bölgəsindəki üstünlüyü artıb”

İlham Əliyev Novruz bayramı ilə bağlı çıxışında vacib bir cümlə də işlətdi: "Azərbaycanın cəbhə bölgəsindəki üstünlüyü artıb”. Bu sözləri necə başa düşmək lazımdır?

Birincisi, İlham Əliyev bununla demək istədi ki, Azərbaycan status-kvonun uzanmasına şərait yaradan atəşkəsdən narazıdır. Çünki, bu halda beynəlxalq vasitəçilər, yalnız atəşkəsin qorunması haqqında düşünür, münaqişənin həlliylə məşğul olmurlar.

İkincisi, İlham Əliyevin sözlərindən bunu anlamaq lazımdır ki, Azərbaycan getdikcə Ermənistana hərbi təzyiqi artıracaq. Bu məqsədlə Azərbaycan ordusu daha da gücləndiriləcək, ordu üçün yeni silah və hərbi texnika alınacaq.

Beləliklə, münaqişənin sülh yolu ilə həlli uzandıqca bölgədə vəziyyət getdikcə gərginləşəcək. İsti aylar yaxınlaşdıqca atəşkəsin pozulması halları artacaq. Rəsmi Bakı Ermənistana təzyiqin artırılması üçün beynəlxalq vasitəçilərin atəşkəsin pozulması hallarını araşdıran qrupun yaradılmasına da razılıq verməyəcək.

İrəvan da anlayır bölgədə müharibə risqi azalmayacaq...o vaxta qədər ki...

Əslində rəsmi İrəvan da anlayır ki, Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa razı olmayana qədər atəşkəs daima pozulacaq, bölgədə müharibə risqi azalmayacaq. Buna baxmayaraq, Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq qərarına hazır deyil. Həmin rayonların işğalında Serj Sərkisyan bilavasitə iştirak edib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan 1990-cı illərin ortalarında Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa hazır idi. Bu plana mane olmaq üçün Levon Ter-Petrosyanı məhz keçmiş nazirlər Serj Sərkisyanla Robert Köçəryan hakimiyyətdən devirdilər. İndi Serj Sərkisyan Dağlıq Qarabağ üçün status və ya referendum tarixi almadan Dağlıq Qarabağ ətrafındakı rayonları azad etsə, belə çıxacaq ki, o Levon Ter-Petrosyanı nahaq yerə devirmişdi.

Bütün hallarda münaqişənin həlli Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasından keçir. Bu olmadan müharibə hər an başlaya bilər.

Azərbaycan generalı "gizli erməni silahı” haqda

Ermənistanın Müdafiə Nazirliyi son vaxtlar yeganə ümidi olan və danışdıqlarına hətta özünün də inanmadığı "komandos” ləqəbli bir ünsürün xidmətlərindən tez-tez istifadə etməyə başlayıb.
Bu sözləri Arkadi Ter-Tadevosyanın guya Ermənistanın hansısa "gizli silah”a sahib olması barədə fikirlərini şərh edən sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.
Sabiq komandir deyib ki, "guya erməni "sənətkarların” əli ilə yaradılan və hələ heç kəsə məlum olmayan ən çətin gün üçün saxlanılan "gizli erməni silahı” barədə istifadə müddəti bitmiş birinin lovğalanaraq dilə gətirdiyi cəfəng fikirlər isə yaşlaşdıqca ağlını itirənin sayıqlamasıdır. Bu, ancaq gülüşlə qarşılanmalıdır. Həqiqətdə isə son vaxtlar cəbhədə canlı qüvvə, hərbi texnika sarıdan xeyli sayda itki verən düşmən səriştəsizliyini ört-basdır etmək üçün bu cür uydurma və sayıqlamalarla dolu boş nağıllarla erməni xalqını doyurmağa çalışır.

"Amma bu üzdəniraq erməni "qəhrəmanı” özü də yaxşı bilir ki, son vaxtlar Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi taktiki üstünlüyün və əsgərlərimizin qazandığı uğurların nəticəsidir ki, qoşunların təmas xəttinə yaxın işğal olunmuş yaşayış məntəqələrində məcburən yerləşdirilən erməni əhali köçür.
Hətta erməni hərbçilərinin zorakılığına, hədə-qorxularına məhəl qoymayan ermənilər Xankəndinə və Şuşaya qaçmaqla canlarını qurtarmaq istəyirlər. Yəqin ki, köçərək növbəti sığınacaqları yer qədim yurd yerimiz İrəvan şəhəri olacaqdır. Burada yerinə düşən əsas sual budur: bəs sonra hara qaçacaqlar?!”, - deyə Y.Aydəmirov bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.