Qərb Ukraynanı niyə sürətlə silahlandırır? - HƏDİSƏLƏRİN PƏRDƏARXASI

26-01-2022, 13:35           
Qərb Ukraynanı niyə sürətlə silahlandırır? -
Ukrayna məsələsi ətrafında Qərb və Rusiya arasında münasibətlər daha da gərginləşməkdədir. Sosial şəbəkələrdə Rusiyadan, eləcə də Belarusdan ağır hərbi texnikaların, o cümlədən çox sayda silahlıların Ukrayna sərhədlərinə hərəkət etmələri ilə bağlı videolar paylaşılmaqdadır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, indi Ukraynanın Donbasa hücum etməsi ehtimalı yüksəkdi. O qeyd edib ki, Qərbin Ukraynaya silah tədarükü bir daha Kiyevdəki qaynar başları bu əməliyyata başlamağa ilhamlandırır.

ABŞ Qərbi Avropada yerləşdirdiyi qoşunların bir hissəsinin qarşıdakı həftələrdə Şərqi Avropaya köçürülməsini nəzərdən keçirir. Bu barədə anonimlik şərti ilə NATO rəsmisi məlumat verib. Mənbə Prezident Co Baydenin ABŞ qoşunlarını Baltikyanı və Şərqi Avropadakı müttəfiq ölkələrə göndərilməsini nəzərdən keçirməsi barədə “New York Times”ın yaydığı xəbərləri təsdiqləyib. Həmçinin qeyd olunub ki, qoşunların potensial hərəkəti tədricən baş tuta bilər və şərq cinahındakı istənilən NATO boşluğunun qarşıdakı həftələrdə doldurulma ehtimalı var. Xəbərdə qərarın Ukrayna ilə Rusiya arasında gərginliyin artması fonunda nəzərdən keçirildiyi qeyd olunub.

Bu gün mətbuata Pentaqonun sözcüsü Con Körbi bildirib ki, Birləşmiş Ştatlar Ukrayna ilə bağlı gərginliyə görə öz qoşunlarının daxildə və xaricdə hazırlığını artırır və NATO-nu gücləndirmək naminə Avropaya göndərilməsi nəzərdə tutulan 8500 ABŞ əsgərini yüksək hazırlıq vəziyyətinə gətirib.

Co Bayden həm də Rusiya-Ukrayna sərhədində vəziyyətin daha da gərginləşəcəyi təqdirdə Rusiyaya “fəlakət” vəd edib. Prezidentliyinin birinci ildönümü ilə bağlı mətbuat konfransında danışan Bayden “Rusiya Ukraynanı fəth etməyə davam edərsə, orta və uzunmüddətli perspektivdə bunun əvəzini ağır ödəməli olacaq”, - deyib.

Sitat: “Putin Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə ABŞ administrasiyasının tətbiq edə biləcəyi sanksiyalar kimi sanksiyanıheş vaxt görməyib. Sanksiyalar dollarla bağlı olan hər şeyə təsir edə bilər. Əgər qoşun gətirsələr, bunun əvəzini ödəyəcəklər. Onların bankları dollarla əməliyyatlar apara bilməyəcək. Rusiya hərbi baxımdan Ukraynadan qat-qat güclüdür və münaqişə vəziyyətində qalib gələcək. Lakin qələbənin qiyməti və hücumun nəticələri yüksək olacaq” Sitatın sonu

Rusiya isə NATO-nun sərhədlərində güclənməsi ilə bağlı narahat olduğunu bildirir. Bəs görəsən, Qərbin Ukraynaya hərbi dəstəyi artırmasında əsl məqsədi nədir? Hər şey Qərbin söylədiyi kimidirmi? Qərb ölkələrinin Ukrayna ilə bağlı hansı maraqları var?

Siyasi şərhçi Cümşüd Nuriyev bildirib ki, fevral ayında münasibətlərin daha da gərginləşəcəyi gözlənilir və Qərbin Rusiya sərhədlərinə irəliləməsində Kremlin də öz marağı var. O əlavə edib ki, rəsmi Moskva bu kimi xarici hədələrə aktiv müdaxilə etməklə daxildəki iqtisadi çətinlikdən, daxili sosial problemlərdən yaxa qurtarmaq və korrupsiya ittihamlarından qurtulmaq istəyir: “Ukrayna bir növ Rusiyanın təkcə Avropa qapısı deyil, həm də ölüm qapısıdır. Moskvanın tələbi Rumıniya və Bolqarıstandan NATO ordusunun çıxarılması məsələsini gündəmə gətirməyə çalışır. NATO isə Skandinaviya məsələsini gündəmə gətirməkdə maraqlıdır. Belə bir şəraitdə Avropa məcburdur Rusiyanın üzərinə getsin. Bütün hallarda belə vəziyyət Rusiyanın sonunu gətirəcək. Rusiyanın başqa çıxış yolu yoxdur.”

Cümşüd Nuriyev onu da əlavə edib ki, bu məsələdə Rusiya qalib gələrsə, Moskvanın növbəti hədəfləri post-Sovet ölkələrini ərazisinə qatmaq olacaq.

Siyasi şərhçi İlqar Vəlizadə isə bildirib ki, Ukrayna Azərbaycanın 44 günlük Vətən mühari­bəsinin nəticəsindən həvəslənərək Donbasdakı prosesləri də bu tərzdə çözmək niyyətindədir. Buna görə də Rusiya Donbasdakı separatçıları dəstəkləmək üçün sərhədə qoşun toplayır. Qərbin bu məsələdə maraqlarına gəlincə isə o bildirib ki, Qərb Rusiyanın bu addımını Ukraynanın işğalı kimi qəbul edir ki, bu da Rusiya-Ukrayna gərginliyinə deyil, Qərb-Rusiya gərginliyinə çevrilib.

Ukrayna ilə bağlı maraqlara gəlincə isə siyasi şərhçi bildirib ki, Qərb bütün post-sovet ölkələrinə müdaxilə etməklə Rusiyanın nüfuzunu zəiflətmək istəyir və onların əsas məqsədləri geostrateji resursa yiyələnməkdir: “Maraqlan ondan ibarətdir ki, Ukrayna kimi nəhəng bir ölkə NATo-nun planlarında mühüm hərbi-strateji rol oynayır. Belə ki, bu ölkə, onun yerləşməsi NATOya və ABŞ-a imlan verir ki, öz nüfuzunu Rusiya sərhədlərinə qədər gətirib çıxarsın. Digər tərəfdən bu nüfuz imkan verir ki, digər post-sovet ölkələrinin siyasi-iqtisadi təsirlərini göstərsin. Bununla da Rusiyanın nüfuzunu xeyli zəifləmiş olacaq.”

Baş verə biləcək müharibə təhlükəsinə gəlincə isə İlqar Vəlizadə bildirib ki, Rusiya 100 mindən çox, Qərb isə 50-60 minlik ordu yığıb və müharibə baş verərsə, bu hər hansı lokal müharibə olmayacaq. Nəticədə Ukrayna müharibə poliqonuna çevriləcək. İştirakçı tərəflər isə iqtisadi baxımından zəifləyəcəklər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.