Mafiyanın pulu Azərbaycanda necə satılır? - “100 min nəfərdə bu pul var”

26-01-2022, 17:59           
Mafiyanın pulu Azərbaycanda necə satılır? -
Dünyanın aparıcı kriptovalyutası bitkoinin qiyməti 7 aylıq minimuma endikdən sonra yenidən artıb.

Kriptovalyutaların satıldığı ən böyük birja olan “Binance”da bitkoin son 24 saat ərzində 9,95% bahalaşaraq 36,531 ABŞ dollarından satılıb. Halbuki ötən gün qiymət 2021-ci ilin iyul ayından bəri ilk dəfə 33 000 dollardan aşağı düşmüşdü. Bununla 2009-cu ildən tədavülə buraxılan bitkoin 8-ci dəfə 50%-dən çox ucuzlaşmış olub. Qeyd edək ki, son zamanlar ölkəmizdə də kriptovalyutalara, xüsusən də bitkoinə maraq olduqca artıb. Bir çox vətəndaşlarımız bitkoin əldə etmək istəyirlər.

Bəs Azərbaycanda bitkoin almaq üçün nə etmək və hara müraciət etmək lazımdır? Teref.az-ın məlumatına görə, məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimli deyib ki, bitkoin blokçeyn texnologiyası üzərindən aparılan bir prosesdir:

“Bu kriptovalyutanı əldə etmək üçün maininq sistemindən istifadə edilir. Maininq sistemi üçün isə lazım olan mayner adlı avadanlığın qiyməti isə 3-4 min dollardır. Hətta 1 mayner aylıq 300 manat xeyir verə bilir. Ümumiyyətlə, bitkoin kriptovalyutasını hansısa bankda nağdlaşdırmaq olmur. Buna görə də bir çox ölkələrdə qadağan edilib. Hətta Çin bitkoinin dövriyyəsinə 2 dəfə icazə verib, sonra isə qadağan edib. Ölkələr milli valyutalarına təhdid olduğu üçün bitkoini qəbul etmirlər. Çünki bunun arxasında heç bir ölkənin mərkəzi bankı dayanmır və ardında əmtəə, məhsul təminatı da yoxdur. Bitkoin sadəcə olaraq rəqəmsəl alətdir və birjalarda tələb olunan təklif əsasında dəyəri formalaşır. Həmçinin, onun dəyəri reklam marketinqi əsasında da artır. Əslində, bu, satışı olmayan bir rəqəmsal məfhumdur. Hətta bitkoin yaxşı təqdim olunmuş sabun köpüyünə bənzəyir. Hesab edirəm ki, bu, rəqəmsəl maliyyə piramidasıdır və haçansa çökəcək”.

Ekspert qeyd edib ki, bitkoini yalnız satıcılardan almaq olar:

“Yəni sözügedən kriptovalyutanı əldə edib, satan şəxsdən almaq lazımdır. Həmçinin, maninq sistemi və mailiyyə birjalarından da bitkoin əldə etmək olar. Hazırda Azərbaycanda 100 min insanda bitkoin və ya digər kriptovalyutalar var. Onların 70 faizinə yaxını da gənclərdir. 30-35 yaşına qədər olan insanlar daha çox kriptovalyutaya maraq göstərir. Nəzərə alaq ki, bundan qazanc əldə edən insanlar var. Ümumiyyətlə, gənclər daha çox bu sahəyə maraq göstərirlər, çünki bütün kriptovalyutalar, xüsusən də bitkoin yeni informasiya cəmiyyətinin və rəqəmsəl iqtisadiyyatın törəməsidir. Ona görə də orta və yaşlı nəsil buna bir az şübhə ilə yanaşır”.

Ekspertin vətəndaşlara tövsiyəsi ondan ibarətdir ki, maliyyə savadlarını artırsınlar və bu sahənin mütəxissələri ilə məsləhətləşsinlər:

“Yəni təkcə bitkoindən deyil, bütün kriptovalyutalardan söhbət gedir. Onların dəyəri tez-tez qalxır və ya enir. Bu, heç asan bir proses deyil və vəsait qazanmaq səbr tələb edir. Ona görə də bu sahə ilə məşğul olmaq istəyənlər mütləq mütəxəssislərlə məsləhətləşməlidirlər. Bu, adi bir mailiyyə aləti və ya valyutası deyil. Bitkoin virtual, rəqəmsəl maliyyə alətidir və bununla əməliyyatlar həyata keçirmək xüsusi biliklər tələb edir”.

Həmsöhbətimiz deyib ki, kriptovalyutadan əvvəllər daha çox kölgə iqtisadiyyatında istifadə olunurdu:

“Bitkoini dərindən araşdıranda görmək olur ki, hansısa milyarderlər vəsait yatırdığı üçün qiyməti bahalaşdı. Çünki milyarderlərin bitkoinə vəsait yatırdığını görənlərin marağına səbəb oldu. Düşünürəm ki, bu, süni maraq idi və bunun əsasında bitkoinin qiymətləri oynayır. Hazırda dünyada bitkoin üzrə kapitallaşma həcmi 12 trilyon dolları keçib. Ona görə ki, bu, nəzarətsiz bir ödəmə vasitəsidir. Ən çoxda silah alverində və başqa “qara işlər”də kriptovalyutadan da istifadə olunur. Yəni buna daha çox mafiya maraq göstərir. Bitkoin, elə bir alətdir ki, onu izləmək olmur. Buna görə də qiymətlənməyə başlayıb və sonradan varlı insanlar ona maraq göstərməyə başlayıb”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.