Müvəqqəti yaşayış qeydiyyatı dayandırılan vətəndaş neyləsin? - “Problem vətədaşa yaradılır...”
29-01-2022, 18:15
Rəşid Abdullayev deyir ki, ötən ilin dekabrında Bakının Nəsimi rayon polis idarəsinə müvəqqəti qeydiyyata düşmək üçün yaxınlaşdıqda rədd cavabı alıb. Ona müvəqqəti qeydiyyatın dayandırıldığı bildirilib.
Rəşid Abdullayevin sözlərinə görə, polis idarəsində qeydiyyata düşmək ona sürücülük imtahanı vermək üçün lazımmış.
Azərbaycan qanunvericliyinə görə, şəxs bir neçə formada qeydiyyata alına bilər: mənzili olanlar evin rəsmi sənədləri əsasında (çıxarış), mənzili olan qohumların evində qeydiyyata düşməklə və inzibati binalarda müvəqqəti qeydiyyata alınmaqla.
Rayon qeydiyyatında olan, ancaq Bakıda işləyən Rəşid deyir ki, tanışlarının evinin rəsmi sənədi olmadığından onların mülkündə də qeydiyyata düşə bilməyib. Nəticədə arzusunda olduğu sürücülük imtahanına girmək imkanından məhrum olub.
O, daha əvvəl də qeydiyyatının olmaması ilə bağlı problemlə üzləşməsindən danışır. Şəhər xəstəxanasına icbari tibbi sığortadan yararlanmaq üçün müraciət edəndə ona yaşayış yerindən sənəd gətirməli olduğu deyilib.
Bu durumda suallar yaranır: məsələn, şəxsiyyət vəsiqəsini itirən və mülkiyyəti olmayan vətəndaş alda neyləcək? Qeydiyyat problemini necə həll edəcək?
DİN: “Qeydiyyat uçotunun dəqiqliyi təmin edilir”
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyir ki, vətəndaşların polisin inzibati binalarından müvəqqəti qeydiyyatdan çıxarılaraq faktiki yaşayış yeri üzrə qeydiyyata salınması ilk növbədə həmin şəxslərin özləri üçün çox vacibdir.
“2000-ci illərin əvvəllərində yaşayış yeri olmayan, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılan, mülkiyyət hüququnu təsdiqləyən sənədi olmayan evlərdə yaşayan və digər bu kimi koteqoriyadan olan şəxslər polisin inzibati binalarında müvəqqəti qeydiyyata alınırdılar. Hazırkı araşdırmalar göstərir ki, keçən dövrdə həmin şəxslərin bir çoxu sonradan müvafiq sənədləri olan evlərə, mənzillərə köçsələr də, polisin inzibati binalarından qeydiyyatdan çıxarılmayıb və ya bu barədə polis orqanlarına məlumat verilməyib. Ona görə də vətəndaş qeydiyyatı uçotunun dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndiliyi aradan qaldırmaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir”.
Onun sözlərinə görə, hüquqi proseduru zəruri edən səbəblərdən biri də hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərə görə inzibati binalarda qeydiyyatda olan şəxslərlə bağlı dövlət qurumlarından polis orqanlarına sorğular daxil olduqda həmin şəxsləri tapmaq çətinliyidir.
“Artıq bu kateqoryadan olan vətəndaşlarımızın faktiki yaşayış yerlərinin və ya başqa ünvana qeydiyyata düşməyə imkanlarının olub-olmaması araşdırılır. Şəxsin faktiki yaşayış yeri və ya başqa ünvana qeydiyyata düşmək imkanı varsa, o polisin inzibati binasından qeydiyyatdan çıxarılaraq olduğu yer üzrə qeydiyyata alınır. Bu prosedurun icrası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna uyğun şəkildə təmin edilir”, - E.Zahidov deyir.
Prosesin necə tənzimlənəcəyi, elektron qaydada aparılıb-aparılmayacağı barədə suallara isə nazirlikdən cavab almaq mümkün olmayıb.
Bugünlərdə sosial şəbəkələrdə xəbərsiz olaraq qeydiyyatdan çıxarıldığını yazanların sayı az deyil. Nazirlik qeydiyyatı pərakəndəliyi aradan qaldırmaq üçün dayandırdığını desə də, bu eyni zamanda səhiyyə, sosial və s. kimi xidmətlərdən istifadə etmək istəyən vətəndaşların bundan məhrum qalması mənasına gəlir.
“Problem vətədaşa yaradılır, nəticədə o bir çox hüququndan məhrum olur”
Vəkil Cavad Cavadov deyir ki, inzibati binalarda qeydiyyata düşmək məsələsi ilk dəfə 2003-ci ildə ortaya çıxıb. Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinə yaşayış yeri olmayan vətəndaşların xüsusi yerlərdə qeydiyyatdan keçirilməsini və onlara şəxsiyyət vəsiqəsinin verilməsini tövsiyə edib.
Vəkilin sözlərinə görə, indiki halda polis tərəfindən qeydiyyatın bir tərəfli ləğvi həm Konstitusiya Məhkəməsinin qərarına, həm də Nazirlər Kabinetinin bu qərar əsasında qəbul etdiyi qanuna ziddir.
Cavad Cavadov Azərbaycan qanunvericiliyində əksər məsələlərlə bağlı yaşayış yeri üzrə qeydiyyat tələb olunduğunu bildirir: “Məsələn, hansısa mülki mübahisə ilə bağlı məhkəməyə müraciət edəndə. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsində deyilir ki, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Vaxtilə qeydiyyatın ləğvi ilə bağlı xüsusi prosedurlar da vardı”.
“Belə qeydiyyata almaqdansa, qeydiyyatın ləğv olunaraq sadələşdirilməsinə ehtiyac var. İstənilən halda polis idarəsinin qeydiyyatı birtərəfli qaydada ləğvi düzgün deyil. Ümumiyyətlə, qeydiyyatın özü sovetdən qalma prosedurdur. Hansısa formada sadələşdirilməlidir. Qeydiyyat məcburi xarakter daşımamıldır. Vətəndaşların qeydiyyatı təmin olunsun deyə qanunda xüsusi yerlər əks olunmalıdır”.
“Ola bilməz ki, şəxs qeydiyyata düşməyib havada qalsın”
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov isə əks fikirdədir. O hesab edir ki, qanunvericilik bu problemi hüquqi müstəvidə tənzimləməyə imkan verir: “Şəxs ölkə qeydiyyatındadırsa, hansısa səbəbdən yaşayış yerini dəyişib başqa ünvana köçübsə, o mütləq müvəqqəti qeydiyyata alınmalıdır. Qanunvericilikdə konkret olaraq bir sıra prosedurlar müəyyənləşdirilib. Hansı hallarda qeydiyyat dayandırlır, hansı sənədlər lazımdır, əvəzləyici sənədlər və s. müəyyən olunub. Qeydiyyata düşə bilmirəm demək sadəcə mümkünsüzdür”.
Onun sözlərinə görə, Avropada, eləcə də Türkiyədə polisə məxsus binalarda inzibati qeydiyyat prosesi həyata keçirilir. Bəzi ölkələrdəsə bu prosedur daha çox bələdiyyələr vasitəsilə aparılır.
“Misal üçün hansısa ölkənin meriya bazasında xüsusi sistem, məlumat bazası var ki, qeydiyyatı bu yolla apara bilir”, - A.Allahverənov qeyd edir.
Daxili İşlər Nazirliyi nə qədər vətəndaşın uçota salınması, yaxud da qeydiyyatdan çıxarılması ilə bağlı rəsmi məlumat vermədiyindən problemin miqyasını təsəvvür etmək çətindir. Qeydiyyatın hansı müddətədək dayandırlması və yaxud necə həll ediləcəyi ilə bağlı informasiya isə hələlik yoxdur.