Rusiya kəşfiyyatı Çexiyada hərbi anbarı necə partladıb? – Məxfi sənədlərin məhv edilməsində kimlərin əli olub?

31-01-2022, 08:24           
Rusiya kəşfiyyatı Çexiyada hərbi anbarı necə partladıb? –
Çexiya prezidentinin dəftərxanası ölkənin əks-kəşfiyyatının Vrbetiçadakı hərbi anbarda baş verən partlayışlarla bağlı gizli sənədini məhv edib.

Hansıki Çexiya hökuməti rəsmi olaraq bəyan edib ki, həmin anbarın partladılmasında Rusiya hərbi kəşfiyyatından şübhələnir. Çexiya əks-kəşfiyyatın əvvəllər prezident Miloş Zemana təhvil verdiyi sənədin yoxa çıxması polisin müvafiq icazəsi olmayan birinin məxfi sənədi öyrənib-öyrənmədiyini yoxlamaq qərarına gəldikdən sonra üzə çıxıb.

Prezident dəftərxanasının nümayəndələri Çexiya Radiosuna bildiriblər ki, məxfi sənəd məhv edilməli digər sənədlərlə birgə səhvən məhv edilib.

Amma idarədən verilən rəsmi açıqlamada səhvən məhv edilmədən bəhs edilmir - orada bütün sənədlərin prosedura uyğun olaraq məhv edildiyi bildirilir.

Prezidentin özü hələlik insidentlə bağlı açıqlama verməyib. Sənəd ötən ilin aprelində, Çexiya hökumətinin partlayışlarda ruslardan şübhələndiyini rəsmən elan etməzdən bir qədər əvvəl Zemana təhvil verilib.

İddialara görə, sənəddə şübhəli bilinən iki Rusiya kəşfiyyatçısı həm də 2018-ci ildə İngiltərədə keçmiş Rusiya casusu Sergey Skripal və onun qızını zəhərləməkdə şübhəli bilinir. Praqa bundan əvvəl söhbətin Aleksandr Petrov və Ruslan Boşirov adlı iki Rusiya agentindən getdiyini bildirib.

Artıq Çexiya parlamentinin təhlükəsizlik komitəsi dövlət başçısı Zemanın ətrafının qanunu pozub-pozmamasına baxacağını bildirib.

Rusiyayönlü siyasətçi sayılan prezident Zeman bir vaxtlar Rusiya kəşfiyyatına qarşı irəli sürülən ittihamları rəsmən dəstəkləsə də, eyni zamanda Vrbeticidə baş verənlərlə bağlı başqa versiyaların da olduğunu bəyan edib. Bu səbəbdən o, bir çox çex siyasətçiləri tərəfindən tənqid edilib. Vrbetiçadakı silah anbarında partlayışlar 2014-cü ilin payızında baş verib. Nəticədə 2 nəfər həlak olub, külli miqdarda maddi ziyan dəyib. Rusiya partlayışlarda iştirakını qəti şəkildə rədd edir. (azadliq.org)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru