Avropa məhdudiyyətləri aradan qaldırır - Bizdə vəziyyət necədir?
3-02-2022, 12:07
Dünyada virusla bağlı qəribə mənzərə yaranıb. Yoluxmaların sayı dayanmadan artır. Gündəlik say 3 milyonu keçir. Amma Avropanın bir çox ölkələri məhdudiyyətləri aradan qaldırmağa tələsir. Halbuki köhnə qitədə də say yalnız artmaqla fərqlənir. Teref.az bizimyol.info-ya istinadla xəbər verir ki, Danimarka məhdudiyyətləri tam aradan qaldırıb. Böyük Britaniyada da bu istiqamətdə ciddi addım atılır. Fransa belə davranmağı planlaşdırır. Görəsən, Avropa ölkələri karantin qaydaları ilə vidalaşmağa niyə bu cür tələsir?
Hər şeydən əvvəl ümumi fikir belədir ki, hazırkı ştamm qlobal böhranın sonunu gətirəcək. Bu ştammın əsas xüsusiyyətlərindən biri uzun müddəti əhatə etməməsidir. Xəstələr, adətən, tez ayağa qalxır. Əvvəlki ştammlardan fərqli olaraq, iybilmə və dadbilmə hisslərini itirmirlər. Özü də buna uşaqlar da az yoluxmur. Yəni hadisələr həmişə arzuolunan sayılmış ümumi immunitet yaranması istiqamətində inkişaf edir.
Bundan əlavə, böhran dünyada böyük əksəriyyəti əldən salıb. Avropada məhdudiyyətlərə qarşı böyük aksiyalar keçirlir. Kanadada etiraz daha böyük miqyası əhatə etməyə başlayıb. İnsanlar yorulub. Bunu hökumətlər də yaxşı anlayır. Sanki hadisələri öz axarına buraxmaq qərarına gəliblər.
Məsələnin iqtisadi tərəfləri də var. Böyük ölkələr belə davam edə bilməyəcəyini başa düşür. İqtisadiyyatlar yalnız kiçilməklə seçilir. Böhran qarşısında geri çəkilməyə yer qalmayıb.
Danimarkanın çox qətiyyətli addım atmasını bilirik. Böyük Britaniyanın baş naziri Boris Conson karantin qaydaları ilə vidalaşmağın vaxtı çatdığını ictimaiyyət qarşısında dilə gətirib. Düzdür, krallıqda hələ də maska taxılır. Amma yaxın bir ay ərzində xeyli məhdudiyyət, bəlkə də, qadağaların hamısı aradan qaldırılacaq. Fransada küçədə maska taxmaq məcubiyyəti daha yoxdur. Avstriya da karantin qaydaları ilə sağollaşmağın zamanı yetişdiyini qərara alıb.
Bizdə vəziyyət necədir? Fevralın 2-də yoluxma sayı rekord vurub. Hökumət sanki qapanmanın tətbiqinə meylli deyil. Elə insanlar da bunu arzulamır. Hamı gözləmə mövqeyindədir, hər şeyin yaxşı olacağına ümid edirlər. Mütəxəssislərin yanaşmasına görə, yoluxmaların sayı artsa da, hazırkı ştamm əvvəlkilər kimi təhlükəli deyil.